Ağ dənizin duzu - Marko Polo otelindən etüdlər

-ag-denizin-duzu-marko-polo-otelinden-etudler
Oxunma sayı: 792

- Azərbaycandansınız?
- Aha! Bakıdan 30 nəfər redaktor Azercellin ənənəvi səfərindəyik. Sən?
- Moskvadan gəlmişəm, Naxçıvandanam?
- Nəylə məşğulsan orda?
- Mağazalarım var. Çönüb dənizdə üzən uşağına nəsə deyir.
- Uşaqların Azərbaycanca bilmir?
- Böyüyü bir az bilir, balacası yox.
- ...
... .............................

Rusca sözlərin içində “Biz ağcabədililər” kəlməsini eşidib ona tərəf çönürəm. Hay-küylü axşam şousudan sonra barın ətrafındakı ukraynalı qızlar heyranlıqla Samirə söz atırlar. Bayaq səhnədə Moskvadan gəlmiş rus kimi çıxış edib. Bəyəniblər.
- Ağcabədidənsən? Ris dilində təsdiqləyir.
- Kimi tanıyirsan orda?
Bir-iki ad sadalayır...
- Aqil Abbası tanıyırsan. Odey orda oturub.
Məlum olur ki ağcabədili valideynləri Daşkənddə yaşayıblar. Özü Moskvada oxuyur. Ağcabədili olduğunu da unutmayıb!!!

......................


- Kazan yox, Krım tatarıyam.
Sevinirəm. Lap gəncliyimdən bəri Krım tatarlarıdan çox yazmışam. Çox tanıyıram onları. Krıma dönmək üçün apardıqları mücadilənin şahidiyəm. Adı İzzətdir. Soyadı Sultanov. Ay parçası kimi gözəl oğlandır. Yumri sifəti. Tatarlara məxsus qıyıq gözləri var. Uzun saçını arxadan hörükləyib. Lap filmlərdən qopub gələn tatar cəngavərlərinə bənzəyir.
- Yunus Kandımoğlunu duydunmu? Şair idi, jurnalist idi. Rəhmətə gedib. Qızı Haticə indi Bursada liseni bitirib, universitetə girməyə hazırlaşır.
- ...
- Hüsyn Şamil Toxtarqazı! Sizin klassik şairinizdir. Oxudunmu? Misralari var:
- Bu vətənə tatar oğlu varisdir,
Digərləri sahib olamaz Krıma...
- Mən Fərqanədə doğulmuşam. Uşaq idim Krıma gələndə. Yadımdadır, ruslar piket edirdilər, yollarımızı bağlamışdılar. Bizi Krıma buraxmırdılar. Bir neçə il sonra Türkiyəyə gəldik. Anam və bacımla Antalyaya yerləşmişik. Universiteti burda bitirdim. Yayda bu oteldə çalışıram.
- Krım tatarca bilirsənmi?
- Yox, amma türkcəyi burada öyrəndim.
- Eyni dildi, Krım tatarca bir az kitablar oxu. Sizin xalq çox zülm çəkib. Evlənəndə də çalış Krım-tatar qızı al.
- Artq gecdir. Sevgilim var. Moskvada yaşayır. Rus qızıdır. Qışda onun yanında qaldım üç ay. Bu il evlənəcəyik. Amma Moskvanın qışı yaman soyuq olur.

........................................

Bu Ağ dənizin də suyu çox duzludur. Bir damcı dodağını keçdimi, gözün yaşarır. İçimdəki bu hüzn də ondandı bəlkə. Yox? Sizcə?

P.S. Yazının davamı oxucuların suala cavabından və şərhlərindən asılıdır.

Kəmər.
12 iyul 2011

Rəşad Məcid