“İçərişəhər”də qatarlar artıq dönə biləcək - Video

iceriseherde-qatarlar-artiq-done-bilecek
Oxunma sayı: 3065

Metronun “İçərişəhər” stansiyasının arxasında dönmə tunelinin (dönmə kamerası) inşasına start verilir.

“Bakı Metropoliteni” QSC-dən “Qafqazinfo”ya verilən xəbərə görə, tikintinin əsas məqsədi xətlərin ayrılması ilə hər bir xəttin müstəqil fəaliyyəti zamanı qatarlararası intervalların azaldılmasına nail olmaq və sərnişinlərə göstərilən xidmətin keyfiyyətini ən yüksək həddə çatdırmaqdır. 

Mövcud vəziyyətdə qatarların eyni platformadan geri dönməsi texniki və təhlükəsizlik baxımından intervalın minimuma endirilməsinə imkan vermir. Dönmə kamerası isə bu məhdudiyyəti tam aradan qaldıracaq. Layihənin sonunda “İçərişəhər” stansiyasında sərnişinləri düşdükdən sonra qatarlar stansiyanın arxasında yerləşən dönmə kamerasına yönələcək və oradan hazırda girişə qapalı olan platformaya daxil olaraq sərnişinlərlə “Həzi Aslanov” stansiyası istiqamətində hərəkət edəcək. 

Bununla həm də arxadan gələn qatarların hərəkətinə maneələr və intervalın azaldılmasına təhlükəsizlik səbəbi ilə maneə olan bufer zonası ləğv ediləcək. Bu dəyişiklik sərnişin axınının daha təhlükəsiz və rahat tənzimlənməsinə, qatarların hərəkətinin daha çevik təşkilinə şərait yaradacaq.

Beləliklə, dönmə kamerasının inşası nəticəsində qırmızı xətt üzrə mümkün ən minimal interval tətbiq ediləcək, sərnişinlərin minib-düşmə sahələri bir-birindən tam ayrılacaq, pik saatlarda ehtiyat qatarları dönmə kamerasında hazır saxlanılacaq, qatarların gecələməsi və gecə işləri üçün əlverişli şərait yaradılacaq, texniki nasazlıq yarandıqda qatarlar xətdən operativ çıxarılacaq.

Qeyd edək ki, dönmə kamerası sərnişinlərin metroya daxil olması üçün alternativ giriş yaratmayacaq. O, sırf texniki məqsədləri – qatarların sürətli manevrlərini və parklanmasını təmin edəcək. Layihə şəhərsalma prinsipləri və ekomühitin yaradılması baxımından da paytaxt üçün mühüm əhəmiyyət daşıyır. Hazırda yalnız xaotik avtomobil dayanacağı kimi istifadə olunan ərazinin yerüstü səthi piyada zonası və yaşıllıq sahəsinə çevriləcək, yeraltı hissəsində 200-dən çox avtomobil üçün çoxmərtəbəli parkinq inşa olunacaq, ən aşağı səviyyəsində qatarların hərəkəti və texniki ehtiyaclar üçün müasir infrastruktur qurulacaq.

Tikinti müddətində bitişik küçədən keçən nəqliyyat vasitələrinin hərəkətinə məhdudiyyət tətbiq olunmayacaq. “İçərişəhər” stansiyası isə bütün inşaat mərhələləri boyunca mövcud iş rejimində fəaliyyətini davam etdirəcək.