“Ağ göyərçin və Saakaşvili” nağılı...

ag-goyercin-ve-saakasvili-nagili
Oxunma sayı: 44557

Şuşa-Laçın yolundakı aksiyada ağ göyərçini bilmədən sıxıb öldürən qadının videosunu, yəqin ki, hamımız gördük. Saakaşvilinin son videosunu da...

***

Sülh o yerdə olur ki, ora ağ göyərçinlər özləri gəlir, yuva qurur. Quyuya su doldurmaqla quyu sulu olmaz.

İnsanın bəzən dilindən çıxanlara əlləri drijorluq edə bilmir. Dili sülh nəğməsi oxuyur, əlləri boğur, öldürür. Bundan özünün də xəbəri olmur.

Qafqaz belə yerdir; Tanrı bizi aranda dəmiri köz qabağında saxlayar kimi saxlayır, qanımız damarımızda qaynayanda qış-yay qarı əriməyən nəhəng dağlara yaxınlaşdırır, içimiz od-alovlu, yanaqlarımız buz kimi...

Qafqaz belə yerdir və burada bir gün bir qadın sülh qışqıra-qışqıra ağ göyərçin boğar, nə özünün xəbəri olar, nə göyərçinin.

Qafqaz heç vaxt təpədən dırnağa istila olunmayıb, Qafqaz heç vaxt təpədən dırnağa əcnəbi mədəniyyətə bürünməyib. O qan... Əzəli qan... O qan bəzən bir adamın damarında qalıb, qorunub, meşələrdə, dağlarda yaşayıb, yenə artıb.

O qan dünyanın heç bir qanına oxşamır. Ona görə də dünyanın hər yerinə ağ göyərçinlərlə gələn sülh Qafqaza ağ göyərçinlərlə gəlmir, gələ bilmir. Əlimizə qədər gətirirlər, əlimizdə tuturuq, uçurdanayaxın boğub öldürürük.

“Saakaşvili Gürcüstanı” ona görə yaradılmışdı ki, bir əsr rus diktəsində olan Qafqaz və postsovet ölkələrinin gözü model görsün. Bu modellərdən biri Cənub Şərqi Asiyadadır – kod adı “Sinqapur”, digəri Cənubi Koreya və s.

Bütün layihələr tutdu, “Saakaşvili Gürcüstanı” yox.

Şuşa-Laçın yolunda şubalı qadının əlində başı pinəçi çəkici kimi yellənən ölü göyərçinlə, əlil söykənəcəyində sürünən Saakaşvilini ardıcıl izləyən bir adam kimi deyirəm. Doğrusu, nə deyim, bilmirəm.

“Çok canım sıkılıyor, kuş vuralım istersen”...

Sərdar Amin,

xüsusi olaraq “Qafqazinfo” üçün