Əlilliyi olan şəxslərin ictimai həyatın bütün sahələrində digər vətəndaşlarla eyni səviyyədə iştirakının təmin olunması hazırda dünya ölkələri qarşısında duran başlıca vəzifələrdən biridir. Yaxın və ortamüddətli dövrdə müxtəlif xəstəliklər səbəbindən əlilliyi olan şəxslərin sayında gözlənilən artım dövlətləri mümkün qədər qısa müddətdə belə vətəndaşlarının normal həyatını təmin etmək üçün proqramlar hazırlayaraq həyata keçirməyə sövq edir.
Əlilliyi olan şəxslərin, xüsusilə də qadınların haqsız rəftara, zorakılığa məruz qalma ehtimalının yüksək olması qlobal səviyyədə belə şəxslərin hüquqlarının müdafiəsi prosesinin əlaqələndirilməsi və nəzarətdə saxlanılması zərurətini yaradıb. Bu zərurəti nəzərə alan Birləşmiş Millətlər Təşkilatı Baş Məclisi 2006-cı ilin 13 dekabrında “Əlilliyi olan şəxslərin hüquqları haqqında" Konvensiyanı qəbul edib. Sənəd 3 may 2008-ci il tarixində qüvvəyə minib. İndiyədək 210-dək dövlət Konvensiyanı ratifikasiya edərək onun icrasına qoşulub.
Azərbaycan 2008-ci ilin oktyabr ayında Konvensiyanı ratifikasiya edib. Sözügedən Konvensiyanın tələblərinə uyğun olaraq, Azərbaycan hökumətinin qəbul etdiyi öhdəliklərin yerinə yetirilməsi ilə bağlı həyata keçirilmiş tədbirlər barədə BMT-nin Əlilliyi olan şəxslərin hüquqları üzrə Komitəsinə hər üç ildən bir dövri hesabat təqdim edir. İlk hesabat 2011-ci ildə göndərilib. Hesabat 2014-cü ildə Cenevrədə BMT-nin Əlilliyi olan şəxslərin hüquqları üzrə Komitəsinin 11-ci sessiyasında təqdim edilib və müsbət qiymətləndirilib. Komitə hesabatla bağlı Azərbaycan hökumətinə 57 bənddən ibarət yekun Tövsiyələr göndərib. Azərbaycan hökuməti sonralar növbəti hesabatlarını da təqdim edib.
Konvensiyanın məqsədi əlilliyi olan şəxslərin insan hüquqları və əsas azadlıqlarının təşviq olunması, qorunması və istifadə olunmasını təmin etməkdir. Əlilliyi olan şəxslər dedikdə cəmiyyətdə digər şəxslərlə bərabər əsasda tam və effektiv iştiraka çətinlik yaradan uzunmüddətli fiziki, əqli, intellektual və ya hissiyyat pozuntuları olan insanlar nəzərdə tutulur.
Konvensiya ləyaqətə hörmət; ayrı-seçkilik edilməməsi; iştirak və inklüzivlik; fərqliliklərə hörmətlə yanaşma; imkanların bərabərliyi; əlçatanlıq; kişilər və qadınlar arasında bərabərlik və uşaqlara hörmət prinsiplərinə əsaslanır.
Sənəd dövlətlər üzərinə heç bir ayrı-seçkilik olmadan əlilliyi olan şəxslər üçün bütün insan haqları və əsas azadlıqların tam şəkildə həyata keçirilməsini təmin etmək və təbliğ etməklə bağlı əlilliyi olan şəxslərin fəal iştirakı ilə bir sıra tədbirlər görmək vəzifəsini qoyur.
Konvensiyanın 6-cı maddəsi əlilliyi olan qadınlara həsr edilib. Həmin maddədə qeyd olunur ki, əlilliyi olan qadınlar və qızlar çoxsaylı ayrı-seçkiliklə üzləşir. Dövlətlər əlilliyi olan qadınların Konvensiyada göstərilən hüquq və azadlıqlardan tam istifadə edə bilməsi üçün bütün müvafiq tədbirləri görməlidirlər.
Konvensiyaya görə, dövlətlər əlilliyi olan insanların hüquqları, imkanları və fəaliyyətləri barədə maarifləndirmə aparmalıdır. Əlilliyi olan insanlar fiziki mühit, nəqliyyat, informasiya və kommunikasiya və ictimaiyyətə təqdim edilən digər imkanlar və xidmətlər də daxil olmaqla, cəmiyyətin bütün sahələrinə başqaları ilə bərabər şəkildə cəlb olunmaq hüququna malikdir. Dövlətlər silahlı münaqişələr, humanitar fövqəladə hallar və təbii fəlakətlər də daxil olmaqla, risk vəziyyətlərində əlilliyi olan bütün şəxslərin qorunması və təhlükəsizliyinin təmin edilməsi üçün bütün lazımi tədbirləri görməlidirlər.
Əlilliyi olan şəxslər digər şəxslərlə bərabər səviyyədə azadlıq və şəxsi toxunulmazlıq hüququna malikdir. Yalnız əlilliyin mövcudluğu bu hüquqlardan məhrum olmağa bəraət qazandıra bilməz. Əlilliyi olan şəxslər işgəncə və ya qəddar, qeyri-insani və ya alçaldıcı rəftar və cəzadan azad olmaq hüququna malikdir. Heç kim öz azad icazəsi olmadan tibbi və ya elmi təcrübəyə məruz qala bilməz.
Əlilliyi olan şəxslər öz ölkələri daxili və xaricində gender əsaslı aspektlər də daxil olmaqla, istismarın bütün növləri, zorakılıq və təhqirdən azad olmaq hüququna malikdir. Dövlətlər əlilliyi olan şəxslərin özlərinin seçdikləri qaydada və vaxtda və münasib qiymətə fərdi şəkildə hərəkətinin asanlaşdırılması istiqamətində səmərəli və müvafiq tədbirlər görməlidir. Əlilliyi olan şəxslər, həmçinin keyfiyyətli mobilizasiya yardımları, köməkçi texnologiyalar və canlı yardım vasitələri və vasitəçilərə malik olma hüququna sahibdirlər.
Əlilliyi olan insanlar şəxsi həyatın toxunulmazlığı hüququna malikdir. Belə insanlar haqqında olan məlumat, o cümlədən şəxsi məlumat və onların sağlamlığı haqqında məlumatlar qorunmalıdır. Onlar evlənmək və ailə qurmaq hüququna malikdirlər. Ölkələr əlilliyi olan insanlar üçün uşaqlarını böyütməkdə səmərəli və lazımi dəstəyi təmin etməlidirlər və yaxın ailə onlara qayğı göstərə bilmədiyi təqdirdə, əlil uşaqlara alternativ qayğı göstərməlidirlər. Əlilliyi olan şəxslər heç bir ayrı-seçkilik olmadan təhsil almaq hüququna malikdirlər. Ölkələr əlilliyi olan şəxslərin öz cəmiyyətlərində inklüziv, keyfiyyətli və pulsuz ibtidai və orta təhsil imkanlarını təmin etməlidirlər.
Əlilliyi olan şəxslər açıq, əhatəli və əlçatan bir mühitdə işləmək hüququ da daxil olmaqla, əmək hüququna malikdirlər. Əlilliyi olan şəxslər üçün ölkələr məşğulluq imkanları və karyera inkişafı üçün müvafiq addımlar atmalıdır.
Əlilliyi olan şəxslər qidalanma, su, geyim və mənzil də daxil olmaqla, kafi həyat səviyyəsi və yoxsulluğun azaldılması və ictimai mənzil ilə təmin olunma proqramları daxil olmaqla səmərəli sosial müdafiə hüququna malikdir.
32-50-ci Maddələr Konvensiya ilə bağlı olan ölkələrin necə tam şəkildə təsir göstərməli olduğunu izah edir. Onlar həmçinin Birləşmiş Millətlər Təşkilatının Əlilliyi olan şəxslərin Hüquqları üzrə Komitəsinə Konvensiyanı necə həyata keçirdikləri barədə hesabat vermələri ilə bağlı ölkələrin məsuliyyətini izah edir.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən aldığımız məlumata görə, ölkəmizdə 600 minədək əlilliyi olan şəxs var: “Bu şəxslər əlilliyə görə aylıq pensiya və ya müavinətlə, xüsusi kateqoriyalara aid əlilliyi olan şəxslər (müharibə ilə əlaqədar əlilliyi olanlar və onlara bərabər tutulanlar), 1-ci dərəcə əlilliyi olanlar, onlara və sağlamlıq imkanları məhdud uşaqlara qulluq edənlər Prezidentin aylıq təqaüdü ilə təmin olunur.
Şəxsin əlilliyə görə əmək pensiyası hüququ yaranmadıqda qanunvericiliklə nəzərdə tutulmuş hallarda sosial müavinət almaq hüququ vardır. Müavinətin məbləği I dərəcə əlilliyə görə 150, II dərəcə əlilliyə görə 130 , III dərəcə əlilliyə görə 110 manatdır. Əlilliyə görə əmək pensiyası isə şəxsin sığorta stajı və pensiya kapitalına uyğun olaraq müxtəlif məbləğlərdə (minimum məbləğin, yəni 200 manatdan az olmayaraq) ola bilər.
I dərəcə əlilliyə görə Prezidentin aylıq təqaüdü də ödənilir. Bu təqaüdün məbləği ümumi səbəblərdən əlilliyi olanlar üçün 130 manatdır, onlara, habelə sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlara quluq edənlərə də təqaüd (aylıq 50 manat) ödənilir, həmin uşaqlara aylıq sosial müavinətin məbləği isə 150 manatdır”.
Eyni zamanda, müharibə ilə əlaqədar əlilliyi olanlar və onlara bərabər tutulanlara aylıq pensiya və ya müavinətlə bərabər, Prezidentin aylıq təqaüdləri də ödənilir. Həmin təqaüd I dərəcə üzrə 400 manat, II dərəcə üzrə 350 manat, III dərəcə üzrə 300 manatdır. Ümumi səbəblərdən I dərəcə gözdən əlilliyi olan şəxslərə müavinət və ya pensiya ilə bərabər, Azərbaycan Prezidentinin 210 manat məbləğində təqaüdü ödənilir.
Nazirlik bildirir ki, son üç ildə digər sosial ödənişlərlə bərabər əlilliyi olan şəxslərə yönələn müavinət və təqaüdlərin də orta hesabla iki dəfə artırılması təmin olunub: “Pensiyaların minimum məbləği 82%, orta aylıq məbləği 60% artıb. Müharibə əlilləri də şəhid ailələri ilə birgə mənzil və ya fərdi evlə təmin olunur. Ötən dövrdə 11 mindən çox şəhid ailəsi və müharibə əlili Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən mənzil və fərdi evlə təmin edilib. Prezident İlham Əliyevin Sərəncamı ilə 2021-2025-ci illərdə daha 11 min mənzil və fərdi evin bu kateqoriyalardan olanlara verilməsi nəzərdə tutulub. Onlardan 2021-ci il üzrə 3 min mənzil və fərdi evin verilməsi işləri aparılır və artıq bu il üzrə 1850 mənzil verilib”.
Müharibə əlillərinə minik avtomobilləri verilir. Nazirlik tərəfindən bu işlərin davamı olaraq, 2018-2020-ci illərdə və 2021-ci ilin ötən dövründə daha 1415, ümumilikdə ötən dövrdə 7350-dək avtomobil müharibə əlilləri və onlara bərabər tutulan şəxslərə təqdim olunub.
2021-ci ilin 9 ayında 2646 nəfər əlilliyi olan şəxs Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Məşğulluq Agentliyi tərəfindən işlə təmin olunub: “Əmək müqavilələri bazasında əlilliyi olan şəxslərin əmək müqavilələrin sayı 70 mindir. Bu, ümumi əmək müqavilələrinin 4,1 faizini təşkil edir. Qarşıda duran hədəflərdən biri bu sayı yaxın illərdə iki dəfə artırmağa nail olmaqdır”.
BMT-nin "Əlilliyi olan şəxslərin hüquqları haqqında" Konvensiyasının icrasına dair hesabatlar mütəmadi olaraq təqdim edilir: “Konvensiyanın ümumi məqsəd və prinsipləri bütün əlilliyi olan şəxslərin insan hüquq və azadlıqlarından tam və bərabər imkanlarla yararlanmasına təkan verilməsindən, onları müdafiə və təmin edilməsindən, imkanların bərabərliyi, müyəssərlik, azad seçim, ayrı seçkiliyə yol verilməməsi, insan ləyaqətinə hörmət, əlilliyi olan insanların xüsusiyyətlərinə hörmətlə yanaşmadan ibarətdir. Milli qanunvericiliyin “Əlillərin hüquqları haqqında” Konvensiyaya uyğunlaşdırılması məqsədilə “Əlilliyi olan şəxslərin hüquqları haqqında” yeni Qanun qəbul olunub. Yeni Qanunda əlilliyi olan şəxslər barəsində dövlət siyasətinin əsas prinsipləri, əlilliyi olan şəxslərlə bağlı dövlət təminatları, əlilliyi olan şəxslərin reabilitasiyası və abilitasiyası, Fərdi Reabilitasiya Proqramı, infrastruktur obyektlərinin və iş yerlərinin əlilliyi olan şəxslərin istifadəsi üçün uyğunlaşdırılması, onların təhsili və peşə hazırlığı, əmək hüququnun və məşğulluğunun təmin edilməsi və s. məsələlər üzrə maddələr əksini tapıb”.
Əlilliyi olan şəxslərin yaradıcı potensialına dəstək verilməsi, onlar üçün bu sahədə inklzivliyin təmin edilməsi də ölkədə bu kateqoroiyadan olan şəxslərlə bağlı aparılan işlərin mühüm istiqamətlərindən biridir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, BMT İnkişaf Proqramı və BMT Əhali Fondu tərəfindən birgə icra olun “Əlilliyi olan qadınların və Qarabağ müharibəsi veteranlarının hüquqlarının və rifahının təmin edilməsi” layihəsi çərçivəsində son illərdə İnklüziv İncəsənət Məktəbi yaradılıb. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabelyinədki DOST Agentliyinin 4 saylı Bakı DOST Mərkəzində yerləşən bu məktəbdə əlilliyi olan tələbələrə əlilliyi olmayan tələbələrlə birlikdə rəsm, toxuculuq və ağac üzərində oymaçılıq üzrə bilik və bacarıqlar öyrədilir.
Növbəti mühüm addım Birinci vitse-prezident Mehriban Əliyevanın təşəbbüsü ilə Bakıda DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzinin (Bakı, Nəsimi ray., Cavadxan küç.13 (3-cü m\r dairəsi yaxınlığı) yaradılmasıdır. Bu mərkəz həmin şəxslərin, habelə digər həssas qrupların yaradıcı potensialını inkişaf etdirilməsinə dəstək verməyə, istedad və qabiliyyətlərini ortaya çıxararaq cəmiyyətə təqdim etməyə, eyni zamanda, sosial-mədəni mühitin inklüziv çalarlarla daha da zənginləşməsinə xidmət edir. İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzi geniş profillidir, incəsənətin bir çox fəaliyyət sahələrini, əhatə edir. Mərkəzdə 5 yaşdan yuxarı şəxslərə və eyni zamanda 100-dək şəxsə müxtəlif sahələr üzrə peşə bacarıqlarının öyrədilməsi və inkişaf etdirilməsi nəzərdə tutulur. Mərkəz 121 nəfərlik auditoriumdan, 9 müxtəlif peşə-yaradıcılıq otağı və studiyasından, kitabxanadan, inzibati otaqlardan, yeməkxanadan ibarətdir.
Nazirlikdən verilən məlumatda deyilir ki, özünüməşğulluq proqramına cəlb edilmək üçün müraciət edənlər arasında üstünlük verilən sosial cəhətdən həssas kateqoriyalardan biri də əlilliyi olan şəxslərdir: “2021-ci ilin 9 ayında 1060 nəfər əlilliyi olan şəxs özünüməşğulluq proqramına cəlb olunub. Bunlardan 162 nəfəri qadın, 898 nəfəri kişidir. Onlar proqram çərçivəsində mal və materiallarla təmin edilərək kiçik ailə təəssüratlarını yaradıb ki, bu da onların kiçik sahibkarlığına çıxışına imkan verib.
Bundan əlavə, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Sosial Xidmətlər Agentliyinin tabeliyindəki Əlilliyi olan şəxslərin Peşə-Əmək Reabilitasiya Mərkəzində əlilliyi olan gənclərin yeni peşələrə yiyələnməsi təmin edilir. İndiyədək 2 mindən çox şəxs burada təlim kursunda olub, yeni peşələrə yiyələniblər. Bu şəxslərin 700 nəfəri qadın, 1300 nəfəri kişidir. Mərkəzdə peşə təlimi müddətində gənclər dövlət hesabına yataqxana, yemək, tibbi-fizioterapevtik xidmətlə təmin olunur və kursları bitirdikdən sonra onlara peşə şəhadətnamələri verilir. Onlar mərkəzdə inteqrasiya məqsədli çoxşaxəli tədbirlərə də cəlb olunurlar. Bu müəssisə ümumən sağlamlıq imkanları məhdud gənclərin sosial reabilitasiyasında önəmli rol oynayır, onların həyatında müsbət dönüş yaradır. Əlilliyi olan şəxslərin cəmiyyətə inteqrasiyası məqsədilə onların əl işlərinə həsr olunmuş sərgilər mütəmadi təşkil olunur.
Azərbaycan hökumətinin BMT Konvensiyasının icrasına dair hesabatlarına alternativ hesabat hazırlayan vətəndaş cəmiyyəti nümayəndələrindən biri, Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqasının rəhbəri Sahib Məmmədovun dediyinə görə, ötən dövr ərzində Konvensiyanın icrası istiqamətində ən mühüm pozitiv addım 2018-ci ildə “Əlilliyi olan insanların hüquqları haqqında” qanunun qəbuludur. Bu il həmin qanuna ciddi dəyişikliklər edilib. Dəyişikliklərə uyğun əlillik meyarları müəyyənləşəcək.
S.Məmmədov deyir ki, əlilliyi olan insanların məşğulluğunun təminatı üçün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi mümkün olan qədər bu istiqamətdə işləyir. Bu sahədə digər qurumlar da aktiv iştirak etməli, üzərilərinə düşən vəzifələri icra etməlidirlər. Elə özəl şirkətlər də həmçinin.
S.Məmmədov görmə və eşitmə qüsurlu şəxslər üçün məhkəmələrdən tutmuş, kitabxanalara qədər hər yerdə uyğun şərait yaradılmalı olduğunu deyib. Bildirib ki, birinci hesabatdan bəri bir dəyişiklik var: Bakı Nəqliyyat Agentliyi Bakıda bir sıra yolların kənarlarındakı səkiləri əlil arabalarının hərəkəti üçün uyğunlaşdırıb. Yeraltı keçidlərdə panduslar, yerüstü keçidlərdə liftlər quraşdırmağa başlayıblar son vaxtlar.
Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqasının rəhbəri bununla belə o panduslara, liftlərə çatana qədər əlili arabası ilə hərəkət üçün maneələrin də hələ qaldığını, məsələn, elə liftlərin qarşısında arabanın çıxması mümkün olmayan səkilər də olduğunu deyib. O, infrastrukturun, bina və yolların, habelə dayanacaqların əlilliyi olan şəxslərə müyəssərliyinin təmin olunması, uyğunlaşma üçün işlərin davam etdirilməli olduğunu bildirib.
Qeyd: Bu yazı Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə icra edilən, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, BMT-nin Əhali Fondu və BMT-nin İnkişaf Proqramının birgə həyata keçirdiyi "Əlilliyi olan qadınların və Qarabağ müharibəsi veteranlarının hüquqlarının və rifahının təmin edilməsi” layihəsi çərçivəsində hazırlanıb.