Ağ dənizin hüznü - II Yazı

ag-denizin-huznu-ii-yazi-
Oxunma sayı: 770

Bizim bu səfərlərə digər əməkdaşların qatılması təklifimizi Azərsell yetgililəri soyuq qarşılayaraq bunun yalnız redaktorlar üçün nəzərdə tutulduğunu söyləyiblər. İstisna hallarda redaktor müavinləri qatılıb. Amma hər təzə səfərdə bir neçə nəfər yeni simalar olub. Bu dəfəki səfərdə yeni medianın nümayəndələri də vardı və mən etüdləri qəsdən həmin adamlara - Modern.az saytının rəhbəri Elşad Eyvazlıya, Qafqazinfo.az – ın redaktoru Elbrus Əruda ithaf etmişdim. Bununla da yeni medianın nümayəndələrinin bu səfərlərə qatılmasını heyətdə kimlərin olmasını bilmək istəyənlərə bəyan etmişdim. Eyni zamanda səfər zamanı dənizin sahilində, hovuzun kənarında ara-sıra Bakıda da etdikləri - saytlarına yazmaq xahişlərinə biraz candərdi cavab kimi etüdləri qaralamışdım.
...Hüzn həqiqətən də vardı. Amma o günlərdə mən həmin kədərin-qüssənin dəqiq köklərini, nədən yarandığını tam dərk etməmişdim. Bu üç epizodda o hüznün köklərini gizlədən məqamların olduğunu düşünürdüm. Ona görə o üç epizodu ötəri təsvir edib sonda oxuyanlara, ən çox da səfər yoldaşlarıma - onların belə bir hiss keçirib-keçirməmələrini bilmək arzusuyla - iki ardıcıl ? ünvanladım.
Etüdlər iki sayt üçün nəzərdə tutulmuşdu. Mən qəsdən, yeni medianın xarakterini, üstünlüklərini və bəlkə də qüsurlarını nəzərə alaraq alaçiy təəssüratları oxuyanların, həvəskar şərh yazanların ağuşuna atdım. İndi bəzi saytlarda qondarma, taxma imzalarla “əməkdar” şərh yazanlar zümrəsi yetişib. Bir müddət öncə bu “əməkdarların” mətəsi “Azadlıq” radiosuydu. O zaman radionun yerli rəhbərlərinə anonim imzalarla şərh yazılmasının, psixikası problemlilərin hədyanlarının sayta qoyulmasının düzgün olmadığını bildirmişdim. “Azadlıq” radiosu şərhyazanları qeydiyyatdan keçirməyə başlayandan bu şərh pərgarlarının oradakı məkanı yiyəsiz qaldı. İndi onlar əsasən, Elbrus Ərudun rəhbərlik elədiyi saytda meydan sulayırlar! Mənim, yaxud hər hansı həmkarımın əleyhinə gic-gic ittihamlar yazan bu şəbədə ustaları qorxularından öz həqiqi adlarını yazmır, bizdən isə cəngavərlik tələb edirlər. Nə isə... Amma mən bu şərhlərin içərisində seyrək olsa da, iti atmacalar, qısa, tutumlu, yerinə düşən sərrast fikirlərlə rastlaşmışam. Yazının davamının şərhlərdən asılı olmasını da onlara güvənərək yazmışdım. Güman edirdim ki, 1500 km uzaqlıqda olan iti ağıllı bir istedadlı dostumuz sərrast bir-iki cümləylə o hüznün səbəbini kəşf edəcək. Olmadı!
Etüdləri və indi oxuduğunuz bu yazını da qəzetdə çap etmək fikrim olmayıb. Bizim adət etdiyimiz kağız variantı daha çox əllə tutulandı - sənəddi, bəlgədi. Qəzetdə məsuliyyət daha artıqdı. Saytda isə daha azadsan. Və indi deyəcəyim fikirləri də yəqin ki, qəzet üçün yazası olsaydım daha fərqli klavişlərdə döyəcləyərdim!

Hüznün köklərini axtararkən

Orxan Pamuk “İstanbul” əsərində 1453-ci il hadisələriylə bağlı hissəni “Fəthmi, çöküşmü?” adlandırıb. Uzun müddətdi beynimdən çıxmır, ara-sıra düşünürəm... Biz İstanbulun fəthi demişik, eşitmişik. Qərb isə bunu Konstantinopolun Çöküşü adlandırıb. Osmanlıların qürrələndiyi bir məqam da istila etdiyi yerlərdə yerli xalqın dilinə, dininə, mədəniyyətinə, malına, mülkünə toxunmaması, ədaləti önə çəkilib. Ağ dənizin sahilində beyninin sakit çağında rastlaşdıqların, gördüklərin qəfildən dərinlərə işıq salır və Zen fəlsəfəsinin təlqin elədiyi kimi Həqiqət ( Həqiqətmi?) sənə birdən bəyan olur!

Osmanlı ona görə o torpaqları zəbt edərkən xristian xalqlarla pişim-pişimlə davranırdı ki, O MƏDƏNİYYƏTƏ, O YAŞAM TƏRZİNƏ, O CƏMİYYƏTƏ HEYRAN İDİ! Gizlində, qəlbinin dərinliklərində heyran idi!
Qılıncla, qanla aldığı torpaqları bir xristian gözəlinin, rus qızının işvəsinə qurban verirdi! Qoşunla fəth etdiyi yerləri bir xristian qadını onun qəlbinə, ruhuna... hakim kəsilməklə geri alırdı.
Tarixdə çoxlu faktlar var! Paşaların və sərkərdələrin heyran olduğu xristian gözəllərə nələri güzəştə getməsi barədə! O heyranlıq 500 ildi yenə də qalır. Belə olmasaydı babaları gözəl Krımdan Özbəkistana sürgün olunan, Fərqanədə doğulan, geri dönməyə imkan yarananda rusların bu qayıdışa qarşı müqavimətini gözüylə görüb sarsılan İzzət rus gözəlinin eşqiylə alışıb yanmazdı. Bu genetik heyranlığın milli yaddaşa da, qisasa da üstün gələn əbədiliyidi.

Nevval Sevindi bir türk xanım yazarıdı. Bəlkə bir qadın olaraq hirsindən daha kəskin deyib: “Sovetlər dağılanda türk erkəkləri Türkiyəyə axışan rus qızlarını görüb çaşdılar! Əcaba bunlar qadındımı? Bunlar qadındısa, bəs bizim evdəkilər nədi? Yox bizim evdəkilər qadındırsa, onda bunlar mələkdilər!!!”
Həəə... Bu mələklər əsrlərdi türk kişilərini heyran etməkdə davam edir! Həm də öz gözəllikləri, işvələri, nazları, xoş rəftarıyla! Yeri gələndə sadəliyi, vurulanda dəli eşqləri, səmimilikləriylə!!
“Möhtəşəm yüzil” təzə başlayanda türk qadınları əl uzadıb tv ekranından Hürrəmi didməyə hazırıydılar! Onlardan fərqliydi! Osmanlı sərhədlərini ən çox genişlədən Sultan Süleyman bir ukraynalı gözəlin məftunu olmuşdu. 28 yaşlı türk kişisinin başqa yolu da yoxuydu! Fərqli bir qadın görmüşdü! Üzünü güldürmüşdü, əsəblərini sakitləşdirmişdi... Sultanın! Türk qadınının xarakterik obrazını ))) əks etdirən Mahi Dövranın daima kədərli sifəti, daim mənfi impuls yayan aurası qarşılığında Hürrəmin Sultanın kefin kökəldən, ruhunu oxşayan manerası! Sultanın seçim imkanı vardı... )))

Rəsul Həmzətovun seiri var - Bütün müharibələr torpaq və qadın uğrunda olub! Qalanları xoruz döyüşüdü! İmkanı olan kimi öz dırdırıyla Sultanı bezdirən, fantazilərinə sədd çəkən Mahi Dövranın yolunda hansı torpaq fəth edilə bilərdi ki!?
Bəlkə Süleyman Hürrəmi tapdığından Osmanlı sərhədlərini bu qədər genişləndirə bilmişdi?!

Hər uğur qazanan Kişinin arxasında bir güclü qadın var! Özümüzünkülər də olub! Amma az! İstisnalarla!
Aydın olan, birdən-birə işıqlaşan və özüylə Hüzn gətirən Həqiqət buydumu? Hüzn bizim qadınların zəifliyinə, acizliyinə görəydimi? Bəs belə olmalarında onların günahı nə qədərdi? Kim edib bunu? Kişilərmi, Dinmi, İdarə edənlərmi? Qadınını qoz qabığına soxan, istəyin-eşqin, sevgisin əlindən alan, özünü təsdiqinə imkan verməyən mühafizəkar cəmiyyətmi?

Şərq şairləri birbaşa qadın gözəlliklərinə yönələn, qadını ucaldan, sevgini göyə qaldıran şeirlər yazıblar! Mollalar, idarə edənlər danıb. Heç bir qadın eşqi, filan yoxmuş! Hamısı ilahi eşqdən yazıblarmış! Mahiyyətində yenə də qadını aşağılayan, sevgini-eşqi danan bic siyasət! Belə də - sən öz qadınını əşyaya çevirəndə Hürrəmlər gəlib səni öz taxtında fəth edəcək!
21-ci əsrdə sən “Hicaba azadlıq”!!!! şüarı deyib, yenə qadınını geriyə - cəhalətə sürükləyirsənsə, sənin ağcabədili Samirin, naxçıvanlı Kamilin, krımlı İzzətin, aydınlı Mehmet Alin.....rahatlığı, insan kimi yaşamağı, eşqi, sevgini... rusun qoynunda axtaracaq!!!
Bir neçə il əvvəlin statistikasıdı. Son iyirmi ildə ikiyüz min türk rus qızıyla evlənib! İndi daha da artmış olar! İstanbulun mərkəzində cocuqlarının əlindən tutub türkcə qonuşan və rus olduğu bilinən analara tez-tez rast gəlmək olar!

Marko Polo otelində də Ukraynadan, Rusiyadan gələnlər çox idi. Yemək növbəsində gənc aşpaz Mehmet Ali ard-arda düzülüb onun bişirdiyi toyuq- badımcan -yumurta -pendir qarışıq yeməyi gözləyən qızlara baxaraq köks ötürür:
- Kaç yılımı ingiliscəyi öyrənməyə sərf etdim, bir işimə yaramadı. Kaş ki, ruscayı öyrənəydim!
Gənc həmkarlarımdan biri sahildə xeyli ordan-burdan, siyasətdən, qəzetdən, saytdan ... uzun söhbətin sonunda deyir:
- Rəşad əmi! Siz xoşbəxtsiniz ee rusun içində, rusnan bir yerdə yaşamısınız!
Biraz sonra “Ukraynada dostlarım var qayıdanda bir həftə gedib qalacam orda! Gedəcəm eee” – deyib coşur!
Başqa gənc həmkarım “rusca bilirsənmi?” sualıma - “bilirəm ey, amma utanıram danışmağa... Qayıdanda kursa yazılacam!” – deyə cavab verir.
Axşam çəmənlikdə mütəkkəyə söykənib qəlyan çəkirəm. Göyə baxıram.
Aqil Abbas və İradə xanım gəlir!
- Kədərlisən!
- Ağ dənizin hüznündən yazmışam!
Göyə baxır...
- Dolunay çıxıb yəqin ondandı! Dolunay hüzn gətirir!

P.S- İradə xanım “Ağ dənizin duzu”n bəyənməmişdi. Sms yazmışdı. Yəqin heç “Hüznü” də bəyənməyəcək!!!


Rəşad Məcid

17.07.2011
Bakı