Abşeronda Zəfər Günü qeyd edildi - Fotolar

abseronda-zefer-gunu-qeyd-edildi
Oxunma sayı: 1012

Abşeron rayonunda 8 Noyabr - Zəfər Günü qeyd edilib.

“Qafqazinfo” xəbər verir ki, Xırdalan şəhərində keçirilən tədbirdə Abşeron Rayon İcra Hakimiyyətinin başçısı İradə Gülməmmədova, Dövlət Təhlükəsizliyi Xidmətinin Abşeron Rayon İdarəsinin rəisi Ruslan Rəhimov, şəhid ailələri, qazilər, veteranlar və digər rəsmi şəxslər iştirak edib.

İştirakçılar əvvəlcə Xırdalandakı ümummilli lider Heydər Əliyevin adını daşıyan Parka gələrək Ulu Öndərin büstü önünə güllər düzüb, xatirəsini ehtiramla yad ediblər. Sonra parkda Zəfər Gününə, şəhidlərimizin əziz xatirəsinə həmişəyaşıl ağaclar əkiblər.

Bundan sonra Abşeron Mədəniyyət Evinin qarşısında incəsənət nümayəndələrinin iştirakı ilə açıq havada Zəfər Günü qeyd edilib.

Bildirilib ki, Prezident, Ali Baş Komandan İlham Əliyevin uzaqgörən siyasəti, düzgün qərarları və iradəsi sayəsində düşmənə sarsıldıcı zərbə vuruldu və torpaqlarımız işğaldan azad edildi. Şəhidlərimizin, qazilərimizin və ümumən ordumuzun və xalqımızın birliyi sayəsində 30 illik vətən həsrətinə son qoyuldu.

Bundan sonra Abşeron Mədəniyyət Evinin foyesində məktəblilərin Zəfər Gününə həsr etdiyi əl işlərinə baxış keçirilib.

Tədbirin davamında Dövlət Himni ilə mərasimin rəsmi hissəsi başlayıb. Vətənimizin bütövlüyü uğrunda canından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Vətən müharibəsi zamanı Ali Baş Komandan İlham Əliyevin qətiyyətli çıxışlarını, igidlərimizin göstərdiyi şücaəti, xalqımızın qələbə sevincini özündə əks etdirən videorolik nümayiş etdirilib.

Daha sonra ölkəmizin tanınmış incəsənət nümayəndələrinin iştirakı ilə geniş konsert proqramı təqdim edilib.

Günün sonunda isə Heydər Əliyev parkında torpaqlarımızın işğaldan azad edilməsi və şanlı Zəfər Günümüzlə bağlı atəşfəşanlıq keçirilib.