“QHT-lər bölgələrdə də qeydiyyatdan keçə bilər” – Təşəbbüs

qht-ler-bolgelerde-de-qeydiyyatdan-kece-biler-tesebbus
Oxunma sayı: 674

Şura sədrinin fikrincə, QHT-ləri bölgələrdə qeydiyyata almaq əlavə xərcləri azaldar, insanların buna görə Bakıya gəlməsinə ehtiyac olmaz: “Niyə Gəncədə, başqa bölgələrdə QHT-lərin qeydiyyatı həyata keçirilməsin?”

Azay Quliyev deyib ki, Qeyri-hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası QHT-lərlə bağlı dörd qanun layihəsi hazırlayıb: “Noyabrın 1-də “Peşə birlikləri haqqında” və “İctimai iştirakçılıq haqqında” qanun layihələrinin müzakirəsi başlayacaq. İctimai müzakirələrdən, QHT sektorunun və deputatların fikirlərini öyrəndikdən sonra qanun layihələrini Milli Məclisin yaz sessiyasının gündəliyinə daxil edilməsini təklif edəcəyik.

“QHT-lər, ictimai birliklər və fondlar haqqında” qanun var. Amma bu qanun peşə birliklərinin fəaliyyətini tam tənzimləmir. Dünya ölkələrində müəllimlər, həkimlər, hətta diş həkimləri assosiasiyaları var. Amma Azərbaycanda bunlar yoxdur. Yeni qanun qəbul olunsa, peşə birliklərinin inkişafını təmin edər.

İctimai iştirakçılıq da Azərbaycanda yeni bir sahədir. Azərbaycanda hamı ictimai nəzarətdən danışsa da, bunun mexanizmi məlum deyil. İctimai nəzarətin mexanizmi necədir? Bu, qanunvericilikdə təsbit olunmalıdır. Amma yoxdur. Hesab edirəm ki, ictimai iştirakçılıq ölkədə ümummilli proqramların hazırlanması, icrasından başlamış ictimai nəzarətəcən böyük bir sahəni əhatə etməlidir. Bunun konkret mexanizmləri müəyyənləşməlidir. Ona görə də “İctimai iştirakçılıq haqqında” qanun aktualdır”.

Şuranın hazırladığı digər layihələr isə “Korporativ sosial məsuliyyət haqqında” və “Sosial sifariş” haqqında qanun layihələridir. Azay Quliyev hesab edir ki, korporativ sosial məsuliyyətin mahiyyəti tam dərk olunmur: “Xüsusən də özəl sektorun təmsilçiləri sosial məsuliyyəti bölüşmək, sosial layihələri maliyyələşdirmək, ictimai sərmayələri genişləndirməklə bağlı addım atmırlar. Ad çəkmək istəmirəm, amma atılan addımlar, maliyyələşdirilən layihələr də reklam xarakteri daşıyır. Şirkət pulu verir və jurnalistlərə deyir ki, məni tərifləyin, yaxud da heç nə yazmayın.

Azərbaycanda imzalanan neft müqavilələrində xüsusi bənd var ki, neft şirkətləri əldə etdikləri gəlirin sazişlə müəyyənləşdirilən hissəsini sosial sərmayəyə yatırmalıdır. Ən azı gəlirin 4-5 faizini ayırmalıdırlar. Gəlin baxaq görək neft şirkətləri bunu edirmi? Adi bir monitorinq aparsaq məlum olar ki, çox cüzi vəsait ayrılır. Bu da ya şəffaf deyil, ya da ehtiyac duyulan sahələrə yönəlmir. “Korporativ sosial məsuliyyət haqqında” qanunla bunu tam tənzimləmək olar”.

“Sosial sifariş haqqında” qanun layihəsi isə, Azay Quliyevin sözlərinə görə, hökumətin bir çox sahələrdə QHT-lərə, bələdiyyələrə sosial sifariş verməsini nəzərdə tutur.