Prezidentin qızını heyran edən Reyhan kimdir? - Video

prezidentin-qizini-heyran-eden-reyhan-kimdir
Oxunma sayı: 14320

Xəbər verdiyimiz kimi, ABŞ prezidentinin baş müşaviri və ölkə başçısının qızı İvanka Tramp nümayəndəsi olduğu Qlobal Sahibkarlıq Sammitində 15 yaşlı azərbaycanlı qızın uğurlarından danışıb. Hələ gənc olmasına baxmayaraq Reyhan Camalovanın böyük işlər gördüyünü vurğulayan prezident qızı çıxışına “sənin parlaq zəkan və gərgin əməyin bizim hamımızı ruhlandırır” sözlərini də əlavə edib.

Sözügedən çıxışın videosu dünəndən sosial şəbəkələrdə böyük maraqla qarşılanıb və müzakirələrə səbəb olub. 

“Qafqazinfo” Reyhan Camalova ilə  bağlı bəzi məlumatlar əldə edib. O, Gənclik İstək liseyinin 9-cu sinif şagirdidir. Hər zaman dərslərində uğurlu olan Reyhan sinif yoldaşları ilə birlikdə yağış suyundan enerji istehsal edən Reynerci (Rainergy) qurğusunu yaradıb.

Həmin layihəsi ilə də hazırda Hindistanda keçirilən Qlobal Sahibkarlıq Sammitində iştirak edir. Layihə ilk mərhələlərdən uğurla keçib və bu günlərdə yarımfinal və final mərhələsində təmsil olunacaqlar. 

Reyhan 5 yaşından kiçik "ixtira”lar etməyə başlayıb. "Robotlar”, kağızlardan xüsusi qurğular düzəldib. Qeyri-adi istedada malik bu gənc gələcəkdə dünyada dönüş yaradacaq layihələrə imza atmağı, "Nobel” mükafatını qazanmağı qarşısına məqsəd qoyub. Gənc ixtiraçı dünyada özündən sonra Lütfizadə kimi iz qoymaq istəyir: "Ən böyük arzum bütün dünyanı lərzəyə gətirəcək kəşflərə imza atmaqdır. İnanıram ki, kiçik ixtiralarım məni bu yola aparır. İnsanlığa xeyri olan biri olmaq istəyirəm”.

***

Əldə etdiyimiz məlıumata görə, Qlobal Sahibkarlıq Sammitində dünyanın hər yerindən yeni sahibkar, sərmayəçi və dəstəkləyiciləri bir araya gətirən məşhur ənənəvi illik sahibkarlıq tədbirində ölkəmizdən ClimateLaunchpad məzunlarından olan Reyhan Camalova mentoru Leyla Tağizadə ilə iştirak edir. Leyla Tağızadə həm də ClimateLaunchpad akselerator proqramının əsas mentorlarından biridir və Reyhanın layihəsi 6-7 May ayından başlayan ClimateLaunchpad proqramı çərçivəsində dəstəklənməyə başlanmışdır və proqramın avqust ayındakı Ölkə Finalından sonra da dəstəklənməyə davam edir.

ClimateLaunchpad proqramının ölkəmiz üzrə rəsmi təşkilatçısı və tərəfdaşı Social Innovation Lab –dir.

Günel Hacı