27 sentyabr - Anım Günündə Nəsimi rayon İcra Hakimiyyətinin başçısı aparatının məsul əməkdaşları, rayon təşkilatlarının nümayəndələri, Şəhid ailələri və müharibə iştirakçılarının ailələri, rayon ictimaiyyəti Şəhidlər xiyabanını ziyarət edərək torpaqlarımızın azadlığı uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsini ehtiramla yad edib.
“Qafqazinfo” xəbər verir ki, Anım Günü münasibətilə Nəsimi rayonu ərazisində yerləşən “Zəfər bağı”nda tədbir keçirilib.
Tədbirdə rayon İcra Hakimiyyətinin, hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri, rayondan seçilmiş millət vəkilləri, Vətən müharibəsi şəhidlərinin ailə üzvləri, Vətən müharibəsi qaziləri və rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.
İlk olaraq Vətən Müharibəsində həlak olan şəhidlərimizin xatirəsi 1 dəqiqəlik sükutla yad edilib, Dövlət Himni səsləndirilib.
Tədbir iştirakçıları xatirə kompleksinin önünə əklil və gül-çiçək dəstələri qoyaraq, şəhidlərin xatirəsini ehtiramla yad ediblər.
Tədbirdə çıxış edən Nəsimi rayon İcra Hakimiyyətinin Başçısı Asif Əsgərov bildirib ki, Vətən Müharibəsi bizim şanlı tariximiz, şəhidlər və qazilər qürur mənbəyimizdir. Xalqımız və dövlətimiz qəhrəman övladlarının şücaətini daim yüksək qiymətləndirir, şəhidlərimizin ruhuna ehtiramla yanaşır, xatirəsini uca tutur. Eyni zamanda qeyd etdi ki, Vətən müharibəsi şəhidlərinin ailələrinə, qazilərinə Nəsimi rayonunda daim yüksək həssaslıqla yanaşılır, diqqət və qayğı göstərilir.
Çıxış edənlər Millət vəkili Məlahət İbrahimqızı, Dağ Yəhudiləri dini icmasının rəhbəri Melix Yevdayev qeyd etdilər ki, xalqımız şəhidlərimizin müqəddəs ruhuna ehtiramla yanaşır, xatirələri daim uca tutulur.
Daha sonra məktəblilərinin ifasında müxtəlif bədii kompozisiyalar nümayiş etdirilib, şəhidlərin xatirəsinə əkilmiş ağaclara və yaşıllıqlara qulluq göstərilib.
Sonda 27 Sentyabr - Anım Günü münasibətilə şəhidlərin xatirəsinə ehsan süfrəsi açılıb.