Hollivud ulduzu Zendaya 3000 illik İran qızıl artefaktlarından hazırlanmış sırğaları taxması ilə gündəmə gəlib.
“Qafqazinfo” xəbər verir ki, aktrisanın seçimi qədim mədəni irsin qorunması və tarixi əsərlərin istifadəsi ilə bağlı yeni müzakirələrə səbəb olub.
Zendaya Kristofer Nolanın “Odissey” filminin Londonda keçirilən premyerasında və film üçün hazırlanan fotosessiyada eramızdan əvvəl I minilliyə aid olduğu düşünülən qızıl sırğalarla görüntülənib.
Sırğaların İranın şimal-qərbində 1940-cı illərin sonlarında aşkarlanan məşhur Ziviyə Xəzinəsinə aid qızıl disk formalı medalyonlardan hazırlandığı bildirilir. Londonlu zərgər Qlenn Spiro həmin artefaktların dizaynını yenidən yaradaraq, onları özünün “Köhnə Dünyanın Materialları” kolleksiyasına daxil edib.
Zendayanın görünüşü sosial mediada və arxeoloqlar arasında müzakirələr yaradıb. Bəzi mütəxəssislər qədim mədəni irs nümunələrinin moda aksesuarı kimi istifadəsini tənqid ediblər.
Arxeoloqlardan biri sosial şəbəkədə etdiyi paylaşımda “qanunsuz əldə edilmiş antik əşyaların maraqlı olmadığını” vurğulayaraq, məşhurların tarixi artefaktlardan status simvolu kimi istifadə etməsinin narahatedici olduğunu bildirib.
Digər ekspertlər isə qədim əşyaların hansı şəraitdə əldə edildiyinin və mənşəyinin tam araşdırılmasının vacibliyini qeyd ediblər.
Sırğaların aid olduğu “Barron London” qalereyası isə tənqidlərə cavab verərək bildirib ki, bu əşyalar sənədləşdirilib və bütün hüquqi tələblərə uyğun şəkildə qorunur.
Qalereyanın açıqlamasında qeyd olunub ki, məqsəd qədim İran zərgərlik sənətinin nadir nümunələrini nümayiş etdirmək və onun tarixini tanıtmaqdır.
Qeyd edək ki, Ziviyə Xəzinəsi 1947-ci ildə İranın indiki Kürdüstan əyalətində yerləşən Ziviyə kəndi yaxınlığında aşkar edilib. Xəzinədə qızıl, gümüş, bürünc və keramika nümunələri tapılıb.
Tədqiqatçılar hesab edirlər ki, xəzinənin bir hissəsi sonradan ölkədən qaçaqmalçılıq yolu ilə çıxarılıb və hazırda müxtəlif muzeylərdə və şəxsi kolleksiyalarda saxlanılır.
İran illərdir xaricə çıxarılan mədəni irs nümunələrinin geri qaytarılması üçün hüquqi mübarizə aparır. Ölkəyə bəzi qədim artefaktların qaytarılması mümkün olsa da, bir çox əsərin taleyi hələ də mübahisəli olaraq qalır.
Mədəni irs üzrə mütəxəssislər hesab edirlər ki, qədim artefaktların məşhurlar tərəfindən istifadəsi onların tarixinin daha geniş auditoriyaya çatdırılmasına kömək edə bilər, lakin bu cür əşyaların mənşəyi və qorunması ilə bağlı həssas yanaşma tələb olunur.
Zendaya və onun komandası isə sırğalarla bağlı yaranan tənqidlərə dair hələlik rəsmi açıqlama verməyib.





Son xəbərlər
Son Xəbərlər