Dolayı gömrük təmsilçiliyi qaydaları müəyyənləşir

dolayi-gomruk-temsilciliyi-qaydalari-mueyyenlesir
Oxunma sayı: 290

Dolayı gömrük təmsilçiliyi ilə bağlı qanuna dəyişiklik olunur.

“Qafqazinfo” xəbər verir ki, bu, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan Gömrük Məcəlləsinə təklif olunan dəyişiklikdə öz əksini tapıb.

Layihəyə əsasən, malların və nəqliyyat vasitələrinin gömrük ərazisinə gətirilməsi, bu ərazidən aparılması, yaxud tranziti ilə əlaqədar dolayı gömrük təmsilçiliyi hüquqi şəxslər tərəfindən həyata keçiriləcək.

Dolayı gömrük təmsilçiliyini həyata keçirən hüquqi şəxslə təmsil etdiyi şəxs arasında münasibətlər Azərbaycan Respublikasının mülki qanunvericiliyinə uyğun olaraq tərəflər arasında bağlanılmış müqavilə ilə tənzimlənəcək.

Gömrük nəzarəti və gömrük rəsmiləşdirilməsi həyata keçirilərkən dolayı gömrük təmsilçisi malları gömrük sərhədindən müstəqil keçirən şəxsin bütün vəzifələrini yerinə yetirəcək və onun kimi məsuliyyət daşıyacaq.

Gömrük nəzarəti və gömrük rəsmiləşdirilməsi zamanı gömrük bəyannaməsi və digər gömrük sənədləri bəyannaməçi qismində dolayı gömrük təmsilçiliyini həyata keçirən hüquqi şəxs tərəfindən gömrük orqanına elektron formada təqdim olunacaq.

Müvafiq icra hakimiyyəti orqanı dolayı gömrük təmsilçiliyini həyata keçirən hüquqi şəxslərin reyestrini aparır, onların siyahısını nəşr edir, rəsmi internet informasiya ehtiyatında yerləşdirəcək və məlumatların daimi yenilənməsini təmin edəcək. Reyestrin aparılması üçün dolayı gömrük təmsilçisi tərəfindən hər hansı məlumatların təqdim edilməsi tələb olunmur.

Şəxs dolayı gömrük təmsilçisinin xidmətlərindən imtina edə bilər. Bu halda gömrük orqanının vəzifəli şəxsləri bəyannaməçiyə, mallar barədə səlahiyyəti olan digər şəxslərə gömrük bəyannaməsinin bu Məcəllənin 151-ci maddəsinə uyğun olaraq tərtib edilməsində, ona müvafiq düzəlişlər edilməsində və malların gömrük rəsmiləşdirilməsi üzrə digər əməliyyatların həyata keçirilməsində xidmət göstərməlidirlər.

Nuranə Daxilqızı