ABŞ Prezidenti Donald Trampa İrana qarşı mümkün hərbi hücum variantları barədə məlumat verildiyi bildirilir.
“Qafqazinfo”nun xəbərinə görə, bu barədə “The Wall Street Journal” (WSJ) qəzetinə adı açıqlanmayan ABŞ rəsmiləri Ağ Evdə keçirilən görüş barədə məlumat veriblər.
Bildirilir ki, ABŞ Mərkəzi Komandanlığının (CENTCOM) komandanı, admiral Bred Kuper Trampa İrana qarşı mümkün hücum ssenarilərini şəxsən təqdim edib.
Görüşdə ABŞ-nin müdafiə naziri Pit Heqset və Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədri, general Den Keyn də iştirak ediblər.
WSJ Kuperin prezidentə şəxsən məlumat verməsini qeyri-adi hal kimi qiymətləndirib. Qəzet bunun ABŞ-nin İrana qarşı genişmiqyaslı hərbi əməliyyatlara yaxınlaşmasının əlaməti ola biləcəyini qeyd edib.
ABŞ-nin Demokratlar Partiyasından olan senatoru Kris Merfi mümkün hücum planlarını kəskin tənqid edib. O bildirib ki, özü və bir qrup senator İrana qarşı potensial hərbi əməliyyatlarla bağlı məlumatlandırılıb.
Merfi “X” sosial media platformasındakı paylaşımında planları “dəlilik” adlandırıb və belə bir addımın gərginliyin dağıdıcı şəkildə artmasına səbəb olacağını bildirib. Senatorun sözlərinə görə, bu, həm də ABŞ-nin qanunun aliliyinə sadiqliyini ciddi şəkildə sarsıda bilər.
Son xəbərlər
Son Xəbərlər