200 illik tarixi qala adi mənzildən də ucuz qiymətə satılır - Fotolar

200-illik-tarixi-qala-adi-menzilden-de-ucuz-qiymete-satilir
Oxunma sayı: 152

Böyük Britaniyanın Kambriya qraflığındakı tarixi Penrit şəhərciyində yerləşən və qülləli memarlığı ilə kiçik qalanı xatırladan 200 illik “Caroline Cottage” satışa çıxarılıb.

“Qafqazinfo” xəbər verir ki, “II dərəcəli tarixi abidə” statusuna malik olan və təxminən bir akr (0,4 hektar) torpaq sahəsini əhatə edən bu unikal mülk yalnız nağd ödəniş edəcək alıcılar üçün 360 min-funt sterlinqə (təxminən 803 min manat) təklif olunur.

19-cu əsrdə qotik üslubun canlandırılması ənənələrinə uyğun olaraq dekorativ məqsədlə inşa edilən tikili Lonsdeyl qrafı və qrafinyası tərəfindən tikdirilib və onların ən kiçik qızının şərəfinə adlandırılıb. Əvvəlcə dekorativ gözətçi evi kimi nəzərdə tutulan binaya 1820-ci illərdə qrafinyanın təşəbbüsü ilə çay otağı və rəqs zalı əlavə edilərək yerli sakinlərin piknik və şənliklər keçirməsi üçün istifadəyə verilib.

Məşhur “Lake District” təpəliklərinə və şəhərə mənzərə açılan ikimərtəbəli tikilinin dam hissəsi qala divarlarına xas dişli bəzəklərlə işlənib. Ötən il 450 min funt-sterlinqə satışa çıxarılan, lakin alıcı tapmayan evdə iki yataq otağı, bağa baxan iki qonaq otağı, mətbəx, yardımçı sahə, vanna otağı, həmçinin həyətdə qaraj və anbar yerləşir.

Satışı həyata keçirən “David Britton Estates” daşınmaz əmlak agentliyi mülkü bazarda nadir rast gəlinən tapıntı kimi dəyərləndirib. Bildirilib ki, kottec əsaslı təmirə ehtiyac duyur və bu, yeni sahibinə tarixi abidəyə öz fərdi üslubunu qatmaq imkanı yaradır.

Böyük Britaniya Torpaq Reyestrinin məlumatlarına görə, ölkə paytaxtı Londonda mənzillərin orta satış qiyməti 522,8 min funt-sterlinq təşkil edir. Yəni meşəlik və bağlarla əhatə olunmuş bu 200 illik tarixi qala-ev Londondakı orta statistik bir mənzildən təxminən 163 min funt-sterlinq daha ucuz qiymətə təklif edilir.