ABŞ-də bu şəxslərə “TikTok” qadağan edildi

abs-de-bu-sexslere-tiktok-qadagan-edildi
Oxunma sayı: 1529

ABŞ Konqresinin Nümayəndələr Palatasının üzvlərinə və işçilərinə Çinin “ByteDance” şirkətinə məxsus “TikTok” sosial şəbəkəsindən istifadə qadağan edilib.

“Qafqazinfo” xəbər verir ki, bu haqda Nümayəndələr Palatasının inzibati direktorunun ofisi məlumat yayıb.

“Bütün üzvlərə və işçilərə xəbərdarlıq: Nümayəndələr Palatasının İnzibati Komitəsi Kibertəhlükəsizlik üzrə İnzibati Direktorun Ofisinə “TikTok” sosial media xidmətini palatanın nəzarətində olan bütün cihazlardan silməyə başlamaq səlahiyyəti verib”, - məlumatda deyilir.

Məktubda bildirilir ki, palata işçilərinə “TikTok” mobil tətbiqini hər hansı palata qurğularına yükləmək qadağandır və artıq quraşdırılmış proqramlar “dərhal” silinməlidir.

Qeyd edək ki, daha öncə xəbər verilmişdir ki, ABŞ-ın 2023-cü il büdcəsi layihəsində federal dövlət qurumlarının əməkdaşlarının istifadə etdiyi kompüter və telefonlara Çinin “TikTok” əlavəsinin quraşdırılmasının qadağan edilməsi təklifi daxil edilib.