Polisin marağı...

polisin-maragi
Oxunma sayı: 2765

Nadir Qocabəyli

Bu gün “Əli və Nino” kitab mağazaları şəbəkəsinin sahibi Nigar Köçərli Nəsimi Rayon Polis İdarəsinin rəisi, polis polkovniki Musa Musayev tərəfindən təhqir olunub və hədə-qorxuya məruz qalıb.

Hadisənin təfərrüatı barədə saytlarda məlumat verildiyindən, sadəcə ümumi xülasə ilə kifayətlənəcəyəm. Demək, Nigar xanımın iş yerindəki seyfindən 13 min manatdan artıq pul oğurlandıqdan sonra o, təbii ki, polisə müraciət edib. Beş ay müddətində heç bir tədbir görülmədiyi üçün zərərçəkən başqa instansiyalara - Nəsimi rayon Prokurorluğuna, Baş Prokurorluğa, DİN-ə, Prezident Aparatına yazmağa məcbur olub və bundan sonra polis idarəsinə çağırılaraq təhqirlərə və hədə-qorxulara tuş gəlib.

Nigar xanım tanınmış şəxsdir, ona yaxın kitab mağazasından ibarət şəbəkəyə rəhbərlik edir. Mütəmadi olaraq mətbuata, televiziyaya çıxdığından, kitabla bağlı problemlərə toxunduğundan, düşünürəm ki, həm hakim dairələr, həm ictimaiyyət, həm də xarici ölkə səfirliklərinin təmsilçiləri onu yetərincə yaxşı tanımalıdırlar. Belə geniş ictimai fəaliyyətlə məşğul olduğundan, çox güman ki, bütün dairələrdə və səviyyələrdə müəyyən əlaqələrə də malikdir. Yəni Nigar xanım üçün hər hansı məsələni ictimailəşdirmək xüsusi bir zəhmət tələb etmir. Elə FB-də bircə status yazması yetər və artıq bildiyimiz kimi, elə belə də edib.

Odur ki, məntiqlə gərək hüquq-mühafizə orqanları onunla bir qədər ehtiyatlı, mədəni davrana, məsələnin “şişməsinə” rəvac verməyəydilər. Yəni əslində polislər adi, sıravi vətəndaşa göstərdikləri ənənəvi kobud, lotuyana münasibəti Nigar Köçərliyə, həm də onun şəxsində artıq bütün ölkəyə və bəlkə də, dünyaya nümayiş etdirməli deyildilər. Bunun üçün onlarda ən azı dövlət mənafeyi təfəkkürü olmalıdır.

Ancaq buradan belə bir nəticə də çıxarmaq olar: tanınmış, geniş əlaqələri və müəyyən imkanları olan şəxslə bu cür davranılırsa, gör adi vətəndaşın başına nə oyun açırlar.

Bir də Nigar xanımın yerində kişi cinsindən olan birini təsəvvür edək: yəqin ki, o polis idarəsindən yumruqlanıb-təpiklənmiş, qol-qabırğası qırılmış şəkildə çıxardı. Bəlkə də, heç çıxmazdı. Az olub, məgər? Elə özünü pəncərədən “atanları” xatırlasaq yetər...

Sıravi vətəndaş demişkən, təxminən on beş il əvvəl başıma gələn bir hadisəni xatırlamaqda, məncə, yarar var. Sahil metrosunun çıxışında bir yer kirayələyib vətəndaşlara tərcümə xidməti göstərirdim. Yer kiçik, qiyməti isə xeyli baha idi. Doğrusu, bu yeri icarəyə götürərkən böyük risk etdiyimi düşünmüşdüm. Amma elə oldu ki, işlər mənim gözlədiyimdən xeyli yaxşı getməyə başladı. Verdiyim 300 min manat (150 şirvan) icarə haqqını bir həftəyə çıxartdım və ayın yerdə qalan üç həftəsini özümə işləyəcəkdim. Çox sevinirdim.

Metroda pula görə ona-buna sataşan, ilişən, vətəndaşları arxadakı otaqlarına aparıb ciblərini yoxlayan polislərə də dedim ki, gətirdikləri hər bir müştəriyə görə 25 faiz mükafat alacaqlar. Onlar da bundan əməlli-başlı faydalanır, daha camaata o qədər ilişmirdilər.

Bir gün polislərdən biri iki sənəd gətirdi və rəislərinin olduğunu dedi. Mən də tərcümə edib, notariusda təsdiq etdirdim və pul almadım. Ertəsi gün mənə dedilər ki, rəis səni yanına çağırır, hansısa sənədləri tərcümə etdirmək istəyir. Məcburən rəisin oturduğu Nizami stansiyasına getdim. Oradakı rəis məni hörmətlə qəbul edib, sənədlərin 28 May metro stansiyası yaxınlığında yerləşən Ağır Cinayətlərə Dair İstintaq İdarəsində oturan Vahid müəllimdə (soyadını, təəssüf ki, unutmuşam, göygöz bir adam idi) olduğunu və məni gözlədiyini söylədi.

Dərhal ora getdim. İlk baxışda “Qisas və Qanun” hind filmindəki Qabbar Sinki xatırlatsa da, gözləri göy olan Vahid müəllim məni qəbul edən kimi, stolunun siyirməsindən bir kağız çıxarıb, qarşıma qoydu və dedi:

“Oxu!” Oxudum. Hansısa dini icmanın müraciətiydi, camaatı hakimiyyətə qarşı mübarizəyə səsləyirdi. “Bunun mənə nə dəxli var?” – soruşdum. Qayıtdı ki, bu kağız sənin kompüterindən çıxıb. Dedim, kompüteri yoxlaya, ekspertizaya verə bilərsiniz, mənim kompüterimdə heç bu mətnin yazıldığı şriftdən də yoxdur. Amma adam heç nə eşitmək istəmirdi. Dəstəyi götürüb Metropoliten idarəsinə zəng vurdu və mənim dövlətin idarəsində dövlət əleyhinə işlərlə məşğul olduğumu xəbər verdi. Dəstəyi qoyandan sonra ona dedim ki, adamın vicdanı, namusu, kişiliyi olar. Səninlə yerli olduğuma görə xəcalət çəkirəm (metrodakı rəis mənə onun İmişlinin Sarıxanlı kəndindən olduğunu demişdi). Dərhal təhqirə keçdi. Təhqirlərinə cavab verdiyimi görüb, polis çağırdı və üç nəfər polis gəlib, məni yaxınlıqdakı Şəfəq kinoteatrı ilə üzbəüz bölməyə apardılar.

Orada bir sutka saxlanıldıqdan sonra dostlarımın köməyi ilə azadlığa çıxdım və dərhal iş yerimə qayıtdım. Mənə dedilər ki, daha bu yerdə işləyə bilməzsən, şələ-küləni də götür get. Tağı müəllim özü şəxsən sənin buradan çıxarılmağına göstəriş verib.

Qaldım işsiz. O adama qarşı nifrətimin həddi-hüdudu yox idi. Özümü Remarkın “Zəfər tağı” romanının işgəncələrə məruz qalmış baş qəhrəmanı Ravik kimi hiss edirdim. İş yerimin əlimdən alınmasının səbəbləriylə bağlı məlumat toplamağa çalışdım.

Məlum oldu ki, həmyerlim olan müstəntiq Sahil metrosu ilə üzbəüz yerləşən Tərcümə firmasının sahibi olan xanımla hansısa şübhəli əlaqələri varmış və məni də onun alverini “öldürdüyümə” görə şeytanlayıb...

İndi Nigar xanıma verilən “bu iş bizə maraqlı deyil” cavabını oxuyanda istər-istəməz bu hadisəni xatırladım və düşündüm: “Aradan 15 il keçib, amma polisin maraqları hələ də vətəndaşların və dövlətin marağıyla üst-üstə düşmür...”

P. S. Sonralar Sahil metrosunda işləyən polislərdən biri mənə dedi ki, onlara mənim üzümə durmaq təklif olunub, ancaq heç biri razılaşmayıb. Vahidin isə bir müddət sonra işdən çıxarıldığını eşitdim.