“Azərbaycan demokratik inkişaf tarixinə daha bir uğur səhifəsini yazacaq”

azerbaycan-demokratik-inkisaf-tarixine-daha-bir-ugur-sehifesini-yazacaq
Oxunma sayı: 1087

“Prezident İlham Əliyevin “Növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkilərinin elan edilməsi haqqında” Sərəncamına uyğun olaraq 2024-cü il fevralın 7-də ölkəmizdə prezident seçkiləri keçiriləcək. Qürurvericidir ki, müstəqillik tariximizdə ilk dəfə olaraq seçkilər bütün ölkə ərazisində keçiriləcək. Bu, müasir müstəqil Azərbaycan dövlətinin qurucusu, Ulu Öndər Heydər Əliyevin siyasi kursunu bütün sahələrdə uğurla davam etdirən Prezident İlham Əliyevin qətiyyətinin, “Nəyi, necə və nə vaxt etmək lazımdır bilirəm” prinsipini atdığı addımlarda təsdiqinin, hər bir vədinin reallıqlarda ifadəsini tapmasının göstəricisidir. Prezident İlham Əliyev Azərbaycanın suverenliyinin tam təmin edilməsindən sonra Xankəndidə, Xocalıda, Ağdərədə, Xocavənddə Azərbaycan Bayrağını ucaldıb, Xankəndidən xalqa müraciətində son 20 ildə verdiyi bütün vədlərin, qarşıya qoyulan vəzifələrin icra edildiyini böyük qürur hissi ilə bildirdi. Növbədənkənar prezident seçkilərini şərtləndirən mühüm amillərdən biri məhz Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin tam təmin edilməsidir. Bu gün bütün işğaldan azad edilmiş ərazilərimizdə qalibiyyət rəmzi olan üçrəngli bayrağımız dalğalanır, bu torpaqlarda genişmiqyaslı bərpa-quruculuq işləri həyata keçirilir, soydaşlarımız mərhələ-mərhələ doğma yurd-yuvalarına qayıdırlar. Qayıdış ünvanlarının sıralanması genişlənir. Hazırda Füzuli, Laçın şəhərləri, Ağalı, Talış, Zabux kəndləri sakinlərinə qovuşublar. Növbəti ünvan Xankəndidir”.

“Qafqazinfo” xəbər verir ki, bu fikirləri Yeni Azərbaycan Partiyası (YAP) Xətai rayon təşkilatının sədri, siyasi elmlər doktoru, professor Vüqar Rəhimzadə səsləndirib.

Vüqar Rəhimzadə qeyd edib ki, növbədənkənar seçkilərin keçirilməsi dünyada qəbul olunmuş siyasi təcrübədir:

“Növbəti seçkilər bəzi hallarda təxirə salınır, bəzi hallarda isə vaxtından əvvəl keçirilir. Azərbaycan bu təcrübəni ötən parlament seçkilərində də tətbiq etdi. Belə ki, ölkəmizdə bütün sahələrdə dərin islahatlar prosesi aparılır. Azərbaycanın ictimai-siyasi həyatında aparıcı rol oynayan, cəmiyyətin avanqard qüvvəsinə çevrilən, qəbul etdiyi qərarları, irəli sürdüyü təşəbbüsləri ilə ölkəmizin hərtərəfli inkişafına töhfələr verən Yeni Azərbaycan Partiyası 2019-cu ilin sonlarında islahatların qanunverici orqanda da öz əksini tapması üçün parlamentin buraxılması və növbədənkənar parlament seçkilərinin keçirilməsi təşəbbüsü ilə çıxış etdi. Prosedur qaydalarına uyğun olaraq atılan addımların nəticəsi kimi dövlətimizin başçısının müvafiq Sərəncamı əsasında 2020-ci ilin 9 fevral tarixində ölkəmizdə növbədənkənar parlament seçkiləri keçirildi. Azərbaycanın bu addımı beynəlxalq miqyasda demokratik inkişafın daha da möhkəmləndirilməsi istiqamətində atılan növbəti addım kimi dəyərləndirildi. Ölkədə hökm sürən ab-havanın göstəricisi təbii ki, seçkilərdir. İlk gündən demokratik cəmiyyət quruculuğu yolunu tutan Azərbaycan daim bu dəyərlərə hörmətlə yanaşır, onların sözdə deyil, əməldə öz təsdiqini tapmasını sübut edir. Bu gün ölkəmizdə bütün demokratik təsisatlar uğurla fəaliyyət göstərir. Seçkilərin demokratik, azad, beynəlxalq standartlara uyğun keçirilməsini təmin edən qanunvericilik bazası mövcuddur. 2003-cü ildə qəbul edilən Seçki Məcəlləsi dövrün tələblərinə uyğun olaraq təkmilləşdirilir, hər bir seçkil prosesinin, ümumxalq səsverməsinin demokratikliyini, şəffaflığını təmin edir. Dövlətimizin başçısının yuxarıda adı çəkilən Sərəncamında da bu mühüm müddəa öz əksini tapıb ki, Mərkəzi Seçki Komissiyası növbədənkənar prezident seçkilərinin 2024-cü il fevralın 7-nə təyin olunmasını və Seçki Məcəlləsində müəyyən edilmiş qaydada keçirilməsini təmin etsin”.

YAP Xətai rayon təşkilatının sədri vurğulayıb ki, seçkilər növbədənkənar keçirildiyindən vətəndaşlarımız siyasi iradələrini vaxtından əvvəl ifadə edəcəklər:

“Bu seçkilər qətiyyətli Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin özünə inamının, xalqın siyasi dəstəyinə əminliyinin ən bariz göstəricisidir. Dövlətinə, xalqına bağlılığını hər addımda nümayiş etdirən, Prezident kimi jurnalistlərə ilk müsahibəsində böyük əminliklə qeyd etdiyi “Demişəm, Azərbaycan xalqı görəcək ki, mən Azərbaycan ücün, xalqımız üçün yaxşı Prezident olacağam” vədini doğruldan dövlətimizin başçısına milyonların sevgisi tükənməzdir. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin torpaqlarımızın xilaskarı, qalib Sərkərdə kimi adını tariximizə qızıl hərflərlə yazdırması böyük qətiyyətin, səylərin nəticəsidir. Ermənistanın Baş naziri Nikol Paşinyanın “Qarabağ Ermənistandır və nöqtə” kimi sərsəm bəyanatına cavab olaraq “Qarabağ Azərbaycandır və nida işarəsi” bəyan edərək, bunu bir il sonra döyüş meydanında şanlı Zəfərimizlə təsdiqləyən Prezident İlham Əliyev bu çağırışı etdi ki, Qarabağ məsələsi bizim üçün milli qürur məsələsidir. “Qarabağ Azərbaycandır və nida işarəsi” Vətən müharibəsinin rəmzinə çevrildi. Tam əminliklə deyə bilərik ki, xalqımız qalib Prezidentinin ətrafında dəmir yumruq kimi birləşərək seçkilərdə onun yanında olacaq, möhtərəm Prezidentimizin müdrik daxili və xarici siyasətini, o cümlədən Qarabağda və ölkənin digər bölgələrində quruculuq işlərinə fəal şəkildə öz töhfələrini verəcəklər. Bu gün Azərbaycan yaratdığı reallıqlarla regionda böyük dəyişiklikərin, dünya siyasətində yeniliklərin təşəbbüskarıdır”.

V.Rəhimzadə qeyd edib ki, regionda tam müstəqil siyasət həyata keçirən bir ölkənin olması və Azərbaycanın qələbəsini həzm edə bilməyən dövlətlərin təxribatlarının qarşısını almaq üçün siyasi sistemin daha da gücləndirilməsi strateji əhəmiyyət kəsb edir:

“Bu mühüm məqamı xüsusi qeyd etməliyik ki, siyasi sistemin təkmilləşdirilməsi dövlətimizin siyasətində əsas hədəflərdən biridir. Bu sırada “Siyasi partiyalar haqqında” yeni Qanunun qəbulunu, bütün siyasi partiyalara demokratik şəraitdə fəaliyyət göstərmələri üçün zəruri imkanların yaradıldığını qeyd edə bilərik. Seçki Məcəlləsinə əsasən bütün namizədlər bərabər hüquqa malikdirlər və bərabər öhdəliklər daşıyırlar.

Onu da qeyd edim ki, növbədənkənar prezident seçkilərinin keçirilməsinə dair qərar ölkədə siyasi partiyaların üzvlərinin reyestrlərinin dövlət qeydiyyatına alınması prosesinin tamamlanmasından sonra qəbul olunub. Bununla da seçkilərdə iştirak etmək üçün dövlət qeydiyyatına alınmış bütün siyasi partiyalara imkan yaradılıb. Bu yanaşma ölkədə ədalətli rəqabət mühitinin təmin ediməsinin bariz nümunəsidir. Bu baxımdan seçkilərin keçirilməsi ilə bağlı istənilən narazılıq yalnız qərəzli mövqeyin və məhdud potensialın təcəssümü kimi dəyərləndirilir”.

YAP Xətai rayon təşkilatının sədri belə bir ümumiləşdirməni aparıb ki, dövlət başçısının növbədənkənar prezident seçkilərinin keçirilməsi ilə bağlı Sərəncamı “Heydər Əliyev İli”ndə görülən işlərin, bu günədək verilən vədlərin reallıqda təsdiqini tapmasının hesabatıdır. Uğurlarla, zəfərlərlə zəngin olan bu hesabat növbəti qələbəmizin aydın mənzərəsini təqdim edir. Heç şübhə yoxdur ki, Azərbaycan demokratik inkişaf tarixinə daha bir uğur səhifəsini yazacaq.