Kolumbiyalı ulduz müğənni Şakira uzun fasilədən sonra Jerar Pike ilə ayrılığı barədə səmimi açıqlamalar verib. Sənətçi son illərdə yaşadığı çətin dövrdə ağrının həyatında mühüm yer tutduğunu bildirib.
“Qafqazinfo”nun xəbərinə görə, İspaniyanın “La 1” kanalında yayımlanan “Al cielo con ella” proqramına müsahibə verən Şakira son dörd ildə keçdiyi emosional sağalma prosesindən danışıb.
O, ayrılıqdan sonra yaşadığı hissləri gizlətmədiyini və bu duyğuları həm müsahibələrində, həm də musiqisində açıq şəkildə ifadə etdiyini qeyd edib.
“Mən öz hekayəmi danışıram. Öz həqiqətimi danışıram. Çox insan mənim qırıldığımı, min hissəyə parçalandığımı bilir”, – deyə müğənni bildirib.
Şakira vurğulayıb ki, zaman keçdikcə qəzəb və kədər hisslərini qəbuletmə mərhələsinə keçə bilib. Hazırda isə yaşadıqlarına daha sakit yanaşa və hətta bəzi məqamlara yumorla baxa bildiyini deyir. Bununla yanaşı, o, bu prosesdə musiqinin əsas dayağı olduğunu qeyd edib.
Müğənni bildirib ki, daxili gücünü məhz yaradıcılığı sayəsində yenidən kəşf edib:
“Artıq sadəcə “Bu niyə mənim başıma gəldi?” sualını vermirəm. Bu mərhələni keçdim, indi ayağa qalxmağın vaxtıdır”.
Şakiranın sözlərinə görə, onun üçün ən böyük motivasiya mənbələrindən biri uşaqları - Milan və Saşa olub. O, onların tərbiyəsinə xüsusi diqqət yetirdiyini və sosial medianın mənfi təsirlərindən qorumağa çalışdığını bildirib.
Şakira səhnəyə qayıtmağa hazırlaşır. O, “Estadio Shakira” adlı Avropa turnesi çərçivəsində Madrid şəhərində 11 konsert verməyi planlaşdırır və ümumilikdə yarım milyona yaxın tamaşaçı toplamağı hədəfləyir.
Son xəbərlər
Son Xəbərlər