Emin Səfərov
Birinci, ikinci, lap elə üçüncü dəfə dünyaya qız övladı gətirən xanım və bundan sonra “vəssalam, papağımı yerə soxdun” deyə, düşünən ər...
Bir də “problem qızdadı” deyə, gəlini ögeyləşdirən bəy anası...
Bir gün evə içkili gələn və telefonunda başqa xanımın mesajı tapılan kişi... Həmin an kişinin gözündə düşmənə çevrilən qadın... Cavab atəşi ilə susdurulan da qadın...
Xəyanəti bağışlayan qadın...
Hər zülmə dözən qadın...
“Hər şey balama qurban” deyən qadın...
Əri evdə olmayanda, ümumiyyətlə, əri olmayanda qadınlığını satmayan qadın...
Əvəzində qızılını, o da qurtaranda nəyisə satıb, özünü və balasını dolandıran qadın...
Bir tikə çörəyə möhtac olduğu üçün, səhərləri evdən çıxıb, gecənin qaranlığında evə dönərkən avtobusda ayaq üstə qalan qadın... Avtobusdan düşüb, küçədə gedərkən əxlaqsız hesab edilən qadın... Yanında maşın saxladılan qadın... Qorxusundan tir-tir əsən qadın....
Haqqında “görəsən, gecənin bu vaxtı hardan gəlir?” deyə, düşünülən qadın...
Yemək az olanda uşaqlarına “mən yemişəm, bu, sizin payınızdı” deyən qadın...
Övladını min əziyyətlə böyüdən, oxudan qadın...
Hərbi xidmətə yola salıb, intizarla yolunu gözləyən qadın...
Oğlunun təxris olacağına az qalmış, gözünün ağı-qarasının şəhid olduğunu eşidən qadın...
Üzünü cırmaqlayan, saçını yolan qadın...
“Vətən sağ olsun!”la təsəlli tapan qadın...
Hər gecə övladının şəkilini qucaqlayıb, yatan qadın...
Sənə qurban, qadın...
8 martın mübarək, QADIN!!!
Son xəbərlər
Son Xəbərlər