Lenin yapon agenti olub

-lenin-yapon-agenti-olub-
Oxunma sayı: 3443


1904-cü ildə Rusiya-Yaponiya müharibəsi davam edirdi. Sakit Okeandakı Rusiya hərbi gəmisinə köməyə gedən Baltik eskadriliyası 1905-ci ilin mayında Tsusima adasının yaxınlığında sulara qərq oldu. Rus ordusunun Mancuriyadakı bir neçə yüz minlik ordusu - yaponların Çindəki ekspedisiya korpusunun başında Domokl qılıncı kimi asılmışdı. Müharibənin ikinci ili Yaponiyanın ehtiyatı tükənməyə başladı. Yaponlar bu müharibənin tezliklə bitməsini istəyirdi. Ancaq bu müharibədə məğlubiyyət onların rüsvayçılığı ola bilərdi. 

Yaponiya hökuməti get-gedə anlayırdı ki, bu müharibədə Rusiyaya qalib gəlmək mümkün olmayacaq. Ölkənin büdcəsini tari-mar edən və əhalinin yorulduğu müharibənin qurtarmasında bir çıxış yolu qalmışdı: Rusiyanı sülhə istiqamətləndirmək. Belə bir vaxtda o köməyə çatdı: Motodziro Akasi.  

Rusiyanı sülhə istiqamətləndirmək üçün yapon kəşfiyyatçısı və diplomat Motodziro Akasi öz hökumətinə konkret təkliflərlə zəngin paket təqdim etdi. Həmin paketin əsas hissəsi belə idi: Rusiya imperiyasının daxilində vəziyyəti gərginləşdirmək üçün Peterburqda hökumət əleyhinə olan qüvvələri hərəkətə gətirmək, bunun üçün onlara pul ayırmaq. 

 Akasi əsasən Georgi Qaponun tərəfdarlarına ümüd edirdi. Bu, həmin Georgi Qapon idi ki, Akasi ilə görüşdən sonra 1905-ci ilin yanvarın 9-u - ədəbiyyata “Qanlı bazar günü” kimi daxil olacaq hadisəyə rəvac vermişdi. Planının baş tutması üçün məşhur kəşfiyyatşı Avropadan silah alaraq onu hansı yolla olursa-olsun Rusiyaya ötürməli idi. Həmin silahlarla imperiyanın qərb hissəsindəki millətçiləri və ölkənin mərkəzindəki müxalif təşkilatları qızışdırmaq planının baş tutacağına əmin olan Akasi - bu istiqamətdə işlərə başladı. Kəşfiyyatçının  bu təklifi Yaponiyadan böyük maliyyə vəsaiti tələb edirdi. İşin gizli qrif altında aparılmasına dair göstəriş verildi, çünki planın üstü açılsaydı bu, beynəlxalq siyasətdə avantüra kimi qiymətləndirilə bilərdi. Ancaq Yaponiyanın müharibədə çətin durumda olması ölkə rəhbərliyini bu addımı atmağa vadar etdi. Yapon hökuməti Rusiyada gərginlik yaratmaq üçün müxalifətçilərə 1 milyon yen, 1990-cı ilin dollar kursu ilə götürülərsə - 35 milyon dollar ayırdı. 

Qeyd edək ki, Rusiya hakimiyyətini devirmək üçün bolşeviklərin maliyyə vəsaiti çatmırdı. Serqo Orcenekidze və Koba ləqəbli İosifin Bakının ayrı-ayrı milyonçularından məcburən aldıqları pullar ancaq “Pravda” qəzetinin və inqilaba hazırlıq vərəqələrinin dərcinə çatırdı. Ümumilikdə isə bunlar yetərli deyildi. Çünki müxalifətin inqilabı çağırışlarının qarşısı hərbi polis tərəfindən alınır, həbslər artırdı. Yaponiya hökuməti Akasinin qarşısında vəzifələr qoydu: 1. RusiyaYaponiya ilə apardığı müharibədən geri çəkilməli. 2. Ölkədə gərginlik artmalı. 3. Hakimiyyətə gələcək yeni şəxslər Yaponiya ilə müttəfiq olmalıdırlar. 

Qısa arayış: Motodziro Akasi kim idi? Akasi Yaponiya tarixində adı qızıl hərflərlə yazılan bir agent olaraq hələ tarixdə çox yaşayacaq. O, 1904-cü ilə qədər Yaponiyanın Peterqburqdakı səfirliyində hərbi attaşe vəzifəsində çalışmışdı. Rusiyada baş verən narazılıqları, ümumilikdə zəif nöqtələrin harada yerləşməsini yaxşı bilirdi. Rus-Yapon müharibəsinin əvvəlində isə Stokholmda fəaliyyət göstərməyə başlayıb.

Beləliklə, yapon kəşfiyyatçısı Motodziro Akasi Fin Azadlıq Hərəkatının rəhbəri Koni Çilliakusla Stokholmda tanışlıq əldə etdi. Koni Çilliakus Finlandiyanın Rusiyadan ayrılması naminə çox çalışırdı. İnqilabi hərəkatın rəhbəri olan bu oğlanla tanışlıq Akasi üçün yerinə düşdü. O, məhz bu oğlan vasitəsilə Rusiyanın müxalifət qüvvələri ilə əlaqə yarada bilərdi. Nəhayət, Çilliakus və onun adamlarının vasitəsi ilə neçə milyon dollarlıq silah-sursat Rusiyaya ötürüldü. Yapon kəşfiyyatçısına bu gizli işdə Gürcüstan Sosialist-Federalist İnqilabçılar Partiyasının nümayəndəsi Georgi Dekanozov kömək edirdi. Sonralar Akasinin öz hökumətinə ünvanladığı məktublardan aydın olur ki, onun 1 milyon yenlik pulu ilə İsveçrə və Almaniyadan xeyli sayda tapançalar, tüfənglər, patronlar və partladıcılar alınıb. Silahların müxalifət qüvvələrinə çatdırılması üçün iki gəmidən istifadə edilib. Silah daşıyan əsas gəmilərdən biri “Con Qrafton” olub. Bu gəmi Finlandiya sahilindən Baltik dənizinə istiqamət götürüb. Gəmidə 16 min tüfəng, 3 min tapança, 3 milyon güllə və 3 ton partladıcı olub. 

1905-ci ilin avqustunda “Con Qrafton” gəmisi Fin sahilinə qədər gəlib çatdı, lakin yeraltı qayalığa toxunaraq batdı. Tarixdə bu gəminin batması hələ də naməlum olaraq qalır. Əsas fərziyyə onun yeraltı qayalığa toxunması söylənsə də, indiyə qədər müxtəlif ehtimallar irəli sürülməkdədir. Silahların böyük hissəsi sulara qərq oldu və Rusiyada hakimiyyəti devirmək planı ilkin vaxt üçün alınmadı.

“Sirius” adlı ikinci paraxoda isə 8,5 min tüfəng və 1,2 milyon güllə yükləndi. Onu Qara dəniz istiqamətinə sürdülər. Və 1905-ci ilin dekabrında paraxod Gürcüstan sahilinə gəlib çatdı. Fin Azadlıq Hərəkatının rəhbəri Koni Çilliakusun qeydlərinə əsasən Yaponiya hökumətinin Rusiyanın müxalifət qüvvələrinə göndərdiyi silahlar belə paylandı: 

Eserlərə - 1000 silah;

Bolşeviklərə - 5000 silah; 

Fin bolşeviklərinə - 8000 silah; 

Polşa sosialistlərinə - 5 min silah. 

Yapon kəşfiyyatçısı Motodziro Akasi fin inqilabçısı Çilliakus vasitəsilə eser təmayüllü müxalifət bloku yaratdı. Bir neçə partiyanın iştirakı ilə 1904-cü ilin payızında Parisdə konfrans keçirildi. Uzun və gərgin müzakirələrdən sonra çar Rusiyasına qarşı blokun yaradılması işi alınmadı. Akasi Georgi Qaponun tərəfdarlarına dəstək verdi və onlar 1905-ci ilin yanvarın 9-da ölkədə qanlı gün yaratdılar. Belə ki, Qaponun tərəfdarları Rusiya rəhbərliyinə qarşı aksiya keçirdilər və gülləbaran edildilər. Hakimiyyəti devirmək üçün xalqda narazılıq yarandı. Və Akasinin birinci planı “uğurla” həyata keçdi. Belə bir qanlı aksiyadan sonra 1905-ci ilin aprelində müxalifət partiyaları hakimiyyətə qarşı birləşdilər. Bu məqsədlə Cenevrədə konfrans keçirildi. Menşeviklər və bolşeviklər həmin konfransda birgə iştirak ediblər. Bolşeviklər tərəfdən Leninin çıxışının əsas tezisi Rusiya hakimiyyətini devirmək olub. Çıxışının başa çatmasından sonra başlanan gərgin müzakirələr zamanı Lenin pessimistliyə qapılıb. Və konfransı tərk edib. Anlayıb ki, öz fikrini burada yeridə bilməyəcək, çünki hakimiyyəti devirmək üçün fikir ayrılığı çox idi. O illərdə Leninin əsas tezisi belə olub: bütün müxalifət partiyaları hakimiyyətə qarşı çıxış etməli və onu devirməlidir. Məhz burada Lenin yapon kəşfiyyatçısı Akasi ilə həmin konfrans zamanı görüşüblər və o, silah yardımına görə öz təşəkkürünü çatdırıb. 

Yaponiyanın milyon yenlik silahından sonra bolşeviklər xalq arasında hakimiyyətə qarşı narazılıq yarada bildilər. Rusiyanın müharibədə uduzması isə narazılığı daha da artırdı. İlkin vaxtlarda Yaponiya hökumətinin ayırdığı maliyyə vəsaitindən yararlanan kasıb təbəqənin sevimlisi Vladimir Ulyanov sonrakı illərdə Almaniya markasından yararlanaraq o ölkənin agentinə çevriləcəkdi.