“Sahibkarlardan xahişim budur ki, onları narahat edən məqamları...” - DGK sədri

sahibkarlardan-xahisim-budur-ki-onlari-narahat-eden-meqamlari
Oxunma sayı: 2351

İyunun 21-də Bakı şəhərində, “Hilton” otelində iş adamları ilə “Gömrük və sahibkarlıq” mövzusunda görüş keçirilib.

“Qafqazinfo”nun məlumatına görə, tədbiri Dövlət Gömrük Komitəsi və Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası birgə təşkil edib.

Görüşdə Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-leytenantı Səfər Mehdiyev, Milli Məclisin iqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Ziyad Səmədzadə, İqtisadiyyat nazirinin müavini Niyazi Səfərov, Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının prezidenti Məmməd Musayev iştirak ediblər.

Məmməd Musayev gömrük sahəsində islahatların uğurla həyata keçirildiyini və konkret nəticələrin əldə olunduğunu qeyd edən M. Musayev sahibkarliq subyektlərinin də bu islahatlarin səmərəliliyinin artırılmasına töhfə verəcəyinə ümidvar olduğunu diqqətə çatdırıb.

Görüşdə çıxış edən Səfər Mehdiyev bildirib ki, sahibkarlığın inkişafı üçün yaradılmış münbit şərait, strateji yol xəritələri, yerli istehsalın artırılması məqsədilə həyata keçirilən tədbirlər Azərbaycanda özəl sektora diqqət və qayğının nəticəsidir.


Səfər Mehdiyev diqqətə çatdırıb ki, 2016-cı ildən etibarən gömrük orqanlarında islahatların aparılması istiqamətində dövlət başçısının tapşırıqlarından irəli gələn müəyyən işlər görülüb. Hazırda idxal-ixrac əməliyyatlarının, gömrük prosedurlarının sadələşdirilməsi məqsədilə işlər davam etdirilir. Sahibkarlığın inkişafında gömrük xidmətinin də mühüm rol oynadığını deyən Komitə sədri, bununla əlaqədar son vaxtlar iş adamları və gömrük əməkdaşları arasında davamlı görüşlərin keçirildiyini, sahibkarların rəy və təkliflərinin öyrənildiyini bildirib.

Qeyd edilib ki, istər gömrük-biznes münasibətlərinin şəffaf şəkildə qurulması, sahibkarların hüquqlarının qorunması, istərsə də qanunvericilik bazasının təkmilləşdirilməsi, gömrük tarifləri və digər məsələlərlə bağlı bütün təkliflər nəzərə alınır.

DGK sədri vurğulayıb ki, Azərbaycan Prezidentinin gömrük xidməti qarşısında qoyduğu vacib tapşırıqların ən birincisi sahibkarların yanında olmaq - tam şəffaflığın təmin edilməsi və korrupsiya hallarına qarşı mübarizənin gücləndirilməsidir.

“Sahibkarlardan xahişim budur ki, onları narahat edən məqamları rəsmi və qeyri-rəsmi şəkildə bildirsinlər” - deyən Komitə sədri, sahibkarlar və gömrük xidməti arasında işgüzar əməkdaşlığın bundan sonra da davam etdiriləcəyinə əminliyini bildirib.

Gömrük orqanlarının hər zaman sahibkarların yanında olduğunu diqqətə çatdıran Komitə sədri, islahatların sürətlə davam etdiriləcəyini və gömrüklə bağlı bütün porblemlərin qarşılıqlı şəkildə müzakirə edilərək qısa zaman kəsiyində aradan qaldırılacağını söyləyib.

Ziyad Səmədzadə ölkədə həyata keçirilən islahatların mahiyyətindən danışıb və gömrük sistemində bu istiqamətdə, xüsusilə şəffaflığın artırılması məqsədilə atılan addımların həm siyasi, həm də iqtisadi baxımdan mühüm əhəmiyyət daşıdığını, son aylarda gömrük daxilolmalarının əhəmiyyətli dərəcədə artmasının da bu çərçivədə görülən məqsədyönlü işlərin uğurlu nəticəsi olduğunu bildirib.

Niyazi Səfərov qeyd edib ki, son dövr gömrük orqanlarında həyata keçirilən islahatlar ölkənin iqtisadi təhlükəsizliyini təmin etməklə yanaşı, sahibkarlıq mühitinin də yaxşılaşdırılması və biznes mühitinin inkişafında mühüm rol oynayıb.

Daha sonra tədbirdə çıxış edən sahibkarların rəy və təklifləri dinlənilib, onları maraqlandıran suallar cavablandırılıb.

Görüşün sonunda Dövlət Gömrük Komitəsi ilə Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası arasında əməkdaşlıq memorandumu imzalanıb. Sənədi Səfər Mehdiyev və Məmməd Musayev imzalayıblar.