Pulsuz qaldığım şəhərdə pendirə 88 manat verdim - Fotolar

pulsuz-qaldigim-seherde-pendire-88-manat-verdim
Oxunma sayı: 20608

Ani qərar 

Amsterdamda yaşayan dostumla danışanda ora gəlməyi arzuladığımı dedim, lakin ev kirayəsinin həddindən artıq baha olduğundan şikayətləndim. İlk cavabı isə belə oldu: “Biletini al, qalmağa yerin olacaq”. Ani qərar verdim, vaxt itirmədən vizaya müraciət etdim. Müraciətimdən dörd gün sonra (fevralın 8-də) cavab çıxdı - 90 günlük multişengen viza aldım. Bu, sayca ikinci Şengen vizam oldu. Elə səhərisi gün bilet axtarışına çıxdım. Bakı ilə Amsterdam arasında birbaşa uçuşlar olmadığından bura Varşava (“LOT”), Frankfurt (“Lufthansa”), İstanbul (“Pegasus”, “Turkish Airlines”), Doha (“Qatar Airways”) şəhərlərində tranzitlə gəlmək olar. Bilet aldığım vaxt həm qiymət, həm də vaxt baxımından Frankfurt vasitəsilə uçmaq uyğun oldu. 10-14 apreldə gediş-gəliş bileti üçün aviaşirkətə 668 AZN ödədim (baqaj, qidalanma daxil). Belə bir vərdişim var – bileti alandan sonra ara-sıra girib həmin tarixə olan biletlərin qiymətinin düşüb-düşmədiyini yoxlayıram ki, görüm uddum ya uduzdum. Bu dəfə isə əməlli-başlı qabağa düşdüm. Çox keçmədən biletlərin qiyməti kəlləçarxa qalxdı. Amsterdamda yaşayan dostum da bu qiymətə bilet aldığımı öyrənib təəccübləndi. Şans deyək...

Nəhayət gəlib çıxdım Amsterdama. Təyyarə Shiphol aeroportunda eniş etdi. Artıq hava limanında olduğumda şəhərdə ictimai nəqliyyatın nə dərəcədə yüksək səviyyədə olduğunu görməyə başladım. Belə ki, aeroportun daxilində qatar stansiyası var. Buradan həm Amsterdamın mərkəzinə, həm də digər şəhərlərə getmək olar. Öncədən yüklədiyim “9292” mobil tətbiqinə dostumun ev ünvanını daxil edib yola başladım. “Zuid” stansiyasında düşüb bir mərtəbə yuxarı qalxıb metroya mindim. Ev “De Pjip” metro stansiyasına 10 dəqiqə piyada məsafədə yerləşirdi.  

İlk saatlar 

Evdən danışmışkən, 4 gecə dostumun evində qaldım. Normalda bu ərazidə 4 gecəlik ev və ya hotel kirayələmək 2000 AZN-dən başlayır. Hostel məsələsinə gəldikdə, bir otaqda tanımadığım insanlarla qalmağı təsəvvürümə belə gətirmirəm. Hotel və ya evdə qalmaq imkanım olmasa, ümumiyyətlə, heç bir şəhərə səfər etmərəm. 

Evə yerləşib kiçik şəhər gəzintisinə çıxdıq, çünki saat 17:00-da Bakıdakı işimə onlayn qoşulmalı idim. 

İlk etdiyim mobil internet almaq oldu. Belə ki, aeroportda cəmi 5 GB internet 30 avroya (54 AZN) təklif olunurdu, bu səbəbdən almamışdım. Şəhərin mərkəzində isə 10 GB interneti 15 avroya (27 AZN) aldım. 4 gün bütün günü mobil interneti açıq saxlasam da, bitmədi. 

Nəqliyyat

Yazının əvvəlində də qeyd etdiyim kimi, nəqliyyat sisteminin necə yüksək səviyyədə olduğunu aeroporta ayaq basan kimi gördüm. Ümumilikdə ictimai nəqliyyat sprinter (qatar), tramvay, metro, avtobuslarla təşkil olunub. Həm platformadakı, həm də “9292”, “Citymapper” mobil tətbiqlərindəki vaxtların tam üst-üstə düşməsi işi lap asanlaşdırır. Nəqliyyat vasitələri ilə qeyd olunan vaxtda artıq qarşısınızda olur. Ödəniş üçün həm yerli ictimai nəqliyyat kartından, həm də bank kart kartından istifadə edə bilərsiniz. Bu isə turistlər üçün istifadəni xeyli asanlaşdırır. 

İstənilən ictimai nəqliyyatdan istifadə edərkən kartınızı oxuyucuya yaxınlaşdırmalı, düşəndə isə yenidən oxutmalısınız. Bu yolla sizin neçə stansiya getdiyiniz müəyyən olunur və ona uyğun məbləğ çıxılır. Unutsanız belə, gün ərzində nəqliyyat üçün hesabınızdan silinə bilinəcək maksimal məbləğ 20 avrodur (36 AZN).

Mənim isə 4 gün ərzində nəqliyyata ümumilikdə 56 avro (102 AZN) xərcim çıxdı. 

Qeyd edim ki, əgər nəqliyyatdan daha çox istifadə edəcəksinizsə, bunun üçün “I`am Amsterdam” kartları da əldə edə bilərsiniz. Məsələn, 24 saatlıq – 60 avro, 48 saatlıq – 85 avro, 72 saatlıq – 100 avro və s. Bura həm ictimai nəqliyyatdan limitsiz istifadə, həm də bir çox muzeylərə ödənişsiz giriş daxildir. 

Çiçəkli velosipedin kədərli tarixçəsi

Müşahidələrim göstərdi ki, Amsterdamda velosipedlərin sayı avtomobillərin sayını üstələyir. Əhali velosipedə üstünlük verir, sağlam həyat tərzi sürür. Hər kəs əlində su şüşəsi ilə gəzir. 

Amsterdamda piyada gəzirsinizsə, mütləq ki kanalları və üzərində salınmış körpüləri görəcəksiniz. Belə ki, Amsterdamda 100 kilometrdən çox kanal, 90-a yaxın ada və 1500 körpü var. Buna görə də şəhəri “Şimali Venesiya” adlandırırlar. Lakin ən maraqlısı ilə bu körpülərdəki velosipedlərdir. Onların hər biri müxtəlifrəngli güllərlə bəzədilib. Bunun da öz tarixçəsi var, lakin bir qədər kədərli... 

Güllü-çiçəkli velosipedlərin müəllifi Floridadan olan 53 yaşlı Uorren Qreqori adlı amerikalıdır. Onu böyük sevgi ilə “çiçəkli velosipedçi” də adlandırırlar. Onun uzun illər yaddaşsızlıq və epilepsiyadan əziyyət çəkən 46 yaşlı həyat yoldaşı Mişel Mərkəzi vağzaldakı parkinqdə saxladığı velosipedini tez-tez tapa bilmədiyindən Uorren həmin nəqliyyat vasitəsini al-əlvan çiçəklərlə bəzəmək qərarına gəlir. Bu rəngarəng velosipedlərin ətrafdakı insanlara necə müsbət təsir etdiyini görən kişi şəhərdəki digər velosipedləri də bəzəməyə başlayıb (350-dən çox). 

Kanal turu

Amsterdam ab-havasını dərindən hiss etməyin daha bir yolu – şəhərin unikal xüsusiyyəti sayılan kanallarda tur etməkdir.  Bir saat ərzində Amsterdamın tarixi, memarlığı ilə tanış ola və gözəllikləri seyr edə bilərsiniz. Tur zamanı şəhərin adını götürdüyü Amstel çayından da keçəcəksiniz. Turun qiyməti 19 avrodan (35 AZN) başlayır. 

Amsterdam – fərqli ləzzətlər şəhəri

Hansı ölkəyə səfər edirəmsə, həmişə çalışıram oranın milli təamları ilə tanış olum. Niderlanda da istisna olmadı. Niderland təkcə dünyanın ən dadlı pendiri və “sirli tərkibi” olan keksi ilə tanınmır. Burada, həmçinin çox sayda xırçıltılı “zakuska”lar və şirniyyatlar var.  

Ən çox yemək istədiyim şirniyyatlardan biri “Stroopwafel” idi. İki nazik xəmir qatından ibarət, karamel siropu ilə bişirilmiş vaflidir. İlk dəfə Niderlandın Qauda şəhərində hazırlanıb. Amsterdamda isə ən məşhuru “Wan Wonderen Stroopwafels”də satılır. Biri 15 avrodur (29 AZN). Çox dadlıdır! Mağaza ildə 1 milyondan çox “Stroopwafel” satır. Ona görə də gələndə növbəni görüb təəccüblənməyin. 

Şəhərdə, həmçinin məşhur “Holland fries”ın dadına baxa bilərsiniz. Onun ən orijinalı “Voted No.1 Holland Fries”da satılır. Burada da növbələr olur. Siz nəfis qızardılmış kartofun üzərinə tökmək üçün 23 müxtəlif sousdan birini seçə bilərsiniz. Balaca ölçüdə fries-ın qiyməti 5,45 avro (9,84 AZN), orta – 6,45 avro (11,65 AZN), böyük isə 7,95 avrodur (14,35 AZN). Sousların hər biri isə 1,40 avrodur (2,53 AZN). 

Hə, bir də yerli pankeyklərin ölçüsünə heyran oldum. Bütün boşqabı tutmuşdu. Gözəlliyə bir baxın! Burada onları tək səhər yeməyində deyil, sutkanın hər saatında yeyirlər. Amsterdamda pankeyk təqdim olunan bir çox məkanlar var. Fotodakı pankeykin qiyməti 20 avrodur (36 AZN). İki, hətta üç nəfərə rahat bölə bilərsiniz. 

Bitterballen - bu balaca topları çiy deyil, qaynadılmış, daha sonra suyunda bişirilmiş farşdan hazırlayırlar. Bundan sonra əti balaca toplara bölürlər və yağladolu qabda qızılı rəngədək qızardırlar. Ona görə də toplar belə zərif olur. Bitterballeni, demək olar, bütün kafe və barlarda pivə ilə təklif edirlər. 

Stamppot - özündə Niderland mentalitetini əks etdirir: baha olmayan inqrediyentlər, hazırlanması üçün minimum vaxt, hər porsiyada maksimum enerji dəyəri. Əsasən kartof və digər qaynadılmış tərəvəzlərdən hazırlanır. Hisə verilmiş kolbasa və ya salo, bekonla təqdim olunur. 

Tony's Chocolonely Superstore

Şəhərdə gəzirdik ki, bir də gördüm bir binanın qarşısında uzun növbə yaranıb. Yaxınlaşıb maraqlananda öyrəndim ki, bura Amsterdamın ən çox ziyarət olunan mağazalarından biri – “Tony's Chocolonely Superstore”dur. Bu anda yadıma düşdü ki, mağazanın adını bir neçə ay əvvəl “Amsterdamda bura gedəcəyəm” siyahıma yazmışdım. Bura gələnlər öz zövqünə uyğun şokolad hazırlaya və üzərinə adını yazdıra bilər. Bunun üçün növbənizi gözləyirsiz, daha sonra içəridə quraşdırılmış monitorlar vasitəsilə zövqünüzə uyğun şokoladı hazırlayırsınız. Narahat olmayın, dadsız alınmayacaq, çünki istənilən inqredienti seçəndə kompüter avtomatik olaraq o dada uyğun digər inqredientləri təklif edir. Bu əyləncənin qiyməti 8,99 avrodur (16,80 AZN). Həmçinin müxtəlif şokoladlar ala bilərsiniz. Mağazaya girmişkən, iş yoldaşlarıma və ailə üzvlərimə şokolad aldım. 

Centraal Station (Amsterdam Mərkəzi Stansiyası) 

Şəhərin ən görməli yerlərindən biri də əzəməti ilə seçilən Niderland paytaxtının əsas dəmir yolu vağzalıdır. 1881-1889-cu illərdə memar Piter Keypers tərəfindən tikilib. Bura ölkənin ən böyük stansiyası olan Utrext Mərkəzdən sonra ikinci ən böyük stansiyasıdır və Hollandiyanınnın ən çox ziyarət olunan tarixi irsidir. Gündəlik 250 000 sərnişin bu vağzaldan istifadə edir. Bura şəhərin tam mərkəzi sayıldığından Amsterdamda hər hansı bir yerə getmək istəyəndə məsafə bu stansiyaya nisbətdə hesablanır. Məsələn, Amsterdam Mərkəzi Stansiyasından Van Qoq muzeyinə piyada 3,1 km-dir. 

Bloemenmarkt (Gül bazarı)

Dünyada yeganə suda “üzən” Gül bazarıdır. Burada güllər 17-ci əsrdən satılır. Bazar Dam meydanının yaxınlığında yerləşir. Bura həm də Amsterdamın əsas görməli yerlərindən biridir. Bir çox gül növü, xüsusilə də zanbaqlar, həmçinin suvenirlər, maqnitlər satılır. Gül toxumlarını alıb aparıb istədiyiniz yerdə əkə də bilərsiz. 3 maqnitə 6 avro (11 AZN) verdim. 

“Keukenhof”

Güllərdən söz düşmüşkən, qeyd edim ki, Amsterdama səfər etməyin ən ideal vaxt aprel ayıdır. Bu vaxt həm Zanbaq Festivalına təsadüf edir, həm də hava mülayim olur və günəş gec batır. Amsterdamdan 30 dəqiqə məsafədə yerləşən Lisse şəhərində isə hər il mart-may aylarında “Keukenhof” kral bağında Zanbaq Festivalı keçirilir. Bu il həm də festivalın 75 illik yubileyidir. Bura biletlər tez tükəndiyindən hələ Bakıda olarkən almışdım. Dünyanın dörd bir yanından turistlər bura axışır. Məlumat üçün deyim ki, 2023-cü ildə bura 1,4 milyondan çox bilet alınıb.

Bilet qiyməti: 36,50 avro (65,90 AZN). Biletə giriş və gediş-gəliş nəqliyyatı (avtobus) daxildir. 

Dam meydanı

Amsterdamın mərkəzi meydanıdır. Burada çox sayda məşhur bina yerləşir və tədbirlər keçirilir. Məhz bu, meydanı şəhərin ən önəmli və məşhur yerlərindən biri edir. Meydanın adı XIII əsrdə Amstel çayında inşa edilmiş damba ilə bağlıdır. Damba getdikcə böyüyüb və nəticədə şəhər meydanının yaranması üçün yetərincə enli olub. Meydan Damrak və Rokin küçələrini birləşdirir. Damın qərb hissəsində Kral sarayı yerləşir – bura Amsterdam ratuşasının keçmiş binası olub. Bina 1648-1665-ci illərdə Holland klassisizmi üslubunda tikilib. Sarayın yanında XV əsrə aid Yeni kilsə və Madam Tüsso Muzeyi yerləşir. Meydanla üzbəüz Milli monument ucalır – bu, 1956-cı ildə İkinci Dünya müharibəsi qurbanlarının xatirəsinə ucaldılmış ağ daş sütundur. Yaxınlıqda Krasnapolski hoteli və Byenkorf univermağı yerləşir. Bütün saydıqlarım meydanı turistik zonaya çevirib.  

Damrak küçəsi və evlər

Meydanın yaxınlığında yerləşən Damrak mərkəzi küçələrdən biridir. Burada çox sayda kafe, sənətkarlıq emalatxanası, muzey var. Həmçinin kanal sahilindəki evlər rəngarəngliyi ilə dünya şöhrəti qazanıb. Maraqlı fakt bundan ibarətdir ki, bu küçədəki hər bir ev unikaldır. XVII - XVIII əsrlərdə tikiliblər. Burada iki eyni ev tapmaq mümkün deyil, çünki onlar müxtəlif memarlıq üslublarında tikiliblər. Belə bir kontrastlı görüntü təkrarolunmaz ab-hava yaradır. Məhz bu yerin görüntüsünü Amsterdam haqda açıqçalarda və şəhərə aid digər materiallarda görmək olar. Damrak Amsterdamın vizit kartı hesab olunur. Burada “suda üzən” evlərin fonunda mütləq şəkil çəkdirməliydim. 

Qırmızı Fənərlər Kvartalı

Dam meydanının şimal-şərqində Qırmızı Fənərlər Kvartalı yerləşir. Sirr deyil ki, Amsterdam fahişəliyə liberal və tolerant münasibətilə fəxr edir. Dövlət qəbul edir ki, insanlar fahişəliklə məşğul ola, yüngül narkotik çəkə bilər. Ona görə də bu, cinayət kimi qiymətləndirilmir, əksinə həmin insanların dürüst olmaları önə çəkilir. Kvartalın Qırmızı Fənərlər adlandırılması burada “xidmət göstərənlərin” otaqlarında yanan qırmızı işıqla bağlıdır. Bu Kvartalda həm də çox sayda striptiz-klub, seks-şop, fahişəlik muzeyi və s. yer var. Kvartalda çəkiliş etmək qadağandır. 

Muzeylər şəhəri

Amsterdamdakı muzeylərə bilet alanadək nələr oldu-nələr... Demək, bilirdim ki, şəhərdəki Van Qoq və Anna Frank muzeylərinə bileti həftələr öncə almaq lazımdır, lakin işlərlə əlaqədar vaxt edib ala bilməmişdim. Almaq istədiyim gün isə səyahət edəcəyim tarixlərdə biletlərin tükəndiyini gördüm. Çox pis olmuşdum. Birinci dəfə Amsterdama get, onda da bu məşhur muzeyləri görmə. Hər iki muzeyə məktub yazmaq qərarına gəldim. İzah etdim ki, şəhərdə cəmi iki-üç günüm var, bilet almağıma şərait yaradın və s. Dərhal cavab gəldi. Həyəcanla açdım. Yazmışdılar ki, imeyl vasitəsilə satış həyata keçirmək səlahiyyətləri yoxdur, lakin tövsiyə edirdilər ki, rəsmi saytları tez-tez yeniləyim, bəlkə əlavə biletlər satışa çıxarıldı. İnanmazsınız, amma bir gün sonra əlavə biletlər məhz mənim səyahət etdiyim tarixlər üçün açıldı. Dərhal aldım. Van Qoq muzeyinə giriş 22 avro (41 AZN), Anna Frankın Ev Muzeyinə giriş isə 16 avrodur (30 AZN). Lakin nə qismətdirsə, Anna Franka gedib çıxa bilmədim. Niyəsi yazının ardında. 

Hələlik isə sizi Fabrique des Lumières mərkəzi ilə tanış edim. Bura əsl rəqəmsal incəsənət dünyasıdır! Dünyacaməşhur rəssamların sənət əsərləri 17 metrlik divarların üzərində xüsusi işıqlar, musiqi müşayiəti ilə nümayiş etdirilir. Bir anlıq həmin dövrə qayıdırsınız. Çox möhtəşəm görüntüdür. Şounu ayaq üstə, oturaraq və hətta uzanaraq izləyə bilərsiniz. Mərkəzə giriş 17 avrodur (32 AZN)

Muzeysevərlər Amsterdamda, həmçinin Niderland incəsənətinə və tarixinə həsr olunmuş Reyksmuseum, böyük elm muzeyi NEMO, Rembrandt muzeyi və s. ilə tanış ola bilər. 

Gecə həyatı

Amsterdamı gecə həyatı olmadan təsəvvür etmək mümkün deyil. Deyərdim ki, gecə həyatı və Amsterdam sözləri sinonimdir. Turist axınının başlıca səbəblərindən biri də elə budur. Xüsusilə də cümə və şənbə günləri klublarda iynə atsan, yerə düşməz. Hər zövqə uyğun klub var. Çoxunda giriş üçün ödəniş tələb olunmur, balans kontrol yoxdur. Axşam 22:00-dan sonra küçəyə çıxırsan və kafe-restoranlarda əyləşib deyib-gülən insanların xoş aurası səni də özünə cəlb edir. Və çox gözəl məqam budur ki, Amsterdamda yerli əhali turistlərə irqindən, milliyyətindən asılı olmayaraq, böyük sevgi ilə yanaşır, daim gülümsəyir, istənilən məsələdə kömək etməyə çalışır. Bunları gördükcə bu şəhərə daha çox aşiq olursan. 

22:00-da girib 01:00-da bir klubdan çıxıb yaxınlıqdakına getmək istəyəndə qapının önündə bir xanımla rastlaşdım. 23-24 yaşı olardı. Məlum oldu ki, eyni yerə gedirik. Velosipedlə gedəcəyini dedi. Mən isə yerli olmadığımı söylədim və buna görə də piyada gedəcəyimi bildirdim. Cavabında “gəl birlikdə gedək” dedi. Soruşdum ki, necə? Bundan sonra baş verənləri hansısa romantik filmdə görmüşdüm, amma bu dəfə özüm yaşadım. Xanım mənə velosipedinin ön təkərinin üzərində quraşdırılmış kiçik dəmir oturacağa əyləşməyimi təklif etdi. Mən də yeni əyləncələrə açıq olduğumdan dərhal razılaşdım. Telefonumda naviqatoru açıb əlimdə tutmağımı xahiş etdi. Sərt döngələrdə velosiped ağırlığa dözməyib bizi aşırırdı. Bu, bir neçə dəfə təkrarlandı. Kanal üzərində körpülərin birinin yanında növbəti dəfə yıxılanda bir də gördük ki, bir-birimizə sarılmışıq. Amma çox rahat idik, hisslərimizi ifadə etdiyimizə görə bu şəhərdə bizi heç kim qınamayacaqdı... Yenidən velosipedə əyləşib yolumuza davam etdik və mənzilbaşına çatdıq. Burada da bir neçə saat əylənib küçəyə çıxanda gördük ki, yolda qarşımızdan tramvay keçir. Bu anda saata baxıb başa düşdük ki, səhər açılıb və saat 07:00-dır... Telefonumun ekranının qırıldığına da indi fikir verdim. Deyəsən dünən velosipeddən yıxılanda olub. Bu gedişlə də vaxtında yuxudan dura bilmədim və Anna Frank muzeyini görmək qismət olmadı. 

*** Şəhərdə istifadəsi leqal olan vasitələr haqda təbliğ etməmək məqsədilə məqalədə yazmaq istəmədim. 

Əlavə günümüz var. Hara gedək?

Daha bir günüm olduğundan Şimali Hollandiya əyalətinə getmək qərarına gəldim. Bu dəfə özümü əziyyətə verməyib hazır tur aldım ki, nəqliyyatla rahat hərəkət edim. Bu, 38 dollara (65 AZN) başa gəldi. 

Əvvəlcə Zanse-Shansa yollandıq. Bura açıq hava altında muzey hesab olunur. Muzey ərazisində bir müddət əvvəl bərpa edilmiş və hələ də fəaliyyət göstərən ənənəvi Holland ayaqqabı emalatxanası, köhnə pendir fabriki, dəyirmanları ziyarət edə, əsl holland evlərini görə bilərsiniz. Burada özünüzü 19-cu əsr Niderlandında hiss edəcəksiniz. Ab-havaya daha dərindən qərq olmaq üçün qayıq turuna çıxa və ya velosiped kirayələyib sürə bilərsiniz. Bu ərazi muzey adlandırılsa da, Zanse-Shansda hələ də əhali yaşayır və işləyir.

Növbəti dayanacağımız Edam şəhərində oldu. Edam XIII əsrin ikinci rübündən tanınır, lakin şəhər statusunu 1357-ci ildə alıb. Bu adı, çox güman, supermarketlərdə pendirlərin üzərindən oxumusunuz. Bəli, bura həmin o pendirin hazırlandığı yerdir. Amma buradakı o adda olan pendirin əslidir. Əvvəlcə fabrikdə pendirin hansı üsulla hazırlanması haqda mühazirəyə qulaq asdıq. Yerli qadın hər şeyi detallı şəkildə izah etdi. Dedi ki, 1 kiloqram Edam pendirinin alınması üçün 10 litr süddən istifadə olunur. Sonra dequstasiya oldu. Ölmürəm havayı yemək üçün? Bəlkə 10-dan çox növünün dadına baxdım. Hamısı bir-birindən dadlı və ləzizdir. Bəyəndiyim növdən dörd dənə aldım (hər biri 350 qram, ümumilikdə 1,4 kq) - 48 avro (88 AZN). İndiyədək pendirə bu qədər pul verməmişdim. Bakıda nənəmlə babam pendiri yeyib tərifləyəndən sonra isə “yaxşı ki almışam” dedim. Hələ bir pendirlər və satıcı xanımla xatirə şəkli də çəkdirmişdim. 

Daha sonra Volendama yollandıq. XIX əsrdən turistik şöhrət qazanmış kiçik bir balıqçı qəsəbəsidir. Volendam rəngli evləri və dəniz məhsulları ilə tanınır. Digər dənizkənarı yaşayış məntəqələri kimi, Volendamda da bütün aktiv həyat dəniz kənarında cəmləşib. Kafelər, restoranlar, pivəxanalar, mağazalar, suvenir mağazaları və s. bir sıra gözəgəlimli evlərin birinci mərtəbələrini tutub. Burada, həmçinin üç kilsə və Volendam haqda muzey var. Turda tanış olduğum malayziyalı xanımla restoranların birinə girmək qərarına gəldik. Yeri gəlmişkən, o da Azərbaycan haqda məlumatlıdır və gözəl Bakımızı görmək istəyir. Əslində balıq yeməyi sevməsəm də, buradakı treskanın dadını çox bəyəndim və böyük zövqlə yedim. Bir porsiyası 16,50 avrodur (30 AZN). 

Son dayanacaq isə Marken oldu. XIV əsrdə daşqından sonra materikdən ayrılan holland kəndidir. Adada fərqli dialet, ənənələr, geyim tərzi var. Marken memarlığı da özünəməxsusluğu ilə seçilir. Uzun müddət ada sakinlərinin əsas gəlir mənbəyi balıqçılıq olub. 1957-ci ildə bənd tikildikdən sonra ada yarımadaya çevrildi və magistral yol çəkmək imkanı mümkün oldu. Hazırda Marken və Amsterdam arasında müntəzəm avtobus marşrutu var, martdan noyabr ayına kimi isə adaya Volendam kəndindən qayıqla getmək olar. Marken kəndində hazırda əsas gəlir mənbəyi turizmdir. Burada da bir az gəzib yoruldum və qrup üzvlərini təqib etməkdən vaz keçdim. Bir də gördüm, tək qalmışam və heç birini tapa bilmirəm. Kəndin başında toplanış nöqtəsinə qayıdıb 1 saat da orada gözləsəm də, nə avtobusumuzu gördüm, nə də turistləri. Hava da qaralmaq üzrə idi. Yeganə çıxış yolu kimi “9292” mobil tətbiqini açıb Amsterdamın mərkəzinə gedən marşrut xəttinin nömrəsinə baxdım. Bir neçə dəqiqədən sonra avtobus dayanacağa yaxınlaşdı, əyləşib mərkəzə getdim.   

Hələlik bu qədər...

Şəhərdən ayrılanda çox kədərli idim, gözlərim dolmuşdu. Aeroport istiqamətində gedən ictimai nəqliyyatda kefsiz oturmuşdum, lakin qarşımda oturanlar bunu görüb yenə mənim üzümə gülümsəyirdilər. Bunu görüb mən də gülümsəməyə başladım. Bu səfərdən sonra başa düşdüm ki, hansısa şəhərdən kövrələrək ayrılıramsa, bu, ilk növbədə, oradakı dostlarımla bağlıdır. Bu, Moskva, Şimali Kipr səfərlərimdən sonra da belə idi... Yəni heç kimim olmadığı şəhərlərə gedib-gələndə heç belə hisslər yaşamıram. Lakin harada ki məni ürəkdən qarşılayıb içdən münasibət göstərirlərsə, bu, uzun müddət yaddaşımda qalır və oradan ayrılmaq mənə çox ağır gəlir. Amma Amsterdama mütləq qayıdacağam, bəlkə də həmişəlik...

Hüseyn Məmmədsalahov