Tur Heyerdala həsr olunmuş Mini Sərgi Mərkəzindən - Reportaj

Tur Heyerdala həsr olunmuş Mini Sərgi Mərkəzindən
Oxunma sayı: 265

Qərb Universitetində dünyaca məşhur səyyah Tur Heyerdala həsr olunmuş Mini Sərgi Mərkəzi fəaliyyət göstərir.

“Qafqazinfo” xəbər verir ki, etnoqraf alim, arxeoloq, antropoloq, elmlər doktoru, professor, dünyanın bir neçə məşhur elmlər akademiyasının akademiki, səyyah Tur Heyerdal öz ekspedisiyası ilə Cənubi Amerikadan Tomatu adalarına qədər 7 min 200 kilometrlik məsafəni sadəcə sal üzərində keçməklə bəşəriyyəti heyrətə gətirib. Öz təəssüratlarını, xatirələrini, səyahət zamanı müşahidə etdiyi, tədqiqat apardığı məsələlərlə bağlı problemləri, araşdırmaları qələmə alan məşhur səyyah 10-dan artıq kitab və monoqrafiya müəllifidir.

Tur Heyerdal bütün söhbətlərində Azərbaycana vurulduğunu, bu ölkəni çox sevdiyini dəfələrlə dilə gətirirdi. O, bir sıra fərziyyələr irəli sürərək Norveç əfsanələri ilə Qobustan qayaüstü təsvirlərinin bağlılığından danışırdı. Hətta Azərbaycanla Skandinaviya ölkələri arasında əlaqələr olduğunu da kəşf etmişdir. O sübut edirdi ki, Skandinaviya tayfaları Şimali Avropaya Qara dənizdən Şərqdə yerləşən Azər ölkəsindən gəliblər. Təsdiqləyirdi ki, Norveçin eramızın 800-cü illərinə qədərki tarixini əvəz edən Skandinaviya mifologiyası vardır. O, hər bir əfsanənin gerçəklikdən qaynaqladığını da dilə gətirirdi. Qobustandakı qayaüstü rəsmlərdən həmişə heyranlıqla danışan Tur Heyerdal bildirirdi ki, Azərbaycan bəşər sivilizasiyasının son dərəcə mühüm paytaxtı olmuş, özü də sivilizasiyanın mərkəzində dayanmışdır. O, bu fikrini Qobustan qayaüstü təsvirləri ilə sübut edirdi.

***
12-20 may 2014-cü il tarixində keçirilmiş Tur Heyerdalın 100 illiyinə həsr olunmuş Film Festivalı çərçivəsində Qərb Universitetində yerləşən sərgi otağının rəsmi açılışı olmuşdur. Hal-hazırda Universitetin əsas binasının ikinci mərtəbəsində yerləşən mərkəz alimin sənədli filmləri, qəzet və jurnal məqalələri, ekspedisiyaları haqqında kitablar, bəziləri Tur Heyerdalın özü tərəfindən yazılmış xatirələr, əl yazılı açıqcalar, möhtəşəm səyahətlərindən şəkillər, eləcə də Azərbaycana səfərləri zamanı çəkilmiş fotoların daxil olduğu arxiv materiallarından ibarətdir.

Tur Heyerdalın bəzi kitabları Qərb Universiteti tərəfindən Azərbaycan dilinə tərcümə olunmuşdur: “Kon-Tiki səyahəti”, “Ra ekspedisiyası” və “Tədqiqatlar silsiləsi I-IX Kitab”.

Qobustanın şəkli əks olunmuş xüsusi poçt markalar 1999-cu ildə Tur Heyerdalın da fəxri qonaq kimi iştirak etdiyi Statoil şirkətinin Azərbaycanda yeni ofisinin açılışı münasibətilə şirkət tərəfindən sifariş edilmişdir. 

 
 
***
Pasxa adasında Heyerdalın poçt kartı. Arxa hissəsində Heyerdalın 1995-ci ildə yazdığı əl yazısı var: "Həqiqət üzərində qurulanı heç kim alt-üst edə bilməz”
 
Heyerdalı Azərbaycana Milli Elmlər Akademiyası tərəfindən maliyyələşdirilən səfər çərçivəsində görkəmli akademik Həsən Əliyev dəvət etmişdi. Azərbaycan və Skandinaviya arasında qədim əlaqələrin ola bilmə fikrini də Tur Heyerdala o təlqin etmişdi.  

Qərb Universitetinin fəxri professoru Tur Heyerdal Azərbaycana olan məhəbbəti Tur Heyerdalı dördüncü - sonuncu dəfə 2000-ci ilin payızında bu yurda gətirdi. 

Ölkəmizə böyük maraq göstərən məşhur səyyah Azərbaycanda olmaqdan həmişə məmnunluq duyurdu. Görüş zamanı ümummilli lider Heydər Əliyev köhnə dostunu mehribanlıqla qarşılayaraq dedi: "Xalqlarımız arasında əlaqələr getdikcə genişlənir. Bunun əsasını 1981-ci ildə sizinlə mən qoymuşam. Güman edirəm ki, XXI əsrdə də bu əlaqələr inkişaf edəcəkdir". Cavab nitqində isə Tur Heyerdal belə söylədi: "...Azərbaycana dəfələrlə ziyarətlərim sayəsində belə qənaətə gəlmişəm ki, ölkələrimiz arasında çay sistemləri vasitəsilə - Xəzər dənizindən Volqa, Don çaylarına keçmək və oradan da Baltik dənizi vasitəsilə Norveçlə təmasların olması köklərini araşdırmaq lazımdır".

Məşhur səyyahın bir fikri də maraqlı idi. O böyük ürəklə deyirdi ki, dünyanın harasında yaşamağımızdan asılı olmayaraq özümüzü antropoloji quruluş nöqteyi-nəzərindən "Qafqaz tipi" adlandırırıq. Biz fəxr edirik ki, bu qədər qədim, zəngin mədəniyyətə malik bir regiona, xüsusilə Azərbaycana bağlıyıq. Həmişə böyük məhəbbətlə etiraf edirdi ki, Azərbaycan mədəniyyəti Çin, Mesopotamiya mədəniyyəti qədər qədim və zəngindir. Ən böyük arzusu o idi ki, Azərbaycanı qarış-qarış gəzib xüsusi tədqiq etsin. Gəmiqaya rəsmləri Norveç qayaüstü təsvirlərinin, daş abidələrinin oxşarlığını, qohumluğunu, eləcə də ümumi cəhətlərini tədqiqə çəksin. O, Qobustan qayaüstü rəsmlərini Azərbaycan xalqının rəmzi kimi qəbul edirdi. Çox arzulayırdı ki, Naxçıvana gedərək Gəmiqayanı gözləri ilə görsün. Lakin bu arzusu həyata keçmədi. 2002-ci ilin aprelində Tur Heyerdal vəfat etdi.

...Qərb Universitetinin Sərgi Mərkəzində isə Azərbaycana daim rəğbətlə yanaşan dahi səyyahın xatirə əşyaları qorunur və sərgilənir. Universitetin tələbələri və qonaqlar bu yeri indi çox böyük maraqla və ehtiramla ziyarət edirlər.

Yazının hazırlanmasında Qərb Universitetinin saytındakı materiallardan və əməkdar jurnalist Flora Xəlilzadənin “Dünyanı heyrətləndirən səyyah” sərlövhəli məqaləsindən istifadə edilib.


 


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi