ATU-da “Sağlamlıq və Texnologiyanın Zirvəsi” adlı konfrans keçirildi - Fotolar

atu-da-saglamliq-ve-texnologiyanin-zirvesi-adli-konfrans-kecirildi
Oxunma sayı: 201

Azərbaycan Tibb Universitetində (ATU) “Şəhərsalma və Memarlıq İli” çərçivəsində, Ulu Öndər Heydər Əliyevin anadan olmasının ildönümünə həsr olunmuş “Sağlamlıq və Texnologiyanın Zirvəsi” adlı beynəlxalq elmi-praktik konfrans təşkil edilib.

“Qafqazinfo” xəbər verir ki, tədbir Dövlət Himninin səsləndirilməsi və Vətən uğrunda canından keçən şəhidlərin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.

Konfransın açılışında çıxış edən universitetin rektoru, professor Gəray Gəraybəyli “Sağlamlıq və Texnologiyanın Zirvəsi”  mövzusuna həsr olunan bu mötəbər tədbirdə yerli mütəxəssislərlə yanaşı, Birləşmiş Krallıq, Özbəkistan, Qazaxıstan və Qırğızıstandan olan qonaqların da iştirak etdiyini bildirib. Rektor üç gün davam edən konfransın əhəmiyyətini vurğulayaraq, qeyd edib ki, əsas məqsəd müasir tibbdə innovativ texnologiyaların tətbiqi və multidissiplinar yanaşmaların elmi müstəvidə müzakirəsi və bu sahədə yeni həllərin təqdim olunmasıdır.

Builki tədbirin ən mühüm yeniliyinin “Şəhərsalma və Memarlıq İli” ilə əlaqədar təşkil olunan xüsusi panel olduğunu vurğulayan ATU rəhbəri qeyd edib ki, bu bölmədə "sağlam şəhər" konsepsiyası, yaşıl infrastrukturun ictimai sağlamlığa təsiri və şəhərsalma ilə tibb elminin inteqrasiyası elmi əsaslarla təhlil edilir.

Daha sonra müasir şəhərsalma konsepsiyalarından bəhs edən videoçarx nümayiş olunub.

Ardınca Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsinin rəisi Read Qasımov çıxışına belə mühüm platformanın təşkilinə görə universitet rəhbərliyinə minnətdarlıqla başlayıb. O, müasir dövrdə şəhərlərin inkişafının insanların həyat keyfiyyəti və sosial rifahı ilə ölçüldüyünü vurğulayıb.

R. Qasımov Ulu Öndər Heydər Əliyevin müəyyənləşdirdiyi strateji kursun Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini, 2026-cı ilin “Şəhərsalma və Memarlıq İli” elan edilməsinin bu sahəyə dövlət qayğısının bariz nümunəsi olduğunu qeyd edib. Həmçinin Bakının 2040-cı ilədək inkişafına dair Baş Planı çərçivəsində reallaşdırılan yaşıl dəhlizlər və ekoloji layihələr, eləcə də işğaldan azad edilmiş ərazilərdə tətbiq olunan “ağıllı şəhər” və “ağıllı kənd” modelləri haqqında məlumat verib.

Bildirilib ki, Bakının yaxın günlərdə Dünya Şəhərsalma Forumunun 13-cü sessiyasına ev sahibliyi etməsi Azərbaycanın beynəlxalq nüfuzunun göstəricisidir. Türkiyənin Ege Universitetinin dosenti Aziz Eftekhari çıxışında Azərbaycan və Türkiyə universitetləri arasındakı elmi əməkdaşlığın uğurlu inkişafından bəhs edib. O, nanobiotexnologiya və innovativ elmlərin müasir şəhərsalma və səhiyyə üçün xüsusi əhəmiyyət daşıdığını, bu sahədə tərəfdaşlıqların genişlənməsinin vacibliyini diqqətə çatdırıb.

Elmi işlər üzrə prorektor, professor Məlahət Sultan konfransın universitetin 2025–2026-cı illər üzrə elmi fəaliyyətinin nəticələrinə həsr olunduğunu diqqətə çatdırıb. O bildirib ki, tədbir müasir elmi yanaşmaların və innovativ texnologiyaların səhiyyə sahəsində tətbiqinin əhəmiyyətini bir daha nümayiş etdirir. 

Prorektor qeyd edib ki, “Şəhərsalma və Memarlıq İli” çərçivəsində sağlam şəhər mühiti və ictimai sağlamlıq mövzuları xüsusi aktuallıq daşıyır. Onun sözlərinə görə, konfrans çərçivəsində müxtəlif elmi sessiyalar və praktiki kurslar keçirilib, daxili xəstəliklər, onkologiya, urologiya və digər sahələr üzrə innovativ yanaşmalar müzakirə olunub, həmçinin rəqəmsal tibb, süni intellekt və klinik innovasiyalar üzrə yeni istiqamətlər təqdim edilib.

Açılış mərasimindən sonra konfrans plenar sessiyalar və müxtəlif istiqamətlər üzrə elmi məruzələrin təqdimatı ilə davam edib.

https://www.youtube.com/watch?v=f4AppCE-Z4c