“Qadınları təbrik etməyə xəcalət çəkirəm”

qadinlari-tebrik-etmeye-xecalet-cekirem
Oxunma sayı: 644

“Qafqazinfo”nun məlumatına görə, tədbirdə Ziyalılar Forumunun üzvləri Eldar Namazov, Gültəkin Hacıbəyli, Ramiz Rövşən, Eldəniz Quliyev, Cəmil Həsənli, Rafiq Əliyev və ölkənin ictimai və siyasi həyatında fəal olan bir sıra tanınmış qadınlar, hüquq müdafiəçiləri, jurnalistlər və gənclər iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan Ziyalılar Forumunun üzvü Gültəkin Hacıbəyli qeyd edib ki, əslində bu tarix bizi bayram ovqatına kökləyə bilmir: “Bayram əhval-ruhiyyəsi ona görə yoxdur ki, hər gün hərbi hissələrdə döyülərək öldürülən əsgərlərin xəbəri yayılır. Bu problemlər cəmiyyətin bir parçası olan qadınlardan yan keçə bilməz, çünki ana olaraq anaların göz yaşları qurumur. Ona görə də mən qadınları təbrik etməyə xəcalət çəkirəm. Tədbirdəki qadınlara səslənirəm ki, gəlin etiraz səsimizi ucaldaq. Təcili olaraq bu problemlər həllini tapmalıdır. Çünki bu, bir insanlıq məsələsidir. Gənclərin 10 mart aksiyasına dəstək olaq”.

Tədbirdə çıxış edən digər tanınmış şəxslər də Azərbaycanı necə gördükləri barədə müzakirələr aparıblar. Bütün qadınları bir olmağa səsləyiblər: “Biz bir olsaq 2013-cü il seçkilərinə dəstək ola bilərik. Problemlərin həll olunması üçün qadınların bir fəaliyyət göstərməsi də çox vacibdir”.

Qeyd edək ki, sonda əsgər ölümlərinə etiraz olaraq qadınların bəyanatının da yayılacağı bildirilib.

Tədbir 8 Mart Beynəlxalq Qadınlar Günü münasibətilə iştirakçılara ziyafət verilməsi ilə yekunlaşıb.

Günel