Ağdam icrasından 45750 manatlıq ianə, yüzlərlə ailəyə ərzaq payı - Fotolar + Video

agdam-icrasindan-45750-manatliq-iane-yuzlerle-aileye-erzaq-payi
Oxunma sayı: 2118

Ağdam Rayon İcra Hakimiyyəti Başçısı aparatının əməkdaşları, inzibati ərazi dairəsi üzrə nümayəndələr koronavirus pandemiyasının ölkə ərazisində yayılmasının qarşısının alınması, vətəndaşların sağlamlığının qorunması məqsədilə Prezident İlham Əliyevin sosial həmrəylik nümayiş etdirilməsi barədə tövsiyələrinə uyğun olaraq irəli sürülən təşəbbüsə qoşulublar.

“Qafqazinfo”nun məlumatına görə, İcra Hakimiyyəti Başçısı aparatının əməkdaşları, inzibati ərazi dairəsi üzrə nümayəndələr müxtəlif məbləğlərdə olmaqla ümumilikdə 45750 manat vəsaiti Prezident İlham Əliyevin “Azərbaycan Respublikasında əhalinin sağlamlığının qorunması və koronavirus infeksiyasına qarşı mübarizənin gücləndirilməsi ilə bağlı tədbirlər haqqında” 2020-ci il 19 mart tarixli Fərmanına əsasən yaradılmış Koronavirusla Mübarizəyə Dəstək Fonduna köçürüblər.

Ağdam rayon İcra Hakimiyyətinin təşəbbüsü və təşkilatçılığı ilə ahıl, kimsəsiz və daha çox ehtiyacı olan insanlara hər gün baş çəkilib, onlara ərzaq yardımı göstərilir. Bu günə qədər rayon ərazisində və digər rayonlarda məskunlaşan Ağdamlı məcburi köçkünlərdən daha çox ehtiyacı olanlara ümumilikdə 500-dən çox ərzaq bağlaması göndərilib. Gündəlikdə bu iş davam etdirilir. Hər gün orta hesabla 50-60 ailəyə baş çəkilir, onlara ərzaq bağlamaları paylanılır.

Əlavə olaraq, Ağdam Rayon İcra Hakimiyyətinin təşəbbüsü ilə Quzanlı qəsəbəsində fəaliyyət göstərən "Ağdam market”dəEhtiyacın var götür, imkanın var əlavə” aksiyası başladılıb. Burada imkansız, ehtiyacı olan sakinlərin pulsuz ərzaq əldə etməsinə yardımçı olurlar. Aksiyanın məqsədi aztəminatlı ailələri, kimsəsiz və tənha həmvətənləri pulsuz ərzaqla təmin etməkdir. İndi bir çox ailələr, vətəndaşlar bu xeyirxah təşəbbüsdən bəhrələnirlər.

Ağdam rayon İcra Hakimiyyətinin təşəbbüsü və təşkilatçılığı ilə Ölkə xaricində yaşayan Ağdamlılar tərəfindən də ahıl, kimsəsiz və daha çox ehtiyacı olan olan 150-dən çox  ailəyə baş çəkilib, onlara ərzaq yardımı göstərilib.

Nazirlər Kabineti yanında Operativ Qərargahın qəbul etdiyi xüsusi karantin rejiminin tələb və tövsiyyələrinə rayonda ciddi əməl olunur. Operativ Qərargahın qərarına uyğun olaraq Ağdam rayonunda bütün park və istirahət məkanlarına insanların sıxlığını tənzimləmək məqsədi ilə giriş məhdudlaşdırılıb.

Koronavirus infeksiyasının yayılmasının qarşısının alınması və sosial təcridin gücləndirilməsi, rayonda xüsusi karantin rejiminin tələblərinin yerinə yetirilməsinə nəzarət, habelə fərdi izahetmə-xəbərdarlıq işinin aparılması üçün rayon İcra Hakimiyyəti başçısı aparatının, inzibati ərazi nümayəndəlikərinin, bələdiyyələrin nümayəndələrindən ibarət 2-3 nəfərlik mobil qruplar yaradılıb. Rayonda, eyni zamanda genişmiqyaslı dezinfeksiya işləri davam edir. Yaşayış məntəqələrində, həyətlərdə, qeyri-yaşayış obyektlərində dezinfeksiya işləri mütəmadi həyata keçirilir.