13 il əvvəl törədilmiş qətlin üstü açıldı

13-il-evvel-toredilmis-qetlin-ustu-acildi
Oxunma sayı: 4164

Daxili İşlər Nazirliyi (DİN) və Baş Prokurorluq Şəmkir rayonunda 13 il əvvəl törədilmiş qətlin üstünün açılması barədə məlumat yayıb.

“Qafqazinfo”ya daxil olmuş birgə məlumatda bildirilib ki, 16 fevral 2010-cu ildə Şəmkir rayonunun Mahmudlu kəndindən Yeniabad kəndində 1953-cü il təvəllüdlü Məhərrəm Həsənovu qətlə yetirən şəxsin kimliyi müəyyənləşib.

Qeyd edilibki, həmin kəndə gedən torpaq yolda “Daewoo Nexia“ markalı avtomobilin sükanı arxasında M.Həsənov Məhərrəm Kamil oğlunun baş və bədən nahiyəsində çoxsaylı xəsarətlər olan meyitinin aşkar olunması faktına görə Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanaraq istintaq aparılsa da, cinayəti törətmiş şəxs və ya şəxsləri müəyyən etmək mümkün olmadığından iş üzrə icraat dayandırılıb.

İstintaq və əməliyyat tədbirləri nəticəsində Şəmkir rayonunun Yeniabad kənd sakini Vəliyev Turab Malik oğlunun 15 fevral 2010-cu ildə fərdi qaydada taksi fəaliyyəti ilə məşğul olan həmkəndlisi Məhərrəm Həsənovun idarə etdiyi avtomobillə Gəncə şəhərinə getməsi, bir neçə saat sonra yaşadıqları kəndə birlikdə qayıdarkən göstərdiyi taksi xidməti müqabilində ona ödəniş etməyəcəyini bildirməsi, həmin vaxt aralarında baş vermiş mübahisə zamanı avtomobilin içərisində Məhərrəm Həsənova deşici-kəsici alətlə çoxsaylı zərbələr endirərək qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Toplanmış sübutlar əsasında Turab Vəliyev Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla qəsdən adam öldürmə) maddəsilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddə ilə ittiham elan edilib.