Azərbaycan – Gürcüstan Media Forumu keçirildi - Fotolar

azerbaycan-gurcustan-media-forumu-kecirildi
Oxunma sayı: 182

5 dekabr 2025-ci il tarixində Bakıda “İctimai etimadın formalaşdırılmasında medianın rolu və informasiya təhlükəsizliyi” mövzusunda Azərbaycan – Gürcüstan Media Forumu keçirilib.

“Qafqazinfo”nun məlumatına görə, tədbirin açılış mərasimində Medianın İnkişafı Agentliyinin İcraçı direktoru Əhməd İsmayılov çıxış edərək iki ölkə arasında informasiya mübadiləsinin sistemli şəkildə genişləndirilməsi, media subyektləri arasında qarşılıqlı etimadın möhkəmləndirilməsi və ortaq kommunikasiya gündəminin formalaşdırılmasının regionda sabitlik və davamlı inkişaf baxımından xüsusi əhəmiyyət daşıdığını bildirib.

O vurğulayıb ki, rəqəmsallaşma və sosial media platformalarının sürətli inkişafı informasiya axınını xeyli intensivləşdirərək peşəkar medianın rolunu daha da artırır, informasiya təhlükəsizliyi siyasətinin daha effektiv şəkildə həyata keçirilməsini zəruri edir.

Forum çərçivəsində birinci panel sessiya “İnformasiya təhlükəsizliyinin təmini məqsədilə media ekosisteminin gücləndirilməsi” mövzusuna həsr olunub. Audiovizual Şuranın aparat rəhbəri Fazil Novruzovun moderatorluq etdiyi paneldə “ARB 24” telekanalının icraçı direktoru Radik İsmayılov, Gürcüstanın “Eurocracy - Former Europe” proqramının aparıcısı İoane Şaişmelaşvili, Medianın İnkişafı Agentliyinin Hüquq şöbəsinin müdiri Adil Tağıyev, Gürcüstanın İctimai Televiziyasının “Rəngarəng Gürcüstan” layihəsinin rəhbəri, jurnalist, televiziya aparıcısı Ramiliya Əliyeva isə spiker qismində çıxış ediblər. 

“Jurnalistlərin peşəkarlığının və cəmiyyətin media savadlılığının artırılmasında birgə əməkdaşlıq” mövzusunda ikinci panel sessiyaya Medianın İnkişafı Agentliyinin Naxçıvan regional idarəsinin müdiri Vəfa İsgəndərova moderatorluq edib. Agentliyin Media dəstək layihələri, strateji planlaşdırma və informasiya texnologiyaları departamentinin direktoru Ləman İsgəndərova, Qriqol Robakidze Universitetinin Humanitar və Sosial Elmlər Məktəbinin professoru, Multimedia Mərkəzinin rəhbəri Maia Paçkoriya, Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinin dekanı Vüqar Zifəroğlu, eləcə də Gürcüstanın PosTV telekanalının analitik qrupunun nümayəndəsi Gia Abaşidze spiker qismində çıxış edərək jurnalistlərin peşəkarlığının artırılması, cəmiyyətin media savadlılığının yüksəldilməsi və bu sahədə ikitərəfli əməkdaşlığın rolu ilə bağlı fikirlərini bölüşüblər. Paneldə iştirakçılar tərəfindən vurğulanıb ki, müasir informasiya mühitində medianın artan məsuliyyətini nəzər alaraq cəmiyyətin etibarlı informasiya əldə etməsi üçün jurnalistlərin hazırlıq səviyyəsinin yüksəldilməsi, maarifləndirici təşəbbüslərin genişləndirilməsi və media savadlılığına dair davamlı layihələrin həyata keçirilməsi xüsusi əhəmiyyət kəsb edir.