Şəminin, Şöşünün ümidinə qalmaq

seminin-sosunun-umidine-qalmaq
Oxunma sayı: 4541

Seymur Verdizadə

Oktyabr ayının əvvəllərində “Maşın şou”nun “Xanımlar və cənablar” adlı yubiley buraxılışına start veriləndə, açılış mərasimində Murad Dadaşov belə demişdi: “Bura Azərbaycan cəmiyyətinin tanınmış simaları təşrif buyurublar. Manaf Ağayevi, Vaisf Məhərrəmlini, Üzeyir Mehdizadəni ehtiramla salamlayıram”.

Çox güman ki, Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti Akif Əlizadə həmin məclisə təşrif buyursaydı, Murad Dadaşov onu salamlamayacaqdı. Çünki tanımayacaqdı. Axı bizim ölkəmizdə müğənnilər akademiklərdən daha çox tanınırlar. Vicdanını itə qapdırmış bir tanışım iddia edir ki, Azərbaycan xalqı Üzeyir Mehdizadəni Üzeyir Hacıbəylidən çox sevir.

Şou biznes əhli dünyanın hər yerində populyardır. İlk dəfə türk qəzetləri ilə tanış olanda dəhşətə gəlmişdim. “Hürriyyət”, “Milliyyət”, “Sabah” kimi populyar nəşrlərin birinci səhifəsini Hülya Avşarın, Sibel Canın, Məltəm Haqqararın yarıçılpaq şəkilləri “bəzəyirdi”. Aparıcı partiyaların sədrləri, millət vəkilləri Hülya Avşarın “ayaqları altında qalırdı”. Türkiyədə şou əhli televiziyalarda, mətbuatda siyasətçilərdən, elm adamlarından daha çox təbliğ olunsa da, heç kim onlara “tanınmış sima” “cəmiyyətin qaymağı” demirdi. Hülyanın adı üstündə idi...

Bir dəfə ANS-də “Açıq söhbət” verilişinin qonağı olanda həmkarım Elçin Əlibəyli məndən soruşdu ki, cəmiyyət, xüsusilə, jurnalistlər şou əhlinə qarşı niyə bu qədər aqressivdir? Etiraf edim ki, oxşar suallarla tez-tez qarşılaşıram. Çox adama elə gəlir ki, ziyalılar, jurnalistlər sənət adamlarının paxıllığını çəkirlər. Əlbəttə, bu cür hallar istisna deyil. Aydın məsələdir ki, yumurtadan dünən çıxan müğənni qızın 150 min manatlıq maşın sürdüyünü görəndə, 40 illik staja malik olan müəllim, həkim, mühəndis ah çəkəcək, məyus olacaq. Şəxsən mən də bu cür hallarla qarşılaşanda pərişan oluram, üzülürəm. Amma burda söhbət paxıllıq hissindən getmir. Söhbət ondan gedir ki, həmin adamlar yavaş-yavaş cəmiyyətdə etalona çevrilirlər. Nəticədə, gənc oğlanlarımız Akif Əlizadədən çox Üzeyor Mehdizadəyə bənzəməyə, Üzeyir Mehdizadə olmağa can atırlar. Başa düşürəm, bu ölkəyə alim də lazımdır, müğənni də. Amma səviyyəli müğənni lazımdır.

Bizim davamız xalqın musiqi zövqünü korlayan savadsız, kütbeyin müğənnilərlədir. Otuz ildə 30 səhifə kitab oxumayan adam arxasınca apardığı gənclərə parlaq gələcək bəxş edə bilməz. Cəmiyyət səhər gözünü Rəksanənin zövqsüz mahnıları ilə açıb, axşam Üzeyir Mehdizadənin düşük mahnıları ilə yumanda inkişafdan geri qalacaq. Biz artıq bu mərhələyə qədəm qoymuşuq. Buna görə də gənc yazarlar bir-birilərinə lağ edəndə deyirlər ki, filankəs “Nobel” mükafatı laureantıdır. Yaxud, gənc rejissorlar bir-birilərini ələ salmaq istəyəndə deyirlər ki, filankəs tezliklə Azərbaycana “Oskar” gətirəcək. Yəni, “Nobel”, “Oskar” bizim bapbalaca ölkəmizdə əlçatmaz zirvə sayılır. Mən də o fikirdəyəm ki, Üzeyir Mehdizadənin “tanınmış sima”, “qaymaq” olduğu cəmiyyətdə “Nobel” də, “Oskar” da bir xülyadır...

Qayıdaq söhbətimizin əvvəlinə. “Maşın şou”nun populyar iştirakçılarından biri də aktyor İlkin Misgərli idi. Biz bu cavan oğlanı “Bozbaş”da yaratdığı həkim obrazından tanıyırıq. Yaxın 100 ildə Ədil İsgəndərov kimi dühanın bir daha doğulmayacağına əmin olduğum üçün İlkinin istedadını müzakirə predmetinə çevirmək istəmirəm. Şəmi də, Şöşü də, hətta Fəlakət də istedadsız adam deyil. Neyləyək, 21-ci əsrdə Allah-Təala istedadı bizə misqalla verir. Problem odur ki, bu adamlar öz cıqqılı istedadları ilə cəmiyyətdə ən populyar simalara çevrilməyə nail olublar. İlkin Misgərli “duel”ə çıxanda belə dedi: “Şəmini, Şöşünü, Ağsaqqalı sevən hər kəsdən səs gözləyirəm”.

İlkin dostumuz haqsız deyil. O, yaxşı başa düşür ki, hazırda cəmiyyəti ən çox Şəmi, Şöşü maraqlandırır...

Şəminin, Şöşünün, Fəlakətin etalona çevrildiyi cəmiyyəti hansı problemlər gözləyir? Qısaca yazım, bilməyənlər də bilsinlər: kitaba arxa çevirmək, ciddi mədəniyyətdən, əbədiyaşar sənətdən tədricən uzaqlaşmaq, duzsuz səhnəciklərə gülmək, düşük seriallara aludə olmaq, vətəndaş məsuliyyətini unutmaq, nəhayət, savadsızlığı, kütbeyinliyi həyat tərzinə çevirmək.

Biz artıq bu “yol”a qədəm qoymuşuq. İnanmayanlar üçün yaxın günlərdə baş vermiş bir hadisəni yazım, bununla da söhbətə nöqtə qoyaq.

Etnik mənşəyi mübahisə mövzusu olmayan bir həmvətənimizin 3-4 yaşlı övladının qəflətən hərarəti qalxıb. Valideynləri iki gün ərzində nə qədər çalışsalar da, uşağın qızdırmasını aşağı salmağa müvəffəq ola bilməyiblər. Axırda qonşulardan birinin məsləhəti ilə körpəni Binəqədidə yaşayan bir görücünün yanına aparıblar. Qadın uşaqdan ağzını açmağı tələb edib. Zavallı körpə çənələrini bir-birindən aralayanda, görücü qadın “lomba” ilə onun ağzına tüpürüb. Bir-iki iynə ilə uşağın hərarətini əvvəlki temperatura qaytarmağa nail olan həkimlər neçə vaxtdı tüpürcəkdən keçən infeksiyanı müalicə edə bilmirlər...