“Almaniyadan tələbimiz odur ki, Azərbaycan xalqının seçiminə hörmətlə yanaşsın” - Hökumət

almaniyadan-telebimiz-odur-ki-azerbaycan-xalqinin-secimine-hormetle-yanassin-hokumet
Oxunma sayı: 687

"Azərbaycanla Almaniya arasındakı münasibətlər Avropa ilə qarşılıqlı münasibətlərdə böyük rol oynayır."

SalamNews-un verdiyi xəbərə görə, bunu "Azərbaycanın Avropa yolu: inkişaf və potensial" Azərbaycan-Alman Forumunda çıxış edən Prezident Administrasiyasının İctimai-Siyasi Məsələlər şöbəsinin rəhbəri Əli Həsənov deyib.

"Bizim Almaniya ilə lap qədimdən bəri xoş münasibətlərimiz var. Bu münasibət bu gün də davam edir və gələcəkdə də bunu davam etdirmək niyyətindəyik. Almaniya Avropanın ən nəhəng ölkələrindən biridir. O, Avropa İttifaqında həlledici rol oynayır. Avropaya inteqrasiya proseslərində, Avropa ölkələrinin maliyyə böhranının həllində Almaniyanın rolu əvəzolunmazdır. Ancaq Almaniyaya qarşı bizim əsas tələbimiz – Azərbaycanın milli maraqlarını diqqətə almaq, bizim müstəqil siyasətimizi dəstəkləmək, Azərbaycan tərəfindən regionda və dünyada aparılan siyasətə, həmçinin Azərbaycan xalqının seçiminə və iradəsinə hörmətlə yanaşmaqdır.

Hesab edirəm ki, bu prinsiplər bizim qarşılıqlı münasibətlərimizə mənfi təsir göstərmir, əksinə, bu prinsiplərə əməl etməklə biz Avropa ölkələrinin maraqlarına, onların regional siyasətinə və təhlükəsizlik məsələlərinə hörmətlə yanaşırıq." - Ə.Həsənov belə deyib.

Tədbirdə çıxış edən Konrad Adenauer Fondunun Avropa və Şimali Amerika şöbələrinin rəhbəri Cens Paullus, öz növbəsində, qeyd edib ki, Azərbaycan həm iqtisadi, həm də siyasi cəhətdən inkişaf edir: "Keçid dövrü ən çətin dövrdür. Azərbaycan Avropanın diqqət mərkəzindədir və elə buna görə burada Konrad Adenauer Fondunun ofisi açılıb. Azərbaycan qeyri sabit regionda yerləşib, bu da ölkənin inkişafına təsir edən bir sıra problemlərə səbəb olur."