Atletika federasiyasında qalmaqal

atletika-federasiyasinda-qalmaqal
Oxunma sayı: 940

May ayının 28-30-da İWF-nin (Beynəlxalq Ağır Atletika Federasiyasının) hesabat-seçki konfransı baş tutub. “Qafqazinfo” unikal.org-a istinadən xəbər verir ki, bu konfransda Olimpiya dərəcəli hakim Vahid Nəzərovun Texniki komitəyə və Elmi şuraya namizədliyi irəli sürülüb və qeydə alınıb. 

Bunun üçün də V.Nəzərov mayın 28-də həmin konfransda iştirak etmək üçün Taylanda səfər etməli idi. Ancaq nədənsə, azərbaycanlı hakimin belə bir önəmli konfransda iştirakı mümkün olmayıb. Milli komandanın sabiq baş məşqçisi, SSRİ idman ustası, ağır atletika sahəsində ilklərə imza atan Nəzərova səlahiyyətli qurumlar da kömək edə bilməyib. 

Nəzərov özü də bu barədə açıqlama verib: “Əvvəlcə bildirim ki, bu konfransda yeni federasiya rəhbərləri, rəyasət heyəti, vitse-prezidentlər, icraiyyə komitəsi, texniki komitə seçilir. Bu önəmli konfransda mənim namizədliyim də yerli federasiya tərəfindən göndərilmiş, Beynəlxalq qurum tərəfindən də qeydə alınmışdı. Mən də getməməyimizi bir-iki gün öncə öyrəndim.

Bizi İctimai TV-yə dəvət etmişdilər. Oradan çıxdıqdan sonra yerli federasiyanın baş katibi Rizvan Rəsulova yaxınlaşdım və nə vaxt gedəcəyimizi soruşdum. O dedi ki, Cahangir Əsgərov getməyə icazə vermir. Dedim başa düşmürəm, namizədliyimin qəbul olunması üçün adımı göndəribsə, indi niyə icazə vermir? Konfransa Tofiq Heydərov, Rəhman Rəsulov və adını bilmədiyim bir nəfər qatılıb”.