Aysel Əlizadə yeni sayt açdı

aysel-elizade-yeni-sayt-acdi
Oxunma sayı: 6174

“Tanrı geyimlə, seksual həyatla uğraşarmı? 
Tanrının adıyla qadın öldürülür, təqib olunur.
Tanrı cəzalandırır, Əlbət. Ədalətsizliyi, haqsızlığı, əclaflığı bir gün mütləq cəzalandırır. 
Dünyada bunca əclaflıq varkən qadınla uğraşacaq tanrıdımı Tanrı?”

Bu gün Azərbaycanda ilk feminist sayt yayıma başlayıb. “Qafqazinfo” xəbər verir ki, qələmi mediaya yad olmayan bir çox simanın bir araya toplaşdığı Qadinkimi.com adlanan saytda gender problemlərini əhatə edən bütün mövzular yer alacaq. Bununla yanaşı, feministlər kişi kimi ifadəsinə qarşı olaraq qadın kimi olmağın gücünü sübut edəcəklərini iddia edir:

“Qadın kimi - nəsə bir az aşağı, nəsə bir az ayıb ifadə sayılıb. Kimisə təhqir edəndə ona “qadın kimisən” deyiblər. Bir az da irəliləyib “ arvad kimi” damğası vurublar. Qadını söyüşə çeviriblər. Qadın kimi olmaq təhqir, əskiklik sayılıb. Sanki söhbət bir insandan yox, hansısa ayrı, çox düşük, utanılacaq bir məxluqdan gedir. 

Biz “qadın kimi” ifadəsinin üstünlüyünü göstərəcəyik. 

Qadın kimi - sevgidi, dözümdü, sahib çıxmaqdı. Bağışlaya bilməkdi. Qadın kimi - savaşlara, qan tökülməsinə qarşı olmaqdı. Qadın kimi - insanlığı qucaqlamaqdı. Qadın kimi - çox şeydi. Biz bu dəyərin yanındayıq”.

“Qadinkimi” layihəsinin rəhbəri yazıçı Aysel Əlizadə sayt haqda bunları deyib:

“Dünya feminizmi qadın-kişi hüququnu bərabərləşdirmək üçün böyük mübarizələrdən keçib. Sonunda dünyada insan haqları təmin edilib. Bu günlərdə ilk demokratik respublikamızın yaranmasının yüz illiyini keçirəcəyik. Azərbaycan Xalq Cümhuriyyəti dövründə qadınlarımıza seçki hüququ verilib. Cümhuriyyət qurucuları qadınların təhsil alması, ictimai həyatda öndə olması üçün bacardıqlarını ediblər. Saytımızla ideoloji uyğunluq olduğu üçün bu layihəni Cümhuriyyətin yüz illiyinə ithaf edirik”.

Qeyd edək ki, qadınkimi.com saytı bu gün – 14 may 2018  tarixində fəaliyyətə başlayıb.