Azərbaycan siyasətçilərinin çimərlik sərgüzəştləri

azerbaycan-siyasetcilerinin-cimerlik-serguzestleri-
Oxunma sayı: 724

İstirahət mövsümü-yay başlayıb. “Qafqazionfo” yayda Azərbaycan siyasətçilərin necə istirahət etdiyini öyrənmək istəyib. Buna görə də bir qrup siyasətçiyə istirahəti necə etməsi və xüsusilə də çimərliyə gedib-getməməsi barədə sual ünvanlayıb.

Keçmiş millət vəkili Pənah Hüseyn bildirdi ki, istirahətini evdə keçirir: “Mən istirahətimi evimdə və tədbirlərdə keçirirəm, evimdə olmaq mənim üçün istirahətdir. Çimərliyə də getmirəm”.

Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu isə bildirdi ki, istirahət mövsümü olsa da, o iş başındadır: “İşdəyəm, çimərliyə də getməmişəm. Yalnız vaxt olanda, ailə üzvlərimlə şəhər kənarına gedirəm”.

Böyük Quruluş Partiyasının sədri Fazil Qəzənfəroğlu futbol oynamaqla istirahət edir: “Hələ ki, istirahət etmirəm, xüsusi istirahət planım da yoxdur. Amma vaxt tapanda çimərliyə gedirəm və futbol oynayıram”.

Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədr müavini Fuad Qəhrəmanlı da xüsusi istirahət planının olmadığını dedi: “Evdə və dostlarla vaxt keçirməklə istirahət edirəm. Polis nəzarətində olduğumdan şəhəri tərk edə bilmirəm. Ümumilikdə xüsusi istirahət planım yoxdur. Həbsdə olanların məhkəmələri başladığından partiya işi ilə məşğuluq”. F. Qəhrəmanlı qeyd etdi ki, ailə üzvləri ilə çimərliyə getsə də əsas fəaliyyəti partiya işinə yönəlib.

Azərbaycan Demokrat Partiyasının sədr müavini Həsrət Rüstəmov isə istirahətini evində təmir işləri aparmaqla keçirir: “Hələ ki, istirahət edə bilmirəm, amma qısa müddətlik də olsa kəndə, valideynlərimin yanına getməyi planlaşdırıram.” Hələlik çimərliyə getməyə imkan tapa bilmədiyini deyən H. Rüstəmov bildirdi ki, yəqin ki, mövsümün sonuna qədər bunun üçün də vaxt tapacaq.

Yeni Azərbaycan Partiyasının Gənclər Təşkilatının sədri Seymur Orucov yayda daha çox işlədiyini dedi: “Həm yay məktəbinin təşkili ilə, həm də Rabitə İşçiləri Müstəqil Həmkarlar İttifaqı ilə bağlı işlər çoxdur. İşçilərin yay məzuniyyəti, onun təşkil olunması ilə əlaqədar istirahətə vaxt yoxdur.” İstirahət üçün yalnız avqust ayının sonunda maksimum 1 həftə vaxt ayıracağını deyən S. Orucov hələ ki, çimərliyə getmədiyini bildirdi.

AXCP sədrinin müavini Razi Nurullayev isə dedi ki, hər il istirahətə vaxt ayırır, müxtəlif ölkələrə səyahət edir, lakin bu il demək olar ki, istirahət etmir: “Bu il istirahət nəzərdə tutmamışam, yalnız iki dəfə çimərliyə getmişəm”. Çimərliyə gecə saatlarında getdiyini deyən R. Nurullayev bunu vaxtın məhdudluğu ilə izah edib: “Bir dəfə gecə saat 11 radələrində, bir dəfə də gecə 2 radələrində gedə bilmişəm. Çünki, ancaq onda vaxt tapa bilmişəm”.

Müsavat başqanının müavini Arzu Səmədbəylinin də başı partiya işlərinə qarışıb: “Bu yay istirahət etməyi planlaşdırmıram. Həm partiyanın 100 illik yubileyi, həm də qurultay hazırlıqları ilə əlaqədar işlərimiz çoxdur”. Bundan başqa mitinqlərdə həbs olunanların məhkəmə prosesinin başlamasının da işləri artırdığını deyən A. Səmədbəyli bildirdi ki, bu mövsüm çimərliyə getməyib, getməyi də planlaşdırmır.

Fatimə Kərimli