Rafiq Tağının qatillərinin tapılması tələb edilir

rafiq-taginin-qatillerinin-tapilmasi-teleb-edilir
Oxunma sayı: 642

Ictimai məzmunlu kəskin yazıları ilə tanınan, bu yazılarına görə bir vaxtlar inandırıcı olmayan ittihamlarla cinayət cəzası da alan Rafiq Tağı 19 noyabr 2011-ci il tarixdə kimliyi bilinməyən şəxslər tərəfindən bıcaqlanmış, 4 gün sonra müalicə aldığı xəstəxanada qəflətən vəfat etmişdi.

Mərhum yazarın qətlə yetirilməsinin araşdırılması ilə bağlı ciddi ictimai narahatlıq var. Mərhum yazarın yaxınları, vəkilləri istintaqın obyektivliyini, hərtərəfli araşdırmaların aparılmasını şübhə altına alan bəyanatlar veriblər. İctimai rəydə narahatlıq ifadə edən belə suallar var. Qətlin istintaqını hüquq mühafizə qurumlarının rəhbər şəxslərindən ibarət tərkibdə xüsusi qrup aparır. Ancaq istintaq tamamilə qapalı tutulur. R.Tağının qətli ilə bağlı müxtəlif fərziyyələr irəli sürülüb. Həmin fərziyyələrin araşdırılıb-araşdırılmaması kimi istintaqın gedişinə zərər verməyən ümumi xarakterli bilgiləri belə istintaq ictimaiyyətlə bölüşmür.

Mərhum yazarın qətlini paralel olaraq ictimai təhqiqat qrupu da araşdırıb. Qrupun araşdırmalarına görə, hadisə baş verən ərazidə 20-dən çox müşahidə, təhlükəsizlik kameraları quraşdırılıb. Rəsmi istintaq qrupla əməkdaşlıqdan imtana etdiyi üçün həmin kameralardakı görüntülərlə tanışlıq mümkün olmayıb. Bəzi kameralardakı görüntülər ümumiyyətlə unudulub, rəsmi istintaq ictimai təhqiqat qrupunun açıqlamalarından sonra həmin görüntülərlə tanış olub.

Mərhum yazarın vəkillərinin daha detallı araşdırma üçün verdikləri vəsadətlərin diqqətə alınmaması istintaqa yönəlik sualları daha da artırır. İstintaq ərazidəki müşahidə və təhlükəsizlik kameralarının yaddaşının müvafiq qurumlardan alınması, ərazi üzrə mobil telefon lokalizasiyalarının və onların hərəkət trayektoriyalarının operatorlardan alınması haqda qərarların verilməsi haqqında vəkillərin vəsadətlərini rədd edib. Xəstəxanaya yerləşdirilmiş mərhum yazarın təhlükəsizliyinə cavabdeh olmuş şəxslərin dindirilməsi, onun təhlükəsizliyinin təmini ilə bağlı hüquq mühafizəı qurumlarının müvafiq qərarların surətlərinin təqdim olunması, hüquq mühafizə qurumlarının ərazi üzrə agenturasının dindirilməsi barədə vəsadətlər də heç bir əsas göstərilmədən təmin olunmayıb. İstintaq R.Tağının sağlıq tarixçəsini mərhumun yaxınlarına və vəkillərinə verməkdən də imtina edib.

Media Hüququ İnstitutu hökumətə jurnalistlərin, yazarların bütün qətl hallarını, eləcə də zorakılıq aktlarını və onların ünvanına yönələn fiziki hədələrin təhqiqatını aparmaq öhdəliyini xatırladır, Rafiq Tağının qatillərinin ən qısa zamanda tapılmasını təmin edən addımlar atmağa çağırır. MHİ eyni zamanda qətli araşdıran hüquq mühafizə qurumlarını istintaqın məxfiliyinə xələl gətirməyən bilgiləri ictimaiyyətlə bölüşməyə, hesabat verməyə dəvət edir.