Qabiliyyət imtahanlarında bu dəyişikliklər oldu

qabiliyyet-imtahanlarinda-bu-deyisiklikler-oldu
Oxunma sayı: 2772

2019/2020-ci tədris ili üçün keçiriləcək qabiliyyət imtahanlarının müsabiqə şərtlərində bəzi dəyişikliklər edilib. Dövlət İmtahan Mərkəzindən “Qafqazinfo”ya daxil olan məlumata görə, ödənişli və dövlət sifarişli ixtisaslar üzrə müsabiqədə iştirak etmək üçün qoyulan tələblər eynidir.

V qrupun ixtisasları üzrə qəbul (cari ilin məzunları üçün buraxılış) imtahanında topladığı ümumi balı 60, qabiliyyət imtahanının yekun nəticəsi balla qiymətləndirilən ixtisaslar üzrə qiyməti 6, məqbulla qiymətləndirilən ixtisaslar üzrə isə qiyməti məqbul olan abituriyentlər müsabiqəyə buraxılırlar.    

Yeniliklərdən biri kimi qeyd edə bilərik ki, dizayn ixtisası “Təsviri sənət” istiqamətinə daxil edilib. Bu ixtisas üzrə qabiliyyət imtahanlarında abituriyentlərə imtahan tapşırıqları və imtahan fənləri üçün sərbəst seçim imkanı verilib. Abituriyentlər 1-ci rəsm imtahanında iştirak etməlidirlər. Rəsm imtahanında abituriyentə çəkmək üçün antik baş və ya ornament olmaqla 2 tapşırıq təklif ediləcək. O çəkəcəyi tapşırığı qeydiyyatdan keçərkən seçməli və imtahanda həmin tapşırığı işləməlidir. Rəsm imtahanından müsbət (5 və daha çox) qiymət almış abituriyentlər 2-ci imtahan (rəsmxət və ya kompozisiya fənlərindən 1-i olmaqla) verməlidirlər. 2-ci imtahanı hansı fənn üzrə verməsi üçün də abituriyentlərə sərbəst seçim imkanı verilib. Belə ki, onlar qeydiyyatdan keçən zaman 2-ci imtahanı hansı fənn üzrə (rəsmxət və ya kompozisiya) vermək istədiyini qeyd etməlidirlər. Dizayn ixtisası üzrə qabiliyyət imtahanları Bakı və Gəncə şəhərlərində keçiriləcək. Bu ixtisas üzrə Gəncədə keçiriləcək qabiliyyət imtahanının fənləri rəsm və rəsmxət olacaq. Dizayn ixtisası üzrə qabiliyyət imtahanının yekun nəticəsi məqbulla qiymətləndirilir.

Bundan başqa, bu il orta ixtisas təhsili müəssisələrinin xüsusi qabiliyyət tələb edən ixtisasları üzrə qabiliyyət imtahanlarında bəzi yeniliklərin tətbiq edilməsi nəzərdə tutulub. Belə ki, bu il ilk dəfə olaraq “Musiqi sənəti” istiqamətinin müvafiq ixtisasları üzrə musiqi nəzəriyyəsi və solfecio fənnindən imtahanlar test üsulu ilə keçiriləcək. İmtahanın nəticəsi 30 ballıq şkala ilə qiymətləndiriləcək. 15 və daha yüksək bal toplamış abituriyentlərin nəticəsi məqbul hesab ediləcək.