Azad olunmuş ərazilərin minalardan təmizlənməsi davam edir - Fotolar

azad-olunmus-erazilerin-minalardan-temizlenmesi-davam-edir
Oxunma sayı: 1094

Fövqəladə Hallar Nazirliyi Xüsusi Riskli Xilasetmə Xidmətinin xüsusi təyinatlı hərbi hissəsi işğaldan azad olunmuş ərazilərimizin minalardan və partlamamış hərbi sursatlardan təmizlənməsi əməliyyatlarını sürətlə davam etdirir.

“Qafqazinfo” xəbər verir ki, Vətən müharibəsi bitdikdən sonra ərazilərin minalardan və partlamamış hərbi sursatlardan, o cümlədən müharibənin partlamamış qalıqlarından təmizlənməsi əməliyyatlarına müvafiq qurumların əməkdaşları ilə yanaşı Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə Xidmətinin xüsusi təyinatlı hərbi hissəsi də cəlb olunub.

Əməliyyatlar təyin olunmuş istiqamətlər üzrə, kənd və qəsəbələrdə, eləcə də içməli su hövzələrinin kənar ərazilərində, su kanalları boyunca aparılır. Əməkdaşlar ən müasir avadanlıqlarla təchiz olunub və bu sahədə beynəlxalq kurslarda iştirak edərək akkreditasiyadan keçiblər.

Nazirlik tərəfindən alınan “GCS-200” markalı, kənardan idarə edilən müasir minatəmizləyən robotlar işğaldan azad edilmiş ərazilərin piyada və tank əleyhinə minalardan təmizlənməsi işlərində istifadə olunur. Robotlar məsafədən idarəetmə pultuna malikdir. Robotlar iki kovuşdan ibarətdir - biri yumşaq torpaq səthini minalardan təmizləmək üçün, digəri isə daşlıq əraziləri minalardan təmizləmək üçün istifadə olunur. Bir robotu idarə etmək üçün bir mexanik və iki operator olur. Robotun arxa hissəsində özünü dartma xüsusiyyəti var və robot 10 kiloqram tratil ekvivalenti gücündə partlayışa dözümlüdür. Yəni, bu tip partlayış zamanı yalnız robotun qarşısındakı hissə zədələnə bilər, digər hissələr heç bir zədə görmür.

Prosesə istehkamçılarla bərabər xüsusi təlim keçmiş itlər də qoşulub. Ərazilərin mina və partlamamış hərbi sursatlarla çirklənmə miqyası həddindən artıq geniş olduğu üçün minaaxtaran itlərdən istifadə olunur. Bu itlər çox sayda minaları və partlayıcı maddələri aşkarlama qabiliyyətinə malikdir.

Hazırda minatəmizləmə prosesi tam gücü ilə davam etdirilir.