Qafqaz Universitetində beynəlxalq konfrans keçirilir

qafqaz-universitetinde-beynelxalq-konfrans-kecirilir-
Oxunma sayı: 637

“Qafqazinfo“nun məlumatına görə, toplantının məqsədi İKT-nin müxtəlif sahələrdə tətbiqinə dair yeniliklər, dünya təcrübəsi ilə tanış olmaq, həmçinin Azərbaycanın bu sahədəki uğurlarını paylaşmaqdır.

Konfransın açılış mərasimində Qafqaz Unviersitetinin prorektoru, professor Cihan Bulut çıxış edərək iştirakçıları salamlayıb. C. Bulut qonaqlara Qafqaz Universitetinin fəaliyyəti, Azərbaycanın iqtisadi durumu, İKT-nin tətbiqi sahəsindəki nailiyyətləri barədə söz açıb. O, universitet məzunlarının Azərbaycanda və xaricdə İKT sferasında peşəkar kadrlar kimi fəaliyyət göstərdiklərini vurğulayıb.

Mərasimdə konfransın əsas sponsorlarından biri olan Azercell Telekom MMC-nin Korporativ Ünsiyyət şöbəsinin rəhbəri Ülviyyə Həsənzadə çıxış edib. İKT sahəsində Qafqaz Universitetinin cəmiyyətə xüsusi töhfə verdiyini bildirən Ü.Həsənzadə Azercellin bu təhsil ocağı ilə birgə layihələrindən söz açıb: „Tələbələr üçün 3G test laboratoriyası, Azercellin dəstəyi ilə həyata keçirilən Mobil Texnologiya kursları və Barama İnnovasiya Mərkəzinin fəaliyyəti ölkəni daha peşəkar kadrlarla təmin etmək üçün insan qaynaqları sahəsinə etdiyimiz ən böyük yatırım kimi nəzərdən keçirilə bilər”.

Ülviyyə Həsənzadə ötən ilin noyabrında ilk dəfə Azərbaycanda TeliaSonera qlobal telekommunikasiya şirkətlər qrupunun təşkilatçılığı və Azercellin ev sahibliyi ilə keçirilmiş beynəlxalq “Mobil Rabitə və Sosial İnkişaf” Konfransı haqqında da məlumat verib.

Qeyd edək ki, konfransda müxtəlif ölkələrin İKT üzrə ekspertləri, Azərbaycanda fəaliyyət göstərən müxtəlif qurum və strukturların nümayəndələri iştirak edir və dünyanın 31 ölkəsindən 250-dən çox elmi məqalə daxil olub.

İKT-yə həsr edilmiş beynəlxalq tədbir 3 gün davam edəcək. Növbəti günlərdə keçiriləcək 12 plenar sessiya boyunca kommunikasiya, şəbəkə və avadanlıq, İKT-nin humanitar və ictimai elmlərdə, tədqiqatarda tətbiqi, bu texnologiyaların dövlət və idarəçəlikdə, həmçinin biznes, idarəetmə və iqtisadiyyatda tətbiqinə dair müzakirələr aparılacaq.

Nigar Məmmədli