“18-19 yaşlı uşaqlar vəhşi qatilə çevrilməyə necə macal tapdılar?”

18-19-yasli-usaqlar-vehsi-qatile-cevrilmeye-nece-macal-tapdilar
Oxunma sayı: 5153

“Yevlaxda peşəkar həkimin tamah məqsədilə vəhşicəsinə qətli dəhşətli hadisədir. Amma hadisənin özü qədər də dəhşətli və faciəvi olan qətldə şübhəli bilinənərək həbsə alınanların iki nəfərinin 18 və 19 yaşda gənclər olmasıdır. Əslində elə üçüncü də gəncdir - 30 yaşında”. 

“Qafqazinfo” xəbər verir ki, bu barədə iqtisadçı ekspert Rövşən Ağayev sosial şəbəkə hesabında fikirlərini bölüşüb. 

Onun sözlərinə görə, bu kimi hallarda həmin uşaqların böyüdüyü mühitin təhlili aparılmalıdır: “18-19 yaşlı uşaqlar çox qısa ömürlərində bunca vəhşi qatilə çevrilməyə hansı mühitdə belə macal tapdılar? Cəmiyyət belə hadisələrdən kütləvi narahatlıq keçirməli, o uşaqların böyüdüyü mühitin təhlili aparılmalı, belə yetişmələrinə səbəb olan sosial, maddi, ictimai amilləri peşəkar mütəxəssislə analiz etməlidirlər. Gəncliyi bu qədər acımasız qara işlərə bulaşan toplumun gələcəyi çox qaranlıqdır.

Təhsilsizlik, işsizlik, inkişaf üçün mühitin olmadığı, sosial liftin işləmədiyi cəmiyyətdə yeniyetmələr və gənclər doğru inkişaf reseptləri ilə həyatlarını qura bilmirlər. Hara qaçsalar, özlərini ümidsizliklə dolu vakkumda tapırlar...”

Qeyd edək ki, dekabrın 11-də Yevlax xəstəxanasının Vərəm şöbəsinin müdiri Bəyaz Cabbarov yaşadığı evdə 20-dən çox bıçaq zərbəsi ilə qətlə yetirilib. O, ağır halda xəstəxanaya aparılsa da, dünyasını dəyişdiyi məlum olub. Əməliyyat-axtarış tədbirləri nəticəsində cinayəti törətməkdə şübhəli bilinən şəxslər barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Onlar 1993-cü il təvəllüdlü Daşqın Xəlilov, 2004-cü il təvəllüdlü Fəxrid Allahverdiyev və 2005-ci il təvəllüdlü R.M-dir. 

Fotoda: mərhum həkim Bəyaz Cabbarov