Ağdam Rayon Heydər Əliyev Mərkəzində Prokurorluq işçilərinin peşə bayramı günü münasibətilə tədbir keçirilib.
“Qafqazinfo” xəbər verir ki, tədbirdə Ağdam Rayon İcra Hakimiyyətinin başçısı Vaqif Həsənov, aparatın əməkdaşları, Ağdam rayon prokuroru Vasif Süleymanov, Ağdam rayon hərbi prokuroru Elnur Kərimov, hüquq mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri, rayon prokurorluğunun əməkdaşları iştirak ediblər.
Tədbir iştirakçıları əvvəlcə ulu öndər Heydər Əliyevin mərkəzi meydanda ucaldılmış abidəsini ziyarət edib, önünə tər gül dəstələri düzüblər.
Heydər Əliyev Mərkəzində davam edən tədbirdə ilk öncə Dövlət Himni səsləndirilib, ümummilli liderin, torpaqlarımızın ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş vətən övladlarının və dünyasını dəyişmiş prokurorluq işçilərinin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Çıxış edən RİH başçısı Vaqif Həsənov və digər natiqlər ulu öndər Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra prokurorluq orqanlarının fəaliyyətində yeni bir dövrün başlanmasından, ümummilli lider Heydər Əliyevin hər il oktyabr ayının 1-nin Azərbaycan Respublikası prokurorluq işçilərinin peşə bayramı günü kimi qeyd edilməsinə dair imzaladığı 17 iyul 1998-ci il tarixli Sərəncamdan, Prezident İlham Əliyevin göstərişləri əsasında prokurorluq orqanlarında son dövrlərdə aparılan kadr islahatları nəticəsində savadlı kadrların vəzifədə irəli çəkilməsindən, yüksək keyfiyyətli təhsil almış gənclərin prokurorluq orqanlarına qəbul olunmasından bəhs ediblər.
Tədbirdə Ağdam rayon prokuroru Vasif Süleymanov Azərbaycan Respublikasının Baş prokuroru Kamran Əliyevin prokurorluq işçilərinə ünvanlanmış təbrik məktubunu oxunub. Tədbirin sonunda bir qrup prokurorluq orqanının əməkdaşı Rayon İcra Hakimiyyətinin başçısı tərəfindən mükafatlandırılıb, həmçinin Baş prokuror Kamran Əliyevə rayon ictimaiyyəti adından təbrik məktubu ünvanlanıb.