Abşeron Rayon Mərkəzi Xəstəxanası yüzminlərlə vətəndaşın ümid yerinə çevrilib

abseron-rayon-merkezi-xestexanasi-yuzminlerle-vetendasin-umid-yerine-cevrilib
Oxunma sayı: 4604

Abşeron rayon Mərkəzi Xəstəxanasında böyük bir zal. Sıra ilə düzülən masalar ayrı-ayrı funksiya daşıyır. Qeydiyyat, məlumat bürosu, göndərişlərin verildiyi bölmələr yan-yanadır. Qazi və vətən müharibəsi iştirakçılarına, onların və şəhidlərin ailələrinə xidmət edən masa digərlərindən ayrılıb. Bütün masalar doludur. Bu da təəccüblü deyil. Hər gün 2500-3000 insanın müraciət etdiyi xəstəxanada bu zal səhər saat 8.30-dan başlayaraq dolu olur. Amma qazi və vətən müharibəsi iştirakçılarına, şəhid ailələrinə xidmət edən masada, sadəcə bir nəfər var. Qeydiyyatdan keçən birinci Qarabağ müharibəsi qazisi Azad Babayevin növbə gözləmədən xidmət görmək ürəyincə olub: “Sağ olsunlar, çox yaxşı təşkil olunub. Həm şərait, həm münasibət xoşuma gəldi”.

“Qeydiyyat sistemi xəstəxananın üz qabığıdır”, - deyən “Abşeron Rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsin direktoru Azər İsmayılov icbari tibbi sığorta sisteminin tətbiqi ilə qeydiyyat sisteminin də təkmilləşdirildiyini deyir: “Qeydiyyat işinin təşkili buradakı fəaliyyətimizin ən önəmli hissəsidir. Əvvəllər qeydiyyata kiçik sahə ayrılması xidmətdə problemlər yaradırdı. Sözügedən xidməti daha geniş sahəyə yerləşdirdik və növbədə durmaq üçün xüsusi yerlər təşkil edərək əhaliyə daha rahat xidmət təqdim etdik. Eləcə də, müraciət sıxlığının səhər saatlarında olması səbəbindən qanunvericiliyin də tələblərini nəzərə alaraq, qeydiyyat vaxtını səhər 8.30-a dəyişdik. Bu addım birbaşa vətəndaşa xidmət edən addımdır”.

Əvvəllər xəstələr və yaxınları dar dəhlizə sıxışıb qalır, nəfəs-nəfəsə, boğularaq növbə gözləməli olurdular. Artıq mənzərə dəyişib. Görünən odur ki, 2021-ci ilin fevralında istifadəyə verilən müasir tipli binanın imkanları indi daha düzgün dəyərləndirilir.   

Müasir binada sürətli və fasiləsiz laboratoriya yaradılıb

2021-ci ilin fevralında istifadəyə verilən Abşeron Rayon Mərkəzi Xəstəxanası yüksək səviyyəli, müasir standartlara cavab verən binadadır. Burada stasionar, poliklinika, təcili tibbi yardım, əməliyyatxanalar, reanimasiya otaqları beynəlxalq standartlara cavab verir.

Xəstəxanada daha bir yenilik müasir laboratoriyadır. Direktorun sözlərinə görə, lll səviyyəli laboratoriya təmir və maddi-texniki bazanı gücləndirməklə lV səviyyəyə çatdırılıb. Tam avtomatlaşdırılmış müasir cihazlar sayəsində qısa zaman ərzində dəqiq nəticələr əldə edilir. Yenilənmiş laboratoriya fasiləsiz fəaliyyəti ilə pasiyentləri gözlətmədən analiz nəticələrini operativ təqdim etmək iqtidarındadır. 

Təcili tibbi yardım gücləndirilir

A.İsmayılov deyir ki, Abşeron Rayon Mərkəzi Xəstəxanasında gücləndirilmiş, təkmilləşdirilmiş təcili tibbi yardım xidməti görməyimizə də az qalıb: “İcbari tibbi sığortanın tətbiqi ilə sovet sisteminə məxsus xəstəxanaların qəbul şöbələrinin bazasında həftənin 7/24 fəaliyyət göstərən Təcili Tibbi Yardım xidməti qurulub. Abşeron Rayon Mərkəzi Xəstəxananın təcili tibbi yardım şöbəsi də zonalara ayrılıb. Qırmızı zona, özü gələn xəstələrin yönləndirildiyi yaşıl zona, xəstəxananın yükünü yüngülləşdirmək, operativ müdaxilə və vətəndaş məmnuniyyətini təmin etmək məqsədilə müşahidə zonası yaradılıb”.

Təcili tibbi yardım stansiyasının da Abşeron rayonunda yerləşməyinə baxmayaraq, təcili və təxirəsalınmaz tibbi xidmətdə keyfiyyətə nail olmaq üçün mərkəzi xəstəxanada planlı iş gedir: “Hər gün 103 xidməti vasitəsi ilə 150-200 müraciət daxil olur. Ona görə də briqada sayını 3-dən 5-ə çatdırmağa çalışırıq. Hazırda fəaliyyət göstərən 7 təcili yardım maşınımız olsa da, onlardan yalnız biri reanimobildir. Yaxın gələcəkdə xəstəxanamıza daha bir reanimobil avtomobil də veriləcək”.

Tətbiqi uğurlu sayılan “Telemedisin” layihəsinin də Abşeronda tətbiqi gözlənilir: “Telemedisin” layihəsini artıq bir dəfə sınaqdan çıxarmışıq və yaxın gələcəkdə davamlı formada həyata keçirməyi düşünürük”.

Yeni şöbələr yaradılır

Abşeron Rayon Mərkəzi Xəstəxanasına edilən müraciətlərin sayı ildən-ilə artır. Təkcə ötən il 451 571 müraciətin ünvanı olan xəstəxana xüsusən icbari tibbi sığortanın tətbiqindən sonra yüzminlərlə vətəndaşın ümid yerinə çevrilib. Səhiyyə müəssisəsinə edilən müraciətlərin təhlili zamanı müəyyən olub ki, ümumi tibbi müayinə, qan dövranı, həzm, sidik-cinsiyyət sistemi xəstəlikləri, göz və gözün əlavə aparatının xəstəlikləri, sümük və əzələ sistemi və birləşdirici toxumanın xəstəlikləri, tənəffüs, endokrin sistemi xəstəlikləri, maddələr mübadiləsi və qidalanma pozuntuları,  psixi və davranış pozuntuları, habelə sinir  sistemi xəstəlikləri kimi problemlər müraicət səbəblərinin böyük hissəsini təşkil edib.

Hazırda ən müasir cihazlarla rentgen, kompüter tomoqrafiyası həyata keçirilən xəstəxanada çatışmazlıqlar müəyyənləşdirilib və tədbirlər planı hazırlanıb. Plana uyğun ilk addımlardan biri olaraq tezliklə mərkəzi xəstəxanada qastroentoloji xidmət fəaliyyətə başlayacaq. Şöbədə həm qastroskopiya, həm də endoskopiya xidməti göstəriləcək.

2021-2022-ci illərdə ən çox edilən əməliyyat ginekoloji əməliyyat və prosedurlar olub. Doğuş sayının da xüsusilə çox olduğunu nəzərə alaraq burada ayrıca neonatoloji bölmə yaradılması planlanır.

Bundan başqa, müəssisə Bakı-Quba magistral yolunda yerləşdiyindən zərurət hiss edilən, ancaq hazırda mövcud olmayan xidmət - neyrotravma şöbəsi fəaliyyətə başlayacaq ki, bu da qəza hadisələrində erkən müdaxiləni təmin edəcək.

Daha 2 əməliyyatxana hazırlanır

Cərrahiyyə sahəsində də dəyişikliklər gözlənilir. Belə ki, tezliklə üz-çənə cərrahiyyəsi şöbəsinin yaradılması planlaşdırılır. Xəstə potensialı, günlük müraciət və əməliyyat sayı nəzərə alınaraq yeni qərarlar alınıb: “Ötən il ərzində xəstəxanamızda 6000-dən çox cərrahi əməliyyat icra olunub. Hazırda ümumi cərrahiyyə, urologiya, ginekoloji sahələrdə uğurlu əməliyyatlar həyata keçirilir. Neyrotravmatoloji şöbənin və üz-çənə cərrahiyyəsinin yaradılması ilə əməliyyatxanalara ehtiyacımız artacaq. Ona görə də, əməliyyatxanaların sayı 2-dən 4-ə çatdırılacaq”.

Vətəndaş məmnuniyyətinin artırılması ilk növbədə bu sistemi hərəkətə gətirən kadrlardan asılıdır ki, Abşeron Rayon Mərkəzi Xəstəxanasının fəaliyyəti də ilk növbədə kadrlar hesabına gücləndiriləcək. Bütün sahələr, o cümlədən TTY-nin işində dəyişikliyə nail olmaq üçün mütəxəssislər, ayrı-ayrı ixtisas sahələri üzrə peşəkarlar işə cəlb ediləcək.

Peşəkarların işə cəlbindən söz düşmüşkən,  İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin həyata keçirdiyi “Tibb müəssisələrində ixtisaslı kadr çatışmazlığının aradan qaldırılmasına dair  2022-2023-cü illər üçün Proqram” çərçivəsində artıq 53 mütəxəssis dövlət tibb müəssisələrində işə başlayıb. Bəs, Abşeron Rayon Mərkəzi Xəstəxanası təcrübəli mütəxəssis ehtiyacını xaricdə təhsil alan gənc kadrlar hesabına ödəməyi düşünürmü?

A.İsmayılov nəinki düşündüklərini, artıq prosesə start verdiklərini deyib: “Gələn ay 6 ayrı-ayrı ixtisas üzrə xaricdə təhsil almış mütəxəssisin işə qəbulu rəsmiləşəcək. Abşeron Rayon Mərkəzi Xəstəxanasında növbəti aydan işə başlayacaq gənc uzmanlar ixtisasca pediatr, üz-çənə cərrahı, ginekoloq, neonatoloq, ümumi cərrahdır”.

Onun sözlərinə görə, bu proses gələcəkdə də davam edəcək: “Yüksək kvalifikasiyalı kadrlarımız yoxdursa, infrastruktur çox yaxşı olsa belə, məmnun qalmarıq. Xəstəxanamızda peşəkar, təcrübəli həkim sayını artırmağa çalışır, tibb bacılarının bilik və bacarıqlarının artırılması istiqamətində işlər görürük. Belə ki, bundan sonrakı planlarımızda tibb bacılarının, sadəcə nəzəri və praktik biliyinin deyil, həm də vətəndaşla davranışına təsir edəcək simpozium, seminar və təlimlərdə iştirakının əhəmiyyəti nəzərə alınıb”.

İlkin səhiyyə xidməti

Əhaliyə tibbi xidmətin təşkilində Abşeron Rayon Mərkəzi Xəstəxanası, belə demək mümkünsə, ikinci mərhələdir. Xəstəliklə mübarizədə ilk addım ölkəmizdəki ASM – Ailə Sağlamlıq Mərkəzləridir.

Qeyd etdiyimiz kimi, Abşeron rayonunun inzibati ərazi dairəsinə 15 ərazi vahidi daxildir və hər birində ASM fəaliyyət göstərir. Abşeron Rayon Mərkəzi Xəstəxanasının yeni rəhbərliyi həmin ərazilərin hamısını gəzib, qeydlər götürüb. Maraqlıdır, ASM-lərdə çatışmazlıqlar varmı, yoxsa onların gücü vətəndaşlara ilkin tibbi xidməti vaxtında və qüsursuz yerinə yetirməyə imkan verir?

A.İsmayılov öz qeydlərini bölüşüb: “İlkin səhiyyə xidməti, ailə həkimliyi institutu icbari tibbi sığortanın tətbiqindən sonra formalaşıb. Bu sahədə xeyli işlər həyata keçirilib. Xırdalan şəhəri, Saray qəsəbəsi, Masazır, Güzdək, Aşağı Güzdək, Qobu, Hökməli, Pirəkəşkül, Novxanı, Mehdiabad ASM-lərində olarkən bunun şahidi olduq. ASM-lərimiz tam gücü ilə işləyir”.

Direktor xəstəxanaya olduğu kimi, ASM-lərə də kompleks yanaşıldığını vurğulayıb. Burada da həm təchizata, həm kadr potensialının gücləndirilməsinə eyni dərəcədə önəm veriləcəyini deyib: “ASM-lərdə stasionar şöbələr yoxdur, yalnız ambulator xidmət fəaliyyət göstərir. Bu xidmət üçün lazım olan sərfiyyat da məhz xəstəxana tərəfindən təmin edilir”.

Birbaşa keçid Mərkəzi Xəstəxanaya çatma vaxtını qısaldacaq

Abşeron Rayon Mərkəzi Xəstəxanasının hazırda əsas problemi yolla bağlıdır. Bakı-Quba yolunun şərqi 8-ci kilometrliyində yerləşən xəstəxanaya şossedən birbaşa keçid tələb edilib. A.İsmayılov bu məqsədlə müvafiq qurumlara müraciət ünvanladıqlarını deyib.

Qeyd edək ki, hazırda Quba–Bakı istiqamətində hərəkət edən maşınlar, o cümlədən təcili tibbi yardım avtomobilləri xəstəxanaya daxil olmaq üçün Masazır dairəsinədək gedib oradan geri qayıdır. Xüsusən, xəstənin həyatı üçün zamanla yarışan təcili tibbi yardım maşınlarının xəstəxanayadək əlavə dəqiqələr sərf etməsi kifayət qədər təhlükəlidir.

O təkbaşına 5 xəstəxanaya dəyər?

Xəstəxananın baş həkimi Əli Allahverdiyevin verdiyi məlumata görə, Abşeronda rəsmi qeydiyyatda olan əhali sayı 510 min nəfərdir. Qeyri-rəsmi yaşayanlarla birlikdə əhalinin sayı 700 min nəfərdən çoxdur: “Bu rayonda xəstəxana bir, əhali çox, gözləntilər isə böyükdür. Ancaq bu tibb müəssisəsi 700 mindən çox əhalinin sağlamlığının məsuliyyətini öz üzərinə götürməkdən qorxmur”.

Biz də əmin olmaq istəyirik ki, Abşeron Rayon Mərkəzi Xəstəxanası başqa şəhərlərdə 5 xəstəxananın götürdüyü məsuliyyətin öhdəsindən təkbaşına gələcək!

Ruhiyyə Daşsalahlı