Abşeron Logistika Mərkəzi ilə UNEC arasında memorandum imzalandı - Fotolar

abseron-logistika-merkezi-ile-unec-arasinda-memorandum-imzalandi
Oxunma sayı: 2302

Martın 5-də Abşeron Logistika Mərkəzinin İdarə Heyətinin sədri Ziya Ağayevin və Azərbaycan Dövlət İqtisad Universitetinin rektoru Ədalət Muradovun rəhbərlik etdikləri nümayəndə heyətləri arasında görüş keçirilib.

“Qafqazinfo” xəbər verir ki, görüşdə tərəflər arasında beynəlxalq ticarət və logistika ixtisası üzrə UNEC-də tələbələrin müasir tələblərə uyğun təhsil alması məqsədilə səylərin birləşdirilməsi, tələbələrin təcrübəsinin təşkili, ixtisaslaşmış auditoriyanın yaradılması, startap fəaliyyətinə dəstək imkanları barədə müzakirələr aparılıb.

Müzakirələrin sonunda Abşeron Logistika Mərkəzi ilə UNEC arasında əməkdaşlığa dair memorandum imzalanıb.

Memorandumda tərəflər arasında birgə elmi-texniki yeniliklərin tətbiqi, layihələrin hazırlanması, tələbə startaplarına dəstəyin göstərilməsi, müasir əmək bazarının tələblərinə uyğun mütəxəssis hazırlığı, tələbələrin təcrübələrinin təşkilinə şəraitin yaradılması, ixtisasartırma, sertifikat və mini-MBA proqramlarının təşkil edilməsi və digər istiqamətlərdə əməkdaşlığın həyata keçirilməsi nəzərdə tutulub.

Görüşdən sonra qonaqlar Abşeron Logistika Mərkəzində yaradılmış şəraitlə tanış olublar. Onlara Mərkəzin fəaliyyəti, logistikanın inkişafı istiqamətində görülən işlər, bu sahədə həyata keçirilən layihələr haqqında ətraflı məlumat verilib.