“100 manat verib gedirik, qazancımız da yola xərclənir” - Video

100-manat-verib-gedirik-qazancimiz-da-yola-xerclenir
Oxunma sayı: 1509

Tovuz Rayon Mərkəzi Xəstəxanasının Vərəm şöbəsində çalışan bir qrup tibb işçisinin iş yeri Ağciyər Xəstəlikləri Mərkəzinin Şəmkir Regional Xəstəxanasına dəyişdirilib.

“Qafqazinfo”nun Xəzər TV-yə istinadən məlumatına görə, qərar qüvvəyə minəndə həmin tibb işçilərinə bildirilib ki, yol xərcləri qarşılanacaq və ya nəqliyyatla təmin olunacaqlar, həmçinin əməkhaqqılarında müəyyən qədər artım olacağı vəd edilib. Ancaq onlar iddia edirlər ki, gözlənilən olmayıb: “Hər dəfə gedib-gələndə 8-10 manat pul veririk, qazancımız da yola gedir. 43-45 işçiyik, üç növbəyə bölüblər. Bir maşın 100 manatdan aşağıya aparmır. 100 manat verib gedirik, digər növbə də 100 manat ödəyib qayıdır”.

Şikayətçilər deyirlər ki, şöbədə ümumilikdə 46 nəfər çalışıb. İşçilərdən yalnız ikisi burada saxlanılıb, digərləri isə növbəli şəkildə mütəmadi olaraq Şəmkir Regional Xəstəxanasına gedib-gəlirlər: “Deyirlər ki, maaşınız 30 faiz artacaq, bu, gələcəkdə 50 faiz də ola bilər. Həmçinin bildirdilər ki, sizə yolpulu və ya maşın ayıracağıq, amma dedikləri sözlər ilə əməlləri düz gəlmədi”.

İddialarla bağlı TƏBİB-dən qeyd edilib ki, qurumun tabeliyində olan tibb müəssisələrində kadr təminatı, ştat vahidləri, struktur bölmələr və səhiyyə xidmətlərinin təşkili üzrə mütəmadi təhlillər aparılır: “Aparılan təhlillərin əsas məqsədi səhiyyə xidmətlərinin əlçatanlığını və keyfiyyətini artırmaqdır. Ağciyər Xəstəlikləri Mərkəzinin strukturunda aparılmış dəyişikliklər də bu yanaşma çərçivəsində həyata keçirilib. Sözügedən dəyişikliklər çərçivəsində əməkdaşların fəaliyyətlərini Ağciyər Xəstəlikləri Mərkəzinin Şəmkir Regional Xəstəxanasında davam etdirmək imkanı yaradılıb. Əməkdaşlar tərəfindən səsləndirilən müraciətlər isə TƏBİB tərəfindən diqqətdə saxlanılır. İddialar aidiyyəti üzrə araşdırılacaq və qanunvericiliyin tələblərinə uyğun şəkildə qiymətləndiriləcək. Hazırda ambulator müalicə alan pasiyentlərin dərman təminatı və tibbi müşahidəsi fasiləsiz şəkildə davam etdirilir. Pasiyentlərə göstərilən tibb xidmətlərinin davamlılığında və əlçatanlığında hər hansı məhdudiyyət qeydə alınmayıb”.

Daha ətraflı videomaterialda: