Azərbaycan-Aİ əlaqələrinin cari vəziyyəti müzakirə edildi

azerbaycan-ai-elaqelerinin-cari-veziyyeti-muzakire-edildi
Oxunma sayı: 1147

Bu gün Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Avropa İttifaqının Mərkəzi Asiya üzrə xüsusi nümayəndəsi Terhi Hakalanla görüşüb.

“Qafqazinfo” xəbər verir ki, bu haqda XİN məlumat yayıb.

Bildirilib ki, görüşdə tərəflər Azərbaycan-Avropa İttifaqı əlaqələrinin cari vəziyyəti və perspektivləri, Azərbaycanın Orta Asiya-Avropa İttifaqı əlaqələrində rolu, beynəlxalq platformalar və formatlar çərçivəsində əməkdaşlıq məsələləri ətrafında fikir mübadiləsi aparıblar.

Enerji təhlükəsizliyi, kommunikasiyalar və nəqliyyat sahəsində Avropa İttifaqı ilə əldə olunmuş razılıqlar və bu çərçivədə Orta Asiya ilə əlaqələr müzakirələrin əsas mövzusunu təşkil edib.

Özündə enerji təhlükəsizliyi sahəsində birgə fəaliyyəti, habelə alternativ enerji resurslarının inkişaf etdirilməsini nəzərdə tutan Azərbaycanla Avropa İttifaqı arasında enerji sahəsində Strateji Tərəfdaşlığa dair Anlaşma Memorandumunun bu istiqamətdə əməkdaşlıqda əhəmiyyəti vurğulanıb.

Görüşdə ölkəmizin həm Bakı Limanında, həm də nəqliyyat və kommunikasiyaların inkişafı sahəsində həyata keçirdiyi işlər barədə qarşı tərəfə məlumat verilib.

Daha sonra, qarşılıqlı maraq doğuran digər ikitərəfli və regional məsələlər ətrafında fikir mübadiləsi aparılıb.