Neft Fondu “Meta”nın 179 milyonluq səhmlərini alıb

neft-fondu-metanin-179-milyonluq-sehmlerini-alib
Oxunma sayı: 3327

2024-cü ilin I rübü üzrə Azərbaycan Dövlət Neft Fondu (ARDNF) ən çox “Microsoft”un səhmlərinə sahib olub.

“Qafqazinfo” xəbər verir ki, bu barədə APA-ya ARDNF-dən bildirilib.

Fond ötən ilin sonu ilə müqayisədə bu ilin ilk rübündə texnologiya korporasiyasındakı səhm portfelini 12,8% artıraraq 438 mln. dollardan 494 mln. dollara çatdırıb.

Fond “Microsoft”un əksinə, “Apple” üzrə səhm portfelini 77 mln. dollar və ya 15,5% azaldaraq 419 mln. dollara endirib. Ötən ilin sonunda bu rəqəm 496 mln. dollar təşkil edib. Bu nəticələrlə "Apple" ARNDF-in TOP-5-liyində ikinci pilləyə enib.

ARDNF ilk rübdə “NVIDIA”nın səhmlərinə yatırımları 169 mln. dollar artırıb. Fondun “NVIDIA” üzrə səhm portfelinin dəyəri 202 mln. dollardan 371 mln. dollara yüksəlib. ARDNF həmçinin, “Amazon” üzrə səhm portfelinin həcmini 233 mln. dollardan 279 milyon dollara çatdırıb.

Ötən ilin sonu ilə müqayisədə bu ilin ilk rübdə “Alfabet” (Google) ARDNF-in TOP-5-yinə düşə bilməyib. Ötən ilin sonunda Fond “Alfabet”in 258 mln. dollar həcmində səhminə sahib olub.

Əvəzində Fond Mark Zukerberqin “Meta platforms”ına 179 milyon dollar həcmdə investisiya edib. Sözügedən İT nəhənglərinin ARDNF-nin kotirovka olunan səhm portfelindəki payı müvafiq olaraq 4,0%, 3,4%, 3,0%, 2,3% və 1,4% təşkil edib.

Qeyd edək ki, 2024-cü ilin ilk rübündə səhm portfelinə daxil olan TOP-5 şirkət üzrə ümumi yatırımların həcmi 1 mlrd. 742 mln. dollar təşkil edib ki, bu da ötən ilin sonu ilə müqayisədə 7% çoxdur. Ötən il bu rəqəm 1 milyard 627 milyon dollar təşkil edib.