53 yaşlı qadın əkiz uşaq dünyaya gətirdi - Bir gün sonra öldü - Yenilənib

53-yasli-qadin-ekiz-usaq-dunyaya-getirdi
Oxunma sayı: 3741

Bakıda doğuş keçirən qadın vəfat edib.

“Qafqazinfo” xəbər verir ki, hadisə martın 15-i saat 4 radələrində Sabunçu rayonu O.Əfəndiyev küçəsi 2-də yerləşən doğum evində baş verib.

Xəbəri rus dilində oxuyun: В Баку скончалась 53-летняя роженица

Bakı şəhər sakini 1973-cü il təvəllüdlü Mətanət Mirzəyeva doğuş zamanı ölüb.

Faktla bağlı araşdırmalar aparılır.

***

Sabunçu Tibb Mərkəzindən sorğumuza cavab olaraq bildirilib ki, 1973-cü il təvəllüdlü şəxs martın 10-u Sabunçu Tibb Mərkəzinin nəzdində olan 2 saylı Doğum Evinin Patologiya şöbəsinə süni mayalanmadan (EKM) sonrakı hamiləlik, 34 həftə 4 günlük hamiləlik, vaxtından əvvəl doğuş təhlükəsi səbəbilə hospitalizasiya olunub: “Pasiyentin kliniki, laborator müayinələri aparılıb, hipotenziv müalicə fonunda nəzarətdə saxlanılıb.

Martın 14-ü saat 10:00 radələrində döl sularının axması səbəbilə xəstə əməliyyat blokuna köçürülüb və saat 10:30-da əməliyyata götürülüb.

Əməliyyat zamanı çəkisi 2 100 qram, boyu 47 sm. olan oğlan, çəkisi 2 050 qram, boyu 46 sm. olan qız dünyaya gəlib.

Hər iki yenidoğulmuş Apqar şkalası üzrə 7/7 balla qiymətləndirilib.

Zahı qadın Reanimasiya şöbəsinə köçürülüb. Əməliyyatdan 2 saat sonra hipotonik qanaxma baş verib, müvafiq müalicə tədbirləri görülüb. Daha sonra relaparotomiya və uşaqlığın ekstirpasiyası əməliyyatı icra olunub.

Martın 15-i saat 01:30 radələrində xəstənin vəziyyəti qəfil pisləşib, boğulma, sianoz (göyərmə) və tənəffüs çatışmazlığı müşahidə olunub. Aparılan intensiv reanimasiya tədbirlərinə baxmayaraq, saat 02:30 radələrində xəstədə bioloji ölüm faktı qeydə alınıb.

Meyit təşrih olunması üçün aidiyyəti üzrə təhvil verilib.

Ölümün bilavasitə səbəbinin dəqiq müəyyənləşdirilməsi patoloji-anatomik müayinə (təşrih) nəticəsində məlum olacaq.      

Qeyd edək ki, yenidoğulmuşların müalicəsi davam etdirilir, vəziyyətləri stabil olaraq qiymətləndirilir”.

Aslan Vəliyev