“400-dən çox gizli video var”

400-den-cox-gizli-video-var-
Oxunma sayı: 685

Azərbaycan Beynəlxalq Universitetinin keçmiş rektoru Elşad Abdullayev "Amerikanın Səsi" Radiosunun Sərbəst Kürsü proqramında oxucuların suallarını cavablandırıb. Sual və cavabları təqdim edirik:

Elmir:
- Elşad müəllim salam. Belə bir fikir var ki, ən önəmli videoları axıra saxlayırsınız, yəni prezident seçkilərinə az qalmış yayacaqsınız?

Cavab: Sualınıza görə təşəkkürlər. Maraqlı sualdı, belə bir sualın olması, əslində bizim atdığımız addımların cəmiyyətdə nə qədər ictimai maraq doğurduğunu göstərir. İndidən bu suala qəti cavab vermək istəmirəm.
Biz bu addımları ona görə atırıq ki, qardaşım, MTN zabiti Mahir Abdullayevin oğurlanmasının 10-cu ilidir. Bu müddətdə 4 oktyabr 2012-ci ildə prezident İlham Əliyevin sərəncamıyla müstəqil istintaq komissiyası yaradılıb. Buna qədər bu cinayət işinə 12 müstəntiq baxıb, araşdırıb, istintaqını aparıb, ancaq zərərçəkmişi işdən yayındırmaqdan başqa addımlar atılmayıb, hər 12 istintaq qərəzli aparılıb və bütün müstəntiqlərin işi Azərbaycanda mütəşəkkil cinayətkar təşkilatı gizlətmək olub. Eyni zamanda da zərərçəkmişi bu dövrdə susdurmağa və cinayət işini bağlama fəaliyyəti içində olublar.

Hikmət: Elşad bəy hər vaxtınız xeyir. Sizə iki sualım var.
1. Səmimi cavab vermənizi rica edirəm. 1-ci ABU ilə bağlıdır. Minlərlə insan orada rüşvətlə universitetə düzəlmə, imtahanlardan keçmək sisteminin olduğunu deyir və bunu heç kim təkzib etmir, siz necə təkzib edirsiniz mi?
2. Ramiz Mehdiyevin istefasını tələb edirsiniz, amma prezidentin yox, sizcə prezidentin ölkədə formalaşmış sistemdən xəbəri yoxdur, yoxsa siz kobud desək ayaq yeri qoyursunuz?

Cavab: 1. Hamı bilməlidir ki, Azərbaycan Beynəlxalq Universitetinin bağlanması, başqa səbəblərə görə yox, məhz mənim susdurulmağıma yönəldilmiş bir addımdır. Mahir Abdullayevin oğurlanma faktını ört-basdır etmək üçündü və onların son təklifi mənim ya universiteti, ya da qardaşımın cinayət işini seçmə təklifi olmuşdu. Mən bu iki seçimdən birini etməliydim. Mən qardaşımın tapılmasını və bu cinayəti edənlərin cəzalandırılmasını seçdim və Avropa İnsan Haqları Məhkəməsinə müraciət etdim və beləliklə sahibi və rektoru olduğum universiteti bağladılar. Qeyd edim ki, mən hələ Azərbaycanda olanda Avropa İnsan Haqqları Məhkəməsinə artıq müraciət etmişdim.

2. İlk olaraq bildirim ki, Ramiz Mehdiyevin istefa tələbi hüquqi tələbdi. Cinayət prosessual qanunvericiliyinə görə əgər hər hansı vəzifəli şəxsin adı hansısa irimiqyaslı cinayət işində adı keçirsə, həmin şəxs müvəqqəti olaraq vəzifəsindən kənarlaşdırılmalıdır. Həmçinin istintaqa cəlb olunmalı və ona ünvanlanan suallara cavab verməlidir. Ramiz Mehdiyevin adı bu cinayət işində hallandığı video görüntülərlə maddi sübutlarla təsdiq olunur. Ramiz Mehdiyev nəinki deputatlıq məsələsində aldığı pullara görə, Mahir Abdullayevin oğurlanması işində sehrli əl olması artıq bir faktdır və buna görə də o, cavab verməlidir.

Yaşar: Əgər istintaq sizin qardaşınızla bağlı işə ciddi yanaşıb cinayətin üstünü açsa, qardaşınız haqda dəqiq məlumat versə və cinayətkarları cəzalandırsa (hansi ki, Azərbaycan reallığında bu inanılası deyil), bu o deməkdir ki, siz sizdə olan əlavə videoları və səs yazılarını donduracaqsınız? Yoxsa istintaqın gedişindən və nəticəsindən asılı olmayaraq yenə də ictimaiyyətə yayacaqsınız hamısını?

Cavab: Videoların yayılması həm də Müstəqil İstintaq Komissiyasının fəaliyyətindən asılıdır, əgər istintaq düzgün, qərəzsiz, qanuni və şəffaf şəkildə gedərsə bu onu göstərəcək ki, dövlət həqiqətən də bu cinayət işinin açılmasında maraqlıdı. Lakin sizin də qeyd etdiyiniz kimi Azərbaycancan reallığı tam başqadı və 9 ildi biz bu reallıqda öz mübarizəmizi aparırıq. Mənim üçün qardaşımın tapılması və onu oğurlayanların, bu cinayəti törədənlərin, həmçinin bu cinayətinin sifarişçilərinin cəzalandırılması vacibdir.

Ruslan: Nə vaxtsa Bakıya gəlmək fikriniz varmı?

Cavab: Əlbəttə fikrim var. Hər bir insan öz vətənində yaşamağı data üstün tutmalıdı. Mən bir azərbaycanlı olaraq öz ölkəmi sevirəm, fəxr edirəm ki, azərbaycanlıyam. Harda olmağımdan asılı olmayaraq Azərbaycanın maraqları mənim üçün üstündü. Azərbaycanda dövlət resurslarından istifadə edən mütəşəkkil cinayətkar dəstə, yəni ölüm eskadronu və onun rəhbərləri cinayət məsuliyyətinə cəlb olunarsa və həqiqi cəzasını alarsa mən böyük məmnuniyyətlə öz vətənimə qayıdacam. Ancaq indiki şəraitdə mənə qarşı plan hədələri və təxribat cəhdlərini nəzərə alsaq mənim Azərbaycana qayıtmağım mümkün deyil.

Azər: Elşad müəllim, Siz Azərbaycanda ölüm eskadronların mövcudluğunu ilk dəfə olaraq dediniz. Bu barədə yazınızın ardı bu gün çıxmalı idi, amma çıxmadı. Nə vaxt çıxacaq? Sizcə Azərbaycanda ölüm eskaronların başında kim dayanır? Bu insalar nə vaxtsa ifşa olunacaqmı?

Elşad Abdullayev: Hacı Məmmədov ölüm eskadronunda icraçı kiçik bir fiqur idi. O eskadronun adını osminok qoymuşdu, lakin bu sözün həqiqi mənasında ölüm eskadronudu. Yəni bu mütəşəkkil cinayətkar dəstəyə veriləcək hüquqi qiymət və qoyulacaq kriminoloji hüquqi ad məhz budur. Hesab edirəm ki, Ramiz Mehdiyev bu eskadronun sehrli əlidir. Yazının davamı olacaq. Qısa zamanda Ölüm Eskadronu adlı məqaləmizin davamı olacaq, orada da bir sıra faktlara toxunacayıq.

Elnur: Salam. Elşad bəy istintaqın gedişatından asılı olmayaraq videoların hamısını yayacaqsınızmı?

Cavab: 400-dən çox videodu və bu videoların hamısını birdən vermək mümkün deyil, həmçinin fiziki olaraq qısa zamanda hamısına baxıb təhlil etmək də çox çətindi. Biz çalışırıq ki, videoları doğru zamanda və proseslərin gedişinə uyğun olaraq yayınlayaq. Bu günə qədər yayılan videoların bəziləri videodakı şəxslərin müstəqil istintaq komissiyasına verdikləri yanlış ifadələrə görə, başqa dillə desək video görüntülərdəki öz danışıqlarını təkzib etmələrinə görə olmuşdur.
Xatırladım ki, bütün videolar müstəqil istintaq komissiyasına, baş prokurorluğa verilib, həmçinin Avropa İnsan Haqqları məhkəməsinə təqdim olunub.

Amelya Serbina: Ən ifşaedici video varmı, varsa haçan yayımlanacaq?

Cavab: Bizim yayınladığımız videolar həqiqəti ortaya çıxarma xarakteri daşıyır. Siz video görüntülərdə olan və həqiqəti danışan iki şəxsin (Rövşən Abbasquliyev – DİN 7-ci idarənin polkovniki, Hacı Ağababa Ağayev – həmin dövrdə Nərimanov rayon məhkəməsinin sədri) işdən çıxarıldığının, birinin isə (Sevinc Babayeva) öldürüldüyündən xəbərdarsınız. Burdan ortaya çıxır ki, videogörüntülərdə bizə kömək etmək istəyində olan şəxslər ancaq cəzalandırılır, lakin cinayətdə adı keçən və birbaşa cinayətdə iştirak edən şəxslərdən sadəcə birinin əlindən deputatlıq mandatı alınır, digərləri və onların rəhbərləri heç bir məsuliyyətə cəlb olunmur. Bu məqamı da sizə xatırlatmağı özümə borc bilirəm.
Başqa deyişlə cinayətin icraçıları və sifarişçiləri cinayət məsuliyyətinə cəlb olunmurlar, bu da Azərbaycanın hüquqi böhran vəziyyətində olduğunu göstərir. Həm də bu ona sübutdur ki, ölüm eskadronunun üzvləri sehrli əl vasitəsiylə toxunulmazlıq hüququ əldə edirlər və adları hallanan heç bir cinayət işinə cəlb edilmirlər.
Rufət: Türkiyə polisi mərhum Sevinc Babayevanın gizli polis olması ehtimalını araşdırır. Siz də demisiniz ki, MTN dördüncü idarə var. Sevinc Babayeva bu idarənin üzvü ola bilərmi? Əgər üzvü olubsa, bəs görən nə üçün öldürüblər?

Cavab: Sevinc Babayevanın öldürülməsinin əsas məqsədi əhəmmiyyətli bir şahidin götürülməsidir və bir cinayətin üstünü örtmə cəhdləri kimi dəyərləndirmək lazımdır. Sevinc Babayeva günahsız olduğu bir prosesdə arxasını döndüyü və arxayın olduğu şəxslər tərəfindən aradan götürülmüşdür. Sevinc Babayevanın oğlu Ayxanın dedikləri həqiqətdir və onun verdiyi ifadələr ciddi şəkildə araşdırılmalıdır.

Nizami: Elşad müəllim əminsiniz ki nəyəsə nail olacaqsınız? Yoxsa ümid ancaq Avropa Məhkəməsinədi?

Cavab: Deputatlıq prosesində mənim deputat seçilməklə bağlı bir məqsədim olub, o da qardaşımı geri qaytarmaq olub. Mən deputat seçilsəydim Milli Məclisdə bu cinayəti data açıq şəkildə dilə gətirə biləcəkdim, toxunulmaz hüququ qazanacağım üçün onlar mənim fəaliyyətimin qabağını almaqda çətinlik çəkəcəkdilər və həmçinin bu cinayəti səsləndirmək üçün siyasi tribuna əldə edəcəkdim. Gülər Əhmədova da mənə demişdi ki, deputat seçiləndən sonra qardaşımı qaytaracaqlar, bu işə girməyimin əsas məqsədi də məhz bu olub.