“Mən siyasi məhbus deyiləm, adımdan istifadə olunmasın” - Nazim Bəydəmirli

men-siyasi-mehbus-deyilem-adimdan-istifade-olunmasin
Oxunma sayı: 5587

Keçmiş deputat Nazim Bəydəmirlinin cinayət işi üzrə məhkəmə prosesi başlayıb.

“Qafqazinfo”nun məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən ilk iclasda təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib, ilkin dinləmələr keçirilib.

Nazim Bəydəmirlinin vəkili prosesdə bir sıra vəsatətlə çıxış edib.

Həmin vəsatətlərdən biri seçilmiş həbs qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz edilməsi ilə bağlı olub. Vəkil vəsatətini onunla əsaslandırıb ki, müvəkkili ictimai şəxsdir, bundan əvvəl cinayət törətməyib, həmçinin şahidlərə təsir etmək imkanı yoxdur.

Müdafiə tərəfinin digər vəsatəti iddia olunan cinayət işinin cəlbetmə müddətinin keçməsi ilə bağlıdır. Vəkil hesab edir ki, iş materiallarında iddia olunan cinayət əməli 30 il əvvəl baş verib. Bu səbəbdən cinayət təqibinə xitam verilməlidir. 

Nazim Bəydəmirli özü də vəkilinin vəsatətlərinə münasibət bildirib: “Guya 1996-cı ildə baş vermiş hadisə ilə bağlı mənə ittiham irəli sürülüb. 4 iyulda mənə ittiham verilib, hansı ki, həmin gün mən guya zərərçəkmiş olan Ədalət Bağırovdan şikayətə gəlmişdim. Mən ondan heç nə tələb etməmişəm. Biz şərik olmuşuq, şikayətimdə də onu demək istəyirdim ki, mənim onunla ortaq şirkətimdə 30 faiz payım var. 6 saat sonra məni elə Ədalət Bağırovun şikayəti əsasında saxladılar”.

Nazim Bəydəmirli son olaraq özünü siyasi məhbus hesab etmədiyini qeyd edib: “Mən siyasi məhbus deyiləm. Çünki siyasi fəaliyyətim yoxdur. Mənim adımdan istifadə olunmasını istəmirəm. Mən siyasi fəaliyyətimə görə həbs edilməmişəm. İqtidara və müxalifətə də eyni məsafədə olan adamam. Mən dövlətimə, vətənimə sadiq adamam”.

Prokuror vəsatətlərin təmin edilməməsini, cinayət işinin məhkəmə baxışına verilməsini istəyib.

Məhkəmə prokurorla razılaşıb. Müdafiə tərəfinin qaldırdığı vəsatətlər rədd edilib.

İlk baxış iclası mayın 13-nə təyin edilib. 

Qeyd edək ki, N.Bəydəmirli 9 ay əvvəl iki nəfəri şantaj etmək ittihamı ilə həbs edilib. Ona qarşı Cinayət Məcəlləsinin 182.2.4-cü (xeyli miqdarda əmlak əldə etmək məqsədi ilə hədə-qorxu ilə tələb etmə) maddəsi ilə ittiham irəli sürülüb. İş üzrə iki nəfər-İbrahimov Mürsəl Fəyaz oğlu və Bağırov Ədalət Əziz oğlu zərərçəkmiş qismində tanınıb.

Sail Ağasəlim