Ağdam rayonunda 27 Sentyabr- Anım Günü ilə bağlı tədbir keçirilib.
“Qafqazinfo” xəbər verir ki, tədbirdə şəhid ailələri və qazilər, Ağdam Rayon İcra Hakimiyyətinin başçısı Vaqif Həsənov, aparatın əməkdaşları, Yeni Azərbaycan Partiyası Ağdam Rayon Təşkilatının sədri Mansur Quliyev, hüquq mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri, din xadimləri, ictimaiyyət nümayəndələri və rayon sakinləri iştirak ediblər.
Çıxış edən Rayon İcra Hakimiyyətinin başçısı Vaqif Həsənov və digər natiqlər 1988-ci ildən başlayaraq ermənilərin Azərbaycana qarşı olan torpaq iddialarından, müxtəlif zamanlarda dövlətçiliyimizə və ərazi bötövlüyümüzə ciddi təhlükə yaradan hərbi təxribatlardan, 27 sentyabr 2020-ci il tarixdə Ermənistanın cəbhəboyu genişmiqyaslı təxribatına əks cavab olaraq Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun düşmənə layiqli cavabını verərək tarixi ədaləti bərpa etməsindən, 44 günlük şanlı Vətən Müharibəsində xalqımızın Ali Baş Komandan, Prezident İlham Əliyevin ətrafında sıx birləşərək tarixi zəfərə imza atmasından, 19 sentyabr 2023-cü il tarixdə Azərbaycan Ordusunun həyata keçirdiyi 24 saatlıq lokal antiterror tədbirləri nəticəsində Qarabağda yerləşən qeyri-qanuni erməni hərbi birləşmələrinin tərkisilah edilməsindən bəhs ediblər.
Daha sonra RİH başçısı və tədbir iştirakçıları Şəhidlər Xiyabanını və rayonun digər kəndlərində dəfn olunmuş şəhidlərin məzarlarını ziyarət edərək onlara ehtiramlarını göstəriblər.