Avqustun astroloji proqnozu – Bürclər

avqustun-astroloji-proqnozu-burcler-
Oxunma sayı: 1467




Avqust aynın astroloji proqnozu

QOÇ
Ayın ilk həftəsində səhhətinizlə bağlı müəyyən problemləriniz olsa da, dünyadan küsməyə lüzum yoxdur. Müqəddəs Avestada bildirildiyi kimi "əgər bir yeriniz ağrıyırsa, deməli, Tanrının diqqətindəsiniz və bu diqqətə şükr edin!". Ətrafınızda baş verən və sizə heç bir dəxli olmayan məsələlərə müdaxilə etməyin. Əks halda gözdən düşə, tənha qala bilərsiniz. Halbuki şəxsi problemləriniz kifayət qədər çox olduğu halda, bu istiqamətdə tənbəllik edirsiniz.
12-24 avqust aralığında vəzifədə irəli çəkilmək və ya yeni iş üslubuna keçmək şanslarınız artacaq. Əlinizə belə fürsət düşsə, qətiyyən imtina etməyin. Bu ay ailə-sevgi münasibətlərində də xoşagələn hallar olacaq. Ən azı ötən aylarda mənəvi duyğuları arxa plana keçirdiyiniz üçün bu istiqamətdə bir çox boşluqlar yaranıb. Və qarşılıqlı istəyi ideal həddə çatdırmaq mütləqdir. Nəzərə alın ki, müqəddəs Ramazan ərəfəsində bu, daha vacibdir. Yeri gəlmişkən, bu ay oruc tutmaq hamıdan çox sizə səmərə verəcək.

BUĞA
Qlobal cəhdlərinizin boşa çıxması səbəbindən ola bilər ki, ilk yarım ayda sıxıntılara mübtəla olasınız. Üstəlik, ətrafınızda bədxah adamların toplaşması da ovqatınızı aşağı sala bilər. Belə məqamlarda yeganə çıxış yolunuz necə deyərlər, başınızı aşağı salıb öz işinizlə məşğul olmaqdır. İstənilən səfəri, sövdələşmə və pul yatırımlarını təxirə salmağınız məsləhətdir. Əgər ayın 13-nə qədər özünüzü qorusanız, sonrakı ərəfədə hər şey qənaətbəxş olacaq. Hətta sürprizlər də mümkündür.
Avqust ərzində yeni layihələrlə bağlı uğurlu əlaqələriniz mümkündür. Fərdi fəaliyyətdə böyük irəliləyişlərə keçid mərhələsini də yaşayacaqsınız və hər şey çıxardığınız qərarlardan birbaşa asılı olacaq. Haqqınızda ağız büzənlərin çoxu nəyə qadir olduğunuzu görməlidir. Qarşınıza çıxan bütün şanslardan yararlansanız, Göy qübbəsi sizi müdafiə edəcək. Amma unutmamalısınız ki, xırda səhviniz və ya mübahisəniz uzunmüddətli başağrınıza səbəb ola bilər. Maliyyə durumunuz ayın son ongünlüyündə normal həddə çatacaq. Məhəbbət müstəvisində əmələ gələn passivliyinizi avqustun ikinci ongünlüyündə aradan qaldırmağa çalışın, heç olmasa Ramazan ayı xatirinə.

ƏKİZLƏR
Bəri başdan bilin ki, bu qaynar ayda nəzərdə tutduğunuz planların böyük əksəriyyətini həyata keçirə biləcəksiniz. Üstəlik, maliyyə çətinlikləriniz də qismən aradan qalxacaq. Belə məqamlarda isə üzərinizə düşən başlıca vəzifə mövqelərinizi qətiləşdirmək, tərəfdaşlarınızı sınamaq və yeni layihələri reallaşdırmaq üçün sövdələşmələr aparmaqdır. İkitərəfli işbirliyi xüsusilə əlverişlidir. Çiyin-çiyinə çalışdığınız şəxslərin ədalətli qərarlarını qəbul etməyə çalışın.
Müqəddəs Ramazan ayının gəlişi mənəvi-ruhi baxımdan sizi xeyli gücləndirməlidir. Bir şərtlə ki, orucluğun qanunlarına riayət edəsiniz. Hətta səhhətinizlə bağlı oruc tutmasanız da, imkansızlara əl tutmaq, iftar vermək kimi xeyirxahlıqlardan yan qaçmayın.
Planetlərin yerdəyişməsi ərəfəsi isə (22-23 avqust) daha çox səhhətinizə təsir göstərə bilər. Bu səbəbdən də hər addımda özünüzə diqqət yetirməlisiniz. Nəzərə alın ki, həmin müddətdə mənfi enerjili Ay da bürcünüzdə olacaq və bu zaman ağır fiziki işlərdən, riskli sövdələşmələrdən və uzaq səfərlərdən imtina etməlisiniz.

XƏRÇƏNG
Nə qədər darıxdırıcı ay olsa da, özünüzdə təpər tapmalı, müsbət sonluğun olacağına sarsılmaz inam bəsləməlisiniz. Həyatınızda baş verən bəzi hadisələri fəlakət və ya faciə deyil, Tanrının sizə göndərdiyi sınaq kimi qəbul etməlisiniz. Axı belə hallar insanları daha möhkəm edir; elə isə niyə də möhkəmlənməyəsiniz?! Heç olmasa Ramazana riayət etməyə çalışın.
Bütün göstəricilər gün şüasından və zəhərlənmədən qorunmağınızı, soyuq içkidən və hisə verilmiş qidalardan uzaq olmağınızı tövsiyə edir. Deyilənlərə riayət etsəniz, ay ərzində səhhətinizlə bağlı başqa bir xoşagəlməzlik olmayacaq.
Amma ailə-sevgi münasibətlərində, eləcə də kollektivlə davranışda mülayimlik göstərsəniz, avqustun 13-dən işləriniz qaydasına düşəcək. Həmişə başqalarını müzakirə etməkdənsə öz ideya və məramlarınızı analiz edin. Fikirləşin görün, İlahidən gələn missiyanız hazırkı fəaliyyətinizlə üst-üstə düşürmü? Bunu anlaya bilsəniz, ayın sonuna kimi zaman xeyrinizə işləyəcək. Əgər əvvəlki müddətdə istirahət edə bilməmisinizsə, avqustun sonuncu ongünlüyündən yararlanın. Bu ay maddi durumunuz bir qədər zəif olacaq.

ŞİR
Bəri başdan bildirək ki, qarşınızda məhsuldar bir ay durur. Lakin məhsuldar olduğu qədər də problemli olacaq. Proseslər gah xeyrinizə, gah da zərərinizə işləyəcək. Bunun üçün mütləq müttəfiqlərinizin dəstəyinə arxalanmalısınız. Ayın ilk və son həftəsində günləriniz daha cansıxıcı keçəcək. Bunun qarşısını almaq üçün dedi-qodudan uzaq olmalı, tərəddüd etdiyiniz işlərə başlamaqdan imtina etməli, daha çox oturaq işlərlə məşğul olmalısınız. Göstərilən müddətdə uzaq səfərə çıxmağınız da məqsədəuyğun deyil. Çünki ayaqlarınızda nasazlıq və ümumi halsızlıq kimi amillər qabara bilər.
8-21 avqust aralığında çoxlu sayda yeni simalarla rastlaşacaqsınız. Qonaq getmək və ya qəbul etmək, iş üslubunda müsbət dönüşlərin baş qaldırması ovqatınızı yüksəldə bilər. Ayın 17-də və 26-da müqəddəs ziyarətgahlara baş çəkməyi də unutmayın. Ümumiyyətlə, göstərdiyimiz aralıqda bütün ədalətli cəhdlərinz baş tutmalıdır. Maraqlı görüşlər, yeni təkliflər, o cümlədən maraqlı səfərlər də mümkündür. Bəzi yaxınlarınıza qarşı unutqanlığı aradan qaldırın. Nəzərə alın ki, bu ay müqəddəs Ramazan ayı başlayır və gərək mərhəmətli olasınız. İbadətlərinizin sayını artırın.

QIZ
Göy qübbəsi bu ərəfədə yuxusuzluqdan, həmçinin iştahasızlıqdan şikayətçi olacağınızı bəyan edir. Bunun qarşısını almaq üçün bütün qüvvənizi səfərbər etməlisiniz. Həmçinin əgər hansısa uğursuzluqla rastlaşırsınızsa, bunun səbəbini başqalarında deyil, özünüzdə axtarmalısınız. Ayın ilk yarısında əlinizə düşən pulları boş-boş məsrəflərə xərcləməyin. Çünki növbəti yarım ay üçün maliyyə vəsaitinə ciddi şəkildə ehtiyac duyacaqsınız.
Avqustun 5-nə qədər və 24-dən sonra mübahisə və konfliktlərdən, eləcə də yeni işlərə başlamaqdan vaz keçməlisiniz. Ola bilsin ki, iş yerində və ya qonşuluq-qohumluq münasibətlərində də gərginlik hökm sürsün. Amma bacardığınız qədər sülhpərvər, yaxud da heç olmasa neytral olmalısınız. Qalan günlərdə isə qarşınıza qoyduğunuz ideyaların reallaşmasında heç bir çətinlik çəkməyəcəksiniz. Bu ay gələcək büdcənizi rahatlamaq üçün əhəmiyyətli sövdələşmələrdə iştirakınız labüdləşəcək. Hər halda yolayrıcında qalmayacaqsınız.

TƏRƏZİ
Orucluğa təsadüf edən bu müqəddəs ayın ilk ongünlüyündə heç bir narahatçılığınız gözlənilmir. Əksinə, ötən aylarda yarımçıq qalmış bir neçə işi uğurla başa çatdıracaqsınız. Yaşca sizdən böyük olanların məsləhətlərini qulaqardına vurmayın, əks təqdirdə zərər çəkərsiniz. Ayın 12-dən 24-nə qədər olan müddəti isə mədəni istirahətə, səfər və səyahətlərə həsr edin. Müqəddəs ziyarətgahları gəzmək, oruc tutmaq ilin sonrakı müddətində qarşınıza şanslar çıxara bilər.
Ümumiyyətlə, avqust ayı sizin üçün çox məhsuldar keçəcək. Hətta ola bilsin ki, bu arada yarım ilin işini də görəsiniz. Qətiyyən usanmayın, əmin olun ki, bütün vəzifələrin öhdəsindən gələcəksiniz. Sadəcə olaraq, hər addımda reallığı nəzərə almalısınız. Nüfuzlu insanlarla əlaqələrinizi dərinləşdirin. Yalnız tibb və dəmir-beton işlərinə baş qoşmayın.
Ulduzların düzümü yalnız 26-28 avqust aralığını gərgin və mübahisəli şəkildə keçirəcəyinizi bəyan edir. Həmin üç günü yola versəniz, yeni əlaqələr sayəsində çoxşaxəli fəaliyyət uğurlarına nail olacaqsınız. Planlarınızın icrasında tələskənliyə yol verməyin.

ƏQRƏB
Təəssüf ki, bu qaynar ayın əksər hissəsi bürcünüz üçün uğur vəd etmir. Bu səbəbdən də əsas diqqətinizi səhhət və mənzillə bağlı problemlərin həllinə yönəltməlisiniz. Əgər cansıxıcı paytaxtda rahatlıq tapmasanız əyalətlərimizə yollanın. Bu ay hər hansı yeni işə başlamaq, fəaliyyətlə bağlı xarici səfərlərə yollanmaq da arzuolunmazdır. Proqnozlarınızı oxuyub avqustun uğursuz olacağını düşünməyin. Elə güman edin ki, il ərzində istirahətiniz məhz bu ərəfəyə düşür və heç bir yeniliyə ehtiyac duymursunuz. Ən azından orucluğa riayət etməklə ən gözəl istirahəti təmin etmiş olarsınız. O ki qaldı şəxsi büdcənizə, hər halda bu barədə ciddi problemləriniz gözlənilmir.
Ayın üçüncü həftəsini müəyyən qədər maraqlı tərzdə başa vuracaqsınız. Gələcək planlarınızın həlli üçün bir neçə mühüm şəxslə görüşləriniz gözlənilir. Qətiyyətli və ötkəm olsanız, müzakirələri maraqlarınıza uyğunlaşdıra biləcəksiniz. Ümumiyyətlə, belə hallarda təşəbbüskarlığı əldə saxlamalısınız. Amma bu, heç də o demək deyil ki, özünüzdən zəiflərə qarşı qərəzli çıxışlar edəsiniz.

OXATAN
Havaların istiləşməsinə baxmayaraq, evdə oturmağa lüzum yoxdur. Çünki 14 avqusta qədər qarşınızda böyük perspektivlər açılacaq. Hətta elə bir hadisə baş verə bilər ki, ilin sonrakı müddəti məhz ondan asılı olsun. Bir sözlə, ilk iki həftədə sizi böyük müvəffəqiyyət gözləyir. Təbii ki, siz də xarakterinizdə mövcud olan passiv düşüncələrdən, ikili fikirlərdən uzaq olmalısınız ki, situasiyaları xeyrinizə dəyişə biləsiniz.
Ümumiyyətlə, avqust ayını bürcünüz üçün düşərli ay hesab etmək olar. Çoxlu sevindirici xəbərlər, şəxsi işlərinizdə müsbət dönüş mümkündür. Amma ehtiyatlı olmağa da lüzum var. Belə ki, 16-19 və 30-31 avqust aralığında proseslərin mənfi müstəvidə cərəyan etməsi bir qədər qalmaqallı zaman yaşamağınıza səbəb ola bilər. Həmin ərəfədə özünüzü təmkinli aparın ki, heç bir zərər görməyəsiniz. Müqəddəs Ramazan ayına riayət edib xeyirxah işlərdə təşəbbüskar olun, savablarınızı artırın, ziyarətgahlarda görünün.

OĞLAQ
Yeni işlərlə bağlı uzaq dəvətlərə aludə olmayın. Yaxşı olar ki, ümumiyyətlə səyyar fəaliyyətə baş qoşmayasınız. Avqustun 12-nə qədər nə vaxtsa etdiyiniz xeyirxahlığın əvəzini görəcəksiniz. Odur ki, həmişə Tanrıya sığının ki, yollarınız açılsın! Bu ay əsas vaxtınızı sevdiyiniz insanlarla, ailənizlə birlikdə keçirin, tez-tez müqəddəs ziyarətgahlara baş çəkin. Bütün astroloji göstəricilər elçilik və nişan üçün uğurlu vaxt olduğunu bildirsə də, toya tələsməməyi məsləhət görür. Çünki bu xoşbəxt büsata yetişmək üçün çatışmayan şeylər hələ çoxdur. Hər halda bu istiqamətdə hazırlıqlarınızı davam etdirməlisiniz.
Ayın ikinci yarısında kosmik fon bürcünüzə neqativ təsir göstərdiyindən hansısa fövqəladə uğura yiyələnəcəyinizi düşünməyin. Yalnız fəaliyyətlə bağlı layihələr üzərində çalışın. Uzaq səfərə çıxarkən çox ehtiyatlı olun, həmçinin böyük izdiham içində olarkən ayıq-sayıqlığınızı artırın. Fəaliyyət zəminində baş verən proseslərdə isə bacardığınız qədər neytrallıq nümayiş etdirin. Əsas diqqəti ailə-sevgi münasibətlərinə yönəldin.

SUTÖKƏN
Astroloji göstəricilər ümumi ovqatınızın aşağı səviyyədə olmasından xəbər verir. Bu isə daha çox qarşılıqlı münasibətlərdə düzgün seçim etməmənizdən irəli gəlir. Odur ki, ürəyinizdən Tanrı eşqini çıxarmayın. Əgər bu ərəfədə savablarınızı artırsanız, ən azı gündəmdə olan iki böyük probleminiz öz həllini tapacaq. Fəaliyyət və pul barədə isə vəziyyət xeyrinizə olmalıdır. Ulduzlar ətrafınızda nə qədər müsbət yönlü hadisə baş versə də, bəzən bədbin ovqatdan çıxmaqda çətinlik çəkməyinizi də gözdən qaçırmır. Bilirsinizmi niyə belə olur? Çünki bu bədbinliyi özünüz yaradırsınız. Bəlkə bir anlıq hər yerdən təcrid olunub real dünya barədə düşünəsiniz?! Təcrübəli adamlarla məsləhətləşin, ibadət edin, müqəddəs yerlərə gedin və unutmayın ki, şübhə və ümidsizlik şeytandan gəlir. Probleminizin həllini isə məmurlardan deyil, Tanrıdan istəyin. Yaxşı olar ki, öz hərəkət və davranışlarınızı təhlil edib özünüzə kənardan baxasınız. Sevgi münasibətlərində soyuqluq göstərməyin. Ay bədirlənən gün (14 avqust) riskli işlərdən yayının.

BALIQLAR
Astroloji göstəricilər avqustun 6-na qədər üzücü məqamlar keçirəcəyinizi xəbər verir. Düşüncələrinizi dilə gətirməyə çalışın, sizə dəstək ola bilən hər kəsə müraciət edin. Yalnız bu halda, nikbinliyə qovuşa bilərsiniz. Avqustun qalan günlərində isə yarımçıq qalan sənədləşdirmə və məişət problemləri ilə məşğul olmağınız məsləhətdir. Yaxşı olar ki, avqust ərzində tərəddüdlərinizi bir tərəfə atıb real işlərlə məşğul olasınız. Adi atmacalara böyük enerji sərf etməkdənsə, qarşınızda duran vəzifələrin həllini sürətləndirin. Kiməsə yalan vədlər verməyin. Yaşca özünüzdən böyük olanların məsləhətlərinə qulaq asın. 14-16 avqust aralığında mənfi enerjili Ay bürcünüzdə qərar tutduğundan həmin müddətdə işləriniz gərgin tərzdə inkişaf edəcək. Hətta səbəbsiz yerə konfliktlərə də cəlb oluna bilərsiniz. Ulduzlara qulaq asıb özünüzü təmkinli aparın. Ay bürcünüzdən çıxandan sonra taleyiniz müsbət səmtə yönələcək. Hamıdan enerjili, hamıdan şanslı olacaqsınız. Ayın 28-də isə ciddi bir ideyanıza doğru əsaslı addım atacaqsınız. Sevgidə səmimi olun. Ramazan ayına da riayət edin və əmin olun ki, bu addım sizə böyük uğur gətirəcək.