Azərbaycan Universitetində Anım Gününə həsr olunmuş tədbir keçirilib - Fotolar

azerbaycan-universitetinde-anim-gunune-hesr-olunmus-tedbir-kecirilib
Oxunma sayı: 613

Azərbaycan Universitetində 27 Sentyabr - Anım Gününə həsr olunmuş tədbir keçirilib.

“Qafqazinfo” xəbər verir ki, tədbirdə Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canlarını fəda etmiş əsgər və zabitlərin xatirəsi birdəqiqəlik sükutla yad edilib.

Bildirilib ki, artıq beş ildir ki, qeyd olunan Anım Günü Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə Vətən müharibəsində qəhrəmancasına döyüşmüş, Azərbaycan Bayrağını işğaldan azad edilən torpaqlarımızda dalğalandırmış, ölkəmizin ərazi bütövlüyü yolunda canlarını fəda etmiş əsgər və zabitlərimizə, bütün şəhidlərimizə dərin ehtiram əlaməti olaraq təsis edilib.

Anım tədbirində universitetin elmi işlər üzrə prorektoru Yusif Qasımov açılış nitqi ilə çıxış edib. Prorektor zəfərə gedən yolun inşasına həsr olunan çıxışında 2020-ci il sentyabrın 27-də Ermənistan silahlı qüvvələrinin cəbhəboyu törətdiyi genişmiqyaslı təxribatlara cavab olaraq Azərbaycan Ordusunun başlatdığı, sonradan “Dəmir Yumruq” adını alan və Vətən müharibəsinə çevrilən əks-hücum əməliyyatının səbəb və nəticələrinə toxunub. 44 günlük Vətən müharibəsinin həlledici məqamlarına və böyük zəfərin qazanılmasının əsas amillərinə diqqət çəkən Yusif Qasımov qeyd edib ki, Azərbaycan Ordusunun erməni işğalı altında olan öz torpaqlarını tarixdə görülməmiş sürətlə və sevgiylə azad etməsi xalqın birliyinin, Azərbaycan əsgərinin mübarizliyinin və Azərbaycan prezidentinin qətiyyətinin nəticəsidir.

Prorektor Anım Gününün təsis olunmasının əhəmiyyətini vurğulayaraq qeyd edib ki, gənclər həm şəhidlərimizin xatirəsini əziz tutmalı və qorumalı, həm də Azərbaycanın daha da güclənməsinə töhfə vermək üçün çalışmalıdırlar.