ABŞ xalqı son 200 ildə ilki yaşadı - Fotolar

ABŞ xalqı son 200 ildə ilki yaşadı
Oxunma sayı: 5242

Xəbər verdiyimiz kimi, yanvarın 6-da Vaşinqtonda seçicilər kollegiyasının 3 noyabr 2020-ci ildəki prezident seçkilərinin təsdiqlənməsi ilə bağlı keçirdiyi iclas zamanı Konqres binasına Tramp dəstəkçiləri tərəfindən basqın edilib.

“Qafqazinfo”nun məlumatına görə, bir qrup nümayişçi binanın önündəki polis barrikadasını keçərək Konqres binasına daxil olub. Polis gözyaşardıcı qazla müdaxilə etməyə çalışsa da, iğtişaşçıları dayandıra bilməyib.

Arizonadakı seçki nəticələrinə etirazları qiymətləndirən Senat baş verən hadisələrə görə iclası dayandırıb.

İclasa Senat rəhbəri olaraq moderatorluq edən Vitse-prezident Mayk Pens təhlükəsizlik səbəbilə binadan təxliyyə edilib.

Vaşinqton Bələdiyyə Başçısı Müriel Bauzer tvitter hesabında öncə yerli vaxtla saat 18:00-dan 7 yanvar səhər saat 06: 00-a qədər şəhərdə komendant saatı elan etdiyini açıqlayıb. Daha sonra bu müddətin 21 yanvaradək uzadıldığını elan edib.

Şəhərdə başlayan qarşıdurmaların qarşısını almaq üçün əraziyə əlavə təhlükəsizlik qüvvələri göndərilib.

Virciniya ştatının qubernatoru Ralf Nortem Vaşinqtona baş vermiş iğtişaşlarla əlaqədar Milli Qvardiyanın hərbçilərini göndərib.

ABŞ-ın hazırkı Prezidenti Donald Tramp Konqres binası qarşısında nümayiş keçirən tərəfdarlarını təmkinli olmağa çağırıb.

Binaya basqın edən Tramp tərəfdarları Konqresdən və ətrafından uzaqlaşdırılıb. Konqresin Tramp tərəfdarlarından təmizlənməsindən sonra polis binanın təhlükəsizliyini təmin etdiyini açıqlayıb.

Basqına görə dayandırılmış Konqres iclasının yenidən başlayıb- başlamayacağı hələ bəlli deyil.

Son 200 ildə ilk

Konqresin iclası zamanı Tramp tərəfdarlarının polis barrikadasını keçərək Konqresin binasına daxil olması ilə ABŞ Konqresi 1814-cü ildə ingilis işğalından bu yana ilk dəfə bu cür güc tətbiqinə şahid olub.

Konqres binası müharibə vəziyyəti xaricində ilk dəfə işğal edilib. Belə ki, ABŞ Senatının saytında yer alan məlumata görə, Konqres binası sonuncu dəfə 1812-1814-cü illərdə ABŞ müstəqillik qazandıqdan 36 il sonra ingilislərlə müharibə zamanı işğal edilib.